7 dəstə ən yaxşı insan və 2 dəstə ən pis insan
Quran əməl və sifətlərinə görə insanları iki qütb dəstəyə bölmüşdür: ən yaxşı insanlar və ən pis insanlar.
Ən yaxşı insanlar kimlərdir? 1. Təqva əhli. Allah Təala Qurani-Kərimin bir çox ayələrində insanları təqvaya dəvət etmiş və təqvalı insanları mədh etmişdir. “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır”. (“Hucurat” 13). 2. Mücadilə əhli. Allah yolunda mücadilə edən insanlar – Allahın ən sevimli insanlarıdır. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan, cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər)”. (“Tövbə” 111). 3. Təvazökarlar və İlahi xof əhli. O kəslər ki, Allah qarşısında təvazökarlıq edər və mütilik göstərərlər, Quranın nəzərinə görə onlar ən yaxşı insanlardır. “Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver. O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Həcc” 34-35). 4. Allahı daima yada salanlar. Allahın Quranda müsəlmanlara verdiyi tövsiyələrdən biri də Onu hər an yada salmaqdır.“Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr etməyin və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152). 5. İnfaq əhli. O kəslər ki, öz mallarından Allah yolunda xərcləyərlər, onlar Allaha daha yaxın insanlardırlar. “Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların)Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 262) 6. İffət əhli. Allah Təala Quranda həqiqi möminlərin sifətlərdən birinin də iffət olduğunu vurğulamışdır. “Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun(səmavi) kitablarını (və Lövhi-Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi”. (“Təhrim” 12). 7. Gecə ibadəti. Allahın nəzərində ən yaxşı insanların bariz sifəti – gecə ibadəti olmalıdır. “Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Qur’an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın”. (“İsra” 79). Çoxlu dəstə yaxşı insanlar ki, müxtəlif müsbət səciyyə daşıyırlar – bu 7 kateqoriyadan törəmə xüsusiyyətləri daşıyanlardır. Quranın nəzərində ən pis insanlar kimlərdir? 1. Kafirlər. Quranın nəzərinə görə ən pis insanlar o kəslərdir ki, küfr və şirkə üz tutublar. Allahı unudub, yollarını azıblar. Ona görə də kafirlər insanların ən pisi kimi tanıdılmışdır. “Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır”. (“Ənfal” 22). “Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi – kafir olub, daha iman gətirməyən kəslərdir”. (“Ənfal” 55). Bu insanlar ona görə ən pis insanlardır ki, Allah onların üzlərinə bütün rəhmət qapılarını açmasına baxmayaraq, təkəbbür və yersiz təssübkeşlik göstərib, Onunla müxalifət edirlər. 2. Müşriklər. “Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri – cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar – yaradılmışların ən pisidir”. (“Bəyyinə” 6). Və müxtəlif mənfi səciyyələr daşıyan digər pis əməl yiyələri – bu 2 sifətdən doğan duruma malik olanlardır. Yəni, mahiyyət etibarilə, bütün mənfiliklər məhz Allaha imansızlıqdan və Ona şərik qoşmaqdan mənbələnir. Beləliklə deyə bilərik ki, Allahın ən pis saydığı insanlar – kafirlər və müşriklərdir. Allahın ən yaxşı saydığı insanlar isə yuxarıda saydığımız yeddi sifətə malik olan insanlardır. /Deyerler.org/ Oxşar xəbərlər
|