İnsanların gücünü nəzərə alın – 2 qonşunun əhvalatı
İki qonşu vardı ki, onlardan biri müsəlman və o birisi isə xristian idi. Müsəlman çox abid və təqvalı insan idi və dini o qədər tərifləyirdi ki, xristian İslam dininə meyil edir və onu qəbul edir.
Gecə gəlib çatır və səhərə yaxın təzə müsəlman olan xristianın evinin qapısı döyülür və o, qapıya yaxınlaşıb soruşur ki, kimdir? Qonşusu müsəlman cavab verir ki, mənəm. Tez dəstəmaz al və mənim birlikdə məscidə gedək. Ömründə birinci dəfə dəstəmaz alan həmin şəxs, qonşusu ilə birlikdə məscidə gedir. Hava hələ qaranlıq idi və gecə namazının nafilə zamanı idi. Onlar gecə namazı qılırlar və sübh azanı səslənir. Camaatla birlikdə namaz qılırlar. Təzə müsəlman olan şəxs ayağa qalxır ki, evinə getsin, qonşusu onu saxlayır və deyir ki, bir qədər gözlə, namazın təqibatlarını edək. Təqibatları bitirəndən sonra isə ona Quranı verib deyir ki, sübh açılana qədər Quran oxuyaq ki, çoxlu savabı vardır. Nəhayət hava açılır və təzə müsəlman olan şəxs yenə ayağa qalxır ki, evinə getsin, qonşusu onu saxlayır və deyir ki, gəl bu gün oruc tutaq, çünki çox böyük savabı vardır. Yavaş-yavaş onu söhbətləri ilə məşğul edərək, zöhr namazına qədər saxlayır və deyir ki, gəl zöhr namazını da məsciddə qılaq. Zöhr namazını qılırlar və təzə müsəlman olana deyir ki, bir qədər də səbir et, əsr namazının fəzilətli vaxtı gəlib çatacaqdır. Əsr namazını qılandan sonra deyir: “Artıq günün qurtarmasına az qalmışdır, gəl məğrib namazını da burada qılaq”. Onlar məğrib namazını da qılırlar. Təzə müsəlman olan şəxs ayağa qalxır ki, evinə gedib, iftarını açsın, qonşusu ona deyir: “Bir dənə vacib namaz qılmışdır və o da işa namazıdır. Gəl işa namazını da qılaq”. Elə ki, işa namazını qılırlar, təzə müsəlman olan şəxs evinə gedir. İkinci günün gecəsində onun qapısı yenə döyülür və qapıya yaxınlaşıb, kim olduğunu soruşur. Qonşusu deyir ki, mənəm. Dəstəmaz al ki, bir yerdə məscidə gedək. Həmin şəxs deyir: “Mən dünən məsciddən qayıdandan sonra dinimə geri qayıtdım, ona görə də get, işləməyən başqa birisini tap. Mən yoxsul insanam və gərək ruzi dalınca gedim”. İmam Sadiq (ə) bu əhvalatı nəql etdikdən sonra buyurur: “Bu tərtiblə o abid insan, İslam dininə gətirdiyi həmin şəxsi, elə özü də İslamdan uzaqlaşdırır. Bu səbəbdən siz də həmişə bu həqiqətə diqqət edin ki, insanları çox sıxmayın. İnsanların gücünü və taqətini nəzərə alın”. /Deyerler.org/ Oxşar xəbərlər
|