İnsan hər gün namazda Allahdan bu məqamı istəyir
Sədaqət o sifətlərdəndir ki, insanı ali məqam olan siddiqin məqamına çatdıra bilər. İmam Baqir (ə) buyurur: “İnsan sadiqliq və doğruçuluğuna görə elə bir mərtəbəyə çatar ki, Allah onu siddiq adlandırar”.
Siddiqin məqamı – həmin Siratül-müstəqimdir. Müsəlmanlar hər gün namazlarında Allahdan həmin məqama çatmağı istəyirlər. Allah Təala bu insanlar haqqında Quranda buyurur: “Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə)Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69). İmam Baqir (ə) buyurur ki, hər kim siddiqin məqamında olan insanı görmək istəyirsə, İmam Əliyə (ə) baxsın. Həzrət Əli (ə) başdan-ayağa siddiqin məqamının bariz nümunəsi idi. Çünki Həzrət (ə) heç bir zaman yalan danışmamışdır, onun əməli danışığına uyğun olmuş və niyyəti sadiq olmuşdur. Ona görə də deyə bilərik ki, siddiqin məqamının pillələrini qalxmaq istəyən insan gərək danışığında, əməlində və niyyətində sadiq olsun. Bununla yanaşı, təqvaya malik olsun. Çünki Allah bu ayədə buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-Beytidir (ə))”. (“Tövbə” 119). Yəni, siddiqin məqamı ancaq sədaqətlə kifayətlənmir, onun yanında təqvanın da olması şərtdir. İmam Əli (ə) buyurur: “O kəsin ki, gizlisi və aşkarı, əməli və danışığı iki cür olmazsa – o, İlahi əmanəti əda etmiş və Allah ibadətini xaliscəsinə yerinə yetirmiş deməkdir”. Bəli, bu cür insan siddiqin məqamına ucala bilər. Allah bizlərə də o məqama çatmaq tövfiqini əta etsin! Amin! /Deyerler.org/ Oxşar xəbərlər
|