Gərək haqqı tanıyasan ki, əhlini də tanıya biləsən
Mьəllif: admin1
Tarix: 7-01-2022, 11:16
Gərək haqqı tanıyasan ki, əhlini də tanıya biləsən
O zaman ki, bəsirət nuru sönər, dünya zinətləri insanı aldadar. O, yolunu xata gedər.

İnsanların yolunu azması o qədər şiddətlənər ki, Allah Rəsulunun (s) əziz qızı risalət yolunda canından keçir, amma onlar oyanmır.

Və bəsirət o qədər sönük olur ki, hətta Xanımın (s.ə) şəhadəti insanları nəinki qəflətdən oyatdı, əksinə - çoxlarını daha şiddətlə zülmətə saldı.

O yerə qədər ki, Həzrət Əli (ə) xilafətdən uzaqlaşdırılır və evində əyləşir.

İmam Əlinin (ə) dünyanı məzəmmət edən sözləri gərək insanın qulağında sırğa olsun.

Belə ki, İmam (ə) buyurur: “Hər kim ona bəsirət gözü ilə baxar, ona agahlıq verər. Hər kim gözünü dünyaya dikərsə, qəlbini kor edər”.

Ona görə də hər kim dünyanı vasitə qərar verərsə, bəsirət əldə edər. Əgər ona hədəf və səmərə kimi baxarsa, qəlbi kor olar və yolunu azar.

Bəsirət o qədər hidayətçidir ki, əgər olsa, risalət yolunu və vilayət yolunu tanıyar və çaşmaz.

Əgər insanda bəsirət nuru olmazsa, o, hətta Şimr (lən) kimi nə vaxtsa İmam Əlinin (ə) ordusunda vuruşan olsa da belə, dünya zinəti onu kor edər və o, hətta Peyğəmbərin (s) övladına əl qaldıramağa da cürət əldə edər.

Əgər insanda bəsirət olmazsa, o, İmam Hüseyni (ə) Kərbəlada şəhid edər, İmam Əlinin qızı (ə) Xanım Zeynəbi (s.ə) əsir edər.

Əgər insanda bəsirət olmazsa, Aşuradan dərs ala bilməz. O, düşmənin yalançı vədlərinə aldanar və zəlil olar.

Əgər insanda bəsirət olmazsa, o, İmam Hüseyn (ə) əzasına, xüsusilə Aşura gününün zöhrünə etinasızlıq edər. Kərbəla məktəbini yaşatmaz.

Əgər insanda bəsirət olmazsa, düşmənin qəsb etdiyini haqqı almağa tələsməz.

Bəli, bəsirət elə bir hidayət çırağıdır ki, o zaman ki, fitnə zülməti hər yeri əhatə edər, haqla batil bir-birinə qarışar – insan bunlardan çaşmaz, doğru yolu tapar, haqqı batildən ayırd edə bilər.

İmam Əlinin (ə) bu haqda buyurduğu kəlam necə də gözəldir. Həzrət (ə) buyurur: “Haqq və batil insanların məqam və qədrinin ölçüsü ilə tanınmaz. Gərək haqqı tanıyasan ki, əhlini də tanıya biləsən”.

Bəsirət elə dürdür ki, hər kəsin varlığı onu qəbul etməyə layiq olmaz. Gərək Həzrət Abbas kimi olasan ki, bəsirət ələmi ilə düşmənə müqavimət göstərəsən.

Gərək Əmmar kimi olasan ki, haqqın ətrafında fırlanasan və avam insanları hidayət edəsən.

Gərək Salman, Miqdad, Əbuzər kimi olasan ki, bəsirət qalasının ən yüksək dərəcəsində uça biləsən.

Əgər bəsirətin olsa, bil ki, ölsən də, yaşasan da – qalibsən. Çünki haqq yolundasan.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031