Yəqinin 3 nişanəsi. Şəkkin 4 hissəsi. Yəqinə çatanın 6 əlaməti
İmam Sadiq (ə) buyurur: “Xoşluq və rahatlıq – razılıq və yəqindədir. Qəm və qüssə isə şəkk və narazılıqda”.
Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Heç bir zaman qəlb, haqqın batil olmasına və batilin haqq olmasına yəqin etməz”. İmam Sadiq (ə) buyurur: “Həris iki sifətdən məhrum olar və nəticədə iki şey onunla olar: qənaətdən məhrum olar – nəticədə rahatlığını əldən verər. Razı olmaqdan məhrum olar – nəticədə yəqini əldən verər”. İmam Əli (ə) buyurur: “Möminin əməlində yəqin görünər. Münafiqin əməlində isə şəkk”. Həzrət Əmirəlmöminin (ə) başqa yerdə buyurur: “Üç şey yəqinin nişanələrindəndir: - arzunun qısa olması, - əməldə ixlas, - dünyaya qarşı rəğbətsizlik”. İmam Əli (ə) buyurur: “Şəkkin dörd hissəsi vardır: - danışıqda mübahisə etmək, - qorxmaq, - ikiürəkli olmaq, - ruzigarın hadisələrinə təslim olmaq. O kəs ki, mühabisə və dava etməyi adəti qərar verər – şübhənin zülmətindən çıxa bilməz. O kəs ki, hər şeydən qorxar – davamlı olaraq geri çəkilməkdə olar. O kəs ki, ikiürəkli olar – şeytanın ayağı altında əzilər. O kəs ki, hadisələrə təslim olar – dünya və axirətinin məhv olmasına boyun əyər, hər iki dünyanı əldən vermiş olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Yəqinə çatan insanın 6 nişanəsi olar: 1. Allahın haqq olmasına yəqinlik əldə edər – çünki Ona iman gətirmişdir. 2. Yəqini olar ki, ölüm haqdır – ona görə də ona qarşı diqqətli olar. 3. Yəqini olar ki, Qiyamət haqdır – ona görə də rüsvaylıqdan qorxar. 4. Yəqini olar ki, behişt haqdır – ona görə də ona müştaq olar. 5. Yəqini olar ki, cəhənnəm haqdır – ona görə də ondan xilas olmaq üçün çalışar. 6. Yəqini olar ki, hesab haqdır – ona görə də özü-özündən hesab çəkər”. İmam Sadiq (ə) buyurur: “Allah yanında yəqin sayəsində olan az və davamlı əməl, yəqini olmayan çoxlu əməldən daha üstündür”. İmam Rza (ə) buyurur: “İman – İslamdan bir dərəcə yüksəkdir. Təqva – imandan bir dərəcə yüksəkdir. Adəm övladına yəqinlikdən üstün heç bir şey verilməmişdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|