Allah bizə yaxındır. Bəs biz necə?
Mьəllif: admin1
Tarix: 12-02-2019, 11:45
Allah bizə yaxındır. Bəs biz necə?
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 186-cı ayəsində buyurur:

وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لِي وَلْيُؤْمِنُواْ بِي لَعَلَّهُمْ يَرْشُدُونَ

“Əgər Mənim bəndələrim səndən Mənim barəmdə soruşsalar, (de ki,) həqiqətən, Mən (hamıya) yaxınam, Məni çağıran zaman, Mən dua edənin duasını qəbul edirəm. Belə isə, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.”

Bəziləri Allahın Rəsulundan (s) soruşurdular: "Allahı necə çağıraq? Allah bizə yaxındır, yoxsa uzaq? Onu yavaş çağıraq, yoxsa ucadan?" Onların cavabında bu ayə nazil oldu.

Dua edən kəs Allahın məhəbbətini elə cəlb edir ki, bu ayədə Allah Öz lütfünün izharı üçün yeddi dəfə “Mən” təbirini işlədir: Əgər Mənim bəndələrim səndən Mənim haqqımda söruşsalar, onlara de ki, Mən onlara yaxınam. Əgər Məni çağırsalar, Mən onların duasını qəbul edərəm. Belə ki, Mənə iman gətirsinlər və Mənim dəvətimi qəbul etsinlər...

Bu məhəbbətli əlaqə o zaman yaranır ki, insan Allahla münacat etmək istəsin.

Dua etmək külli varlıqla yoldaş və həmrəngdir. Quran ayələrinə əsasən, bütün varlıq aləmi təsbih və qünutdadır.[1] Bütün mövcudlar öz ehtiyacını Onun dərgahına izhar edirlər.[2] Biz də Ondan istəyək ki, varlıq aləmində ixtilaf vasitəsi olmayaq.

Quranda dua haqqında bir sıra sifarişlər vardır. O cümlədən:

1. Dua və istək xalisanə olmalıdır.[3]

2. Dua qorxu və ümidlə müşayiət olunmalıdır.[4]

3. Dua eşq, rəğbət və qorxu ilə yanaşı gerçəkləşməlidir.[5]

4. İnsan zəlilliklə və gizli şəkildə dua etməlidir.[6]

5. Dua gizlincə oxunmalıdır.[7]

“Üsuli-kafi” kitabında duanın əhəmiyyəti, rolu və qaydaları, dua zamanı diqqət, israr və istəklərin zikri, cəm halda dua və duanın qəbuluna iman barədə yüzlərlə hədis nəql olunmuşdur.[8]

Sual: Nə üçün bəzən dualarımız qəbul olunmur?

Cavab: Dualarımızın qəbul olunmamasının səbəbi ya şirk, ya da cəhalətimizdir. “Əl-mizan” kitabında oxuyuruq ki, Allah bu ayədə buyurmuşdur: “Özüm qəbul edərəm o dua edənin duasını ki, yalnız Məni çağırsın və tam ixlasla Məndən istəsin.”

Demək, dua qəbul olmadısa, bunun səbəbi ya xeyirsiz şey istəməyimiz, ya xalisliklə istəməməyimizdir. Başqalarından kömək gözləməklə edilən dua da qəbul olunmur. Bəzən insan öz məsləhətinə olmayan şeylər istəyir. Rəvayətlərin buyurduğuna əsasən, bu halda həmin duanın əvəzinə bəlalar bizdən uzaqlaşdırılır. Bəzən də duanın nəticəsi gələcəyimizə və ya nəslimizə saxlanılır. Bəzən də duanın əvəzi axirətdə verilir.

“Üsuli-kafi”də oxuyuruq: Haram yeyənin, əmr be məruf və nəhy əz munkəri tərk edənin, etinasız şəkildə dua edənin duası qəbul olmaz.

Dua o demək deyil ki, iş-güc, fəaliyyət tərk olunsun, Allaha təvəkkül təlaşla yanaşı olmalıdır. Hədisdə oxuyuruq: İşsizin duası qəbul olmaz.

Sual: Əgər Allahın işləri qanuna, sabit amil və sünnələrə əsaslanırsa, duanın nə faydası var?

Cavab: Müsafirin namaz və orucu vətənində olan insanın namaz və orucundan fərqləndiyi kimi, dua edənin də halı Allahdan xəbərsiz insanın halından fərqlənir. Allahın lütfü birinciyə yox, ikinciyə aiddir. Bəli, dua və Allahla söhbət insanın tutumunu artırır. Necə ki, Allah övliyalarına təvəssül və onların ziyarəti insanın şəraitini dəyişir. Uşaq atası ilə olduqda, təklikdə olduğu vaxtdan daha çox məhəbbət görür. Beləcə, dua, ziyarət və təvəssül şəraiti dəyişir. Amma bu o demək deyil ki, dua Allahın qəti qanunlarını gücdən salır.

Bildirişlər

1. Dua hər yerdə və hər zaman faydalıdır. Çünki Allah buyurur: “Mən yaxınam.” (Müqəddəs yerlərdə dua ilə bağlı qeydlər duanın yalnız həmin yerdə qəbul olması yox, fəziləti bəyan edir.)

2. Allah bizə yaxındır. Bəs biz necə? Əgər bəzən Allahın qəzəbinə düçar oluruqsa, bunun səbəbi günahlara görə ondan uzaq düşməyimizdir.

3. Allah duaları xüsusi vaxtlarda yox, hər zaman qəbul edir. “Ucibu” davam nişanəsidir.

4. Allah hər şeyi bilsə də, bizim vəzifəmiz dua etməkdir.

5. Dua imanla yanaşı olduqda qəbul edilir.

6. Dua inkişaf və hidayət vasitəsidir.

(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 186-cı ayənin təfsiri.)


[1] Bax: “Bəqərə”, 116.

[2] Bax: “Ər-rəhman”, 29.

[3] Bax: “Ğafir”, 14.

[4] Bax: “Əraf”, 56.

[5] Bax: “Ənbiya”, 90.

[6] Bax: “Əraf”, 55.

[7] Bax: “Məryəm”, 3.

[8] “Kafi”, c.2, “Dua” bölümü.



(Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031