Antakiya rəsullarının möcüzəsi və padşahın reaksiyası
Antakiya – Şamın ən qədim şəhərlərindən biri olmuşdur. Deyilənə görə, Həzrət İsa (ə) peyğəmbərdən 300 il əvvəl inşa edilmişdir. Bu şəhər vaxtı ikən Romanın üç böyük şəhərlərindən biri olmuşdur.
Bu şəhər ikinci xəlifənin dövründə Əbu Ubeydə Cərrah tərəfindən fəth edilmişdir. İnsanlar xristian dinində olduqları üçün fidyə verməyi qəbul, edib öz dinlərində qalmışdılar. Həzrət Məsihin (ə) zamanında onun davamçılarından ikisi Antakiyaya hicrət etmişdilər. Orada xristian dinini onlar yaymışdılar. Ona görə də Quranda bu şəhərin adı xüsusi olaraq çəkilmişdir. Onlar Antakiya əhlinə salam verdilər və qoca bir kişi onlardan soruşdu: “Sizlər kimlərsiniz?”. Onlar cavab verdilər: “Biz İsanın (ə) rəsullarıyıq. Gəlmişik ki, sizləri bütlərə deyil, tək olan Allaha ibadət etməyə dəvət edək”. Qoca soruşdu: “Möcüzə və nişanələriniz vardırmı?”. Onlar dedilər: “Bəli. Xəstələrə şəfa veririk. Allahın izni ilə anadangəlmə korlara şəfa veririk”. Qoca dedi: “Mənim bir övladım vardır ki, illərdir yatağa bağlanmışdır”. Dedilər: “Bizi onun yanına apar”. Qoca onları evinə apardı və onlar həmin uşağın başına əllərini çəkdilər. O, Allahın izni ilə sağlam halda ayağa qalxdı. Bu xəbər sürətlə şəhərə yayıldı. Onların əli ilə çox sayda xəstə şəfa tapdı. Onların bütpərəst padşahları var idi və xəbər ona da gedib çatdı. Padşah onları yanına çağırdı və soruşdu: “Bizim ilahlardan başqa tanrı vardırmı?”. Onlar dedilər: “Bəli, o Kəsdir ki, səni xəlq etmişdir”. Padşah dedi: “Ayağa qalxın, mən gərək sizin barənizdə düşünəm”. Bu, onlara qarşı bir hədə idi. Sonra yerli camaat onları bazarda tutub döydü. O zaman ki, insanlar onları inkar etdilər, Həzrət İsa (ə) həvarilərindən olan Şəmunu onların ardınca göndərdi. Şəmun şəhərə daxil oldu. Şahın ətrafında olanları özünə cəzb etdi və onlar bu xəbəri şaha verdilər. Şah onu dəvət etdi. Şəmun dedi: “Ey padşah! Mən eşitmişəm ki, iki nəfər sənin zindanındadır. O zaman ki, səni başqa dinə dəvət etdilər, sən onları döymüsən. Heç onların sözlərinə qulaq verdinmi?”. Şah dedi: “Qəzəbim buna mane oldu”. Şəmun dedi: “Əgər şah məsləhət bilirsə, onları çağıraq, görək nə deyirlər?”. Şah onları çağırır və Şəmun onlardan soruşur ki, sizi bura kim göndərmişdir? Dedilər: “O Allah ki, təkdir və tayı-bərabəri yoxdur”. Soruşdu: “Möcüzəniz nədir?”. Dedilər: “Sən nə istəsən”. Şah əmr verdi ki, kor nökəri gətirsinlər və onlar Allahın izni ilə bu nökərə şəfa verirlər. Şah heyrətə gəldi və bu zaman Şəmun dedi: “Əgər belə bir işi öz ibadət edən tanrından istəsəydin, onu yerinə yetirməyə qadir olardımı?”. Şah dedi: “Səndən nə gizlədim ki, bizim pərəstiş etdiyimiz tanrıların bizə nə ziyanı vardır, nə də faydası”. Sonra şah o iki nəfərə dedi: “Əgər sizin Allahınız ölünü dirildə bilsə, biz hamımız sizin Allahınıza iman gətirəcəyik”. Dedilər: “Bizim Allahımız hər şeyə qadirdir”. Şah dedi: “Burada bir nəfər ölmüşdür ki, ölümündən yeddi gün keçir. Onu hələ dəfn etməmişik. Atasının səfərdən qayıtmasını gözləyirik”. Ölünü gətirdilər və o ikisi aşkar şəkildə dua oxumağa başladılar. Ölü dirilir və deyir: “Mən yeddi gündür ki, ölmüşəm və atəşi öz gözümlə görmüşəm. Mən sizə xəbərdarlıq edirəm ki, yeganə olan Allaha iman gətirəsiniz”. Padşah heyrətə gəldi və bu hadisədən sonra şəhər əhli Həzrət İsanın (ə) dinini qəbul etdi. /Deyerler.org/ Oxşar xəbərlər
|