Rüşvət və ondan doğan fəsadlar
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 188-ci ayəsində buyurur:
وَلاَ تَأْكُلُواْ أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُواْ بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُواْ فَرِيقًا مِّنْ أَمْوَالِ النَّاسِ بِالإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ “Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün onu (rüşvət kimi) qazılara (hakimlərə) boşlamayın. Bir halda ki, özünüz (əməlininzin haram və günah olmasını) bilirsiniz.” Ayədə qeyd olunan “tudlu” ifadəsi qabı quyuya buraxmaq, boşlamaq mənasını verir. Bu ayədə qazıya rüşvət verilməsi də ona oxşadılmışdır. “Əmvalun-nas” (xalqın malı) dedikdə isə, həm ümumi, həm də xüsusi mal nəzərdə tutulur. Rüşvət xalqın qeyri-mali haqqının alınması üçün veriləndə də qadağandır. Rüşvət bir çox ictimai fəsadlara malik böyük günahlardandır. Ədalətsizlik, zəif təbəqənin ümidsizliyi, zorlularının cürətlənməsi, hakim və qazıların fəsadı, qarşılıqlı etimadın puça çıxması rüşvətdən doğan fəsadlardandır. Bu mənfi təsirlər nəzərə alınmaqla rəvayətlərdə rüşvət ciddi şəkildə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) xitabən buyurmuşdur: “Ey Əli, ölmüş heyvanı satmaqdan əldə olunan qazanc, it, şərab, zina, rüşvət eynidir və haramdır.” (“Biharul-ənvar”, c.77, səh.54.) Eləcə də, İmam Əli (ə) “Maidə” surəsinin 42-ci ayəsi ilə bağlı buyurmuşdur: “Rüşvətxor o kəslərdir ki, xalqın çətinliyini həll edib, bunun müqabilində hədiyyə alırlar.” (“Biharul-ənvar”, c.104, səh.273.) İmam Sadiq (ə) rüşvəti Allaha qarşı küfr həddində tanıtdırır. Həzrət Peyğəmbər (s) rüşvəti verənə, onu alana və vasitəçilik edənə lənət edərək buyurmuşdur: “Rüşvət sahibinə behişt qoxusu çatmaz.” Digər bir hədisdə oxuyuruq: “Xalqın çətinliklərinə münasibətdə biganə olan hakimdən Allah Öz lütfünü pərdələyər. Xalqın işini görmək üçün hədiyyə qəbul etsə zəncirlənər, əgər rüşvət alsa müşrik olar.” (“Vəsailuş-şiə”, c.12, səh.63.) İmam Əli (ə) rüşvət alan şəxsi vilayət haqqından məhrum sayır. (“Nəhcül-bəlağə” xütbə 131.) O həzrət digər bir yerdə buyurmuşdur: “Bütün rüşvət alanlar qorxuya, iztiraba və nigarançılığa düçar oldular.” (“Nəhcül-fəsahə”, hikmət 2693.) Bəziləri öz işlərinə don geyindirmək üçün rüşvətə min bir ad qoyurlar. Kimi onu hədiyyə, kimi də zəhmət haqqı kimi qəbul edir. Əşəs ibn Qeys adlı bir şəxs hədiyyə adı ilə İmam Əliyə (ə) halva gətirmişdi. O, ümid edirdi ki, bu yolla məhkəmədə İmam (ə) onun xeyrinə qərar çıxaracaqdır. İmam buyurdu: “And olsun Allaha! Əgər yeddi iqlimi mənə bağışlasan ki, arpa qabığını haqsız yerə qarışqanın ağzından alım, bu iş olmayacaq.” (“Nəhcül-bəlağə” xütbə 224.) Bir şəxs İslam Peyğəmbərinə (s) dedi: “Mən müəyyən işlərin məsuliyyətini daşıyıram. Xalq isə mənim üçün hədiyyələr gətirir. Bu məsələyə münasibətiniz necədir?!” Həzrət onun cavabında buyurdu: “Necə olur ki, bizim işçilərə hədiyyə gətirilir?! Əgər onlar evdə otursaydılar, onlara hədiyyə verilərdimi?!” (“Nəhcül-fəsahə” hikmət 539.) Bildirişlər 1. Mülkiyyət doğru yolla əldə olunmalıdır. Məsələn, qazanc, ticarət, əkinçilik, sənət, irs, hədiyyə kimi. Amma batil yolla, rüşvət vasitəsi ilə mülkiyyət yaranmır. 2. Cəmiyyət vahid bir bədən kimidir. 3. Rüşvət haramdır və insan başqalarının malına sahib durmaq üçün rüşvət verə bilməz. 4. İslam xalqı öz mallarının sahibi bilir. 5. Bilərəkdən azğınlıq təhlükəlidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 188-ci ayənin təfsiri.) Maide.az Oxşar xəbərlər
|