Həsəd aparanın heç bir zaman rahatlığı olmaz - ARAŞDIRMA
“Başqalarının həyatı mənimkindən qat-qat yaxşıdır”.
“Hamının ailəsi gözəldir, uşaqları yaxşıdır, ancaq mənim belə ailəm yoxdur”. “Niyə hamı məndən daha xoşbəxtdir? Mən də onlar kimi bir həyat istəyirəm”. Bu cümlələrdən göründüyü kimi, söhbət həsəd aparan insandan gedir. Həsəd hissi bir çox insanların fitrətində mövcuddur. Lakin az və çox miqdarda. İnsan o zaman ki, başqalarının əlində olanı həddən artıq çox istəyirsə, əslində zəif iradəyə və ruha malik bir insana çevrilər. Həsəd hissi uşaqlıq dövründən bir həyəcan kimi meydana gələr. Uşaq böyüyərək cavan olur və bu hiss, ola bilsin ki, güclənsin və artsın. Uşağın həsəd aparan olması adətən olur. Çünki o, bu rəftarı özündən asılı olmayaraq edər. Ancaq böyüyən və ağlı kamil olandan sonra bu cür rəftarlar agahcasına olar. Ona görə İslam dini tövsiyə edir ki, hər bir həddi-büluğa çatan insan bu rəzil sifəti aradan qaldırmalı, onu davam etdirməməlidir. O ailədə ki, uşaq davamlı olaraq başqaları ilə müqayisə olunar, həsəd hissi meydana gələr. Bu həsədin köklərindən biri də qorxudur. İnsan qorxur ki, başqalarının malik olduqları onu təhlükəyə salsın. Ya da həyatda onun yerini tutsun. Ona görə də bu cür insan özünü daima rəqabət meydanında hiss edər. Bu hiss rahatlığı ondan alar. Həsədə səbəb olan amillərdən biri də mübaliğədir. Başqalarının əlində olanları şişirtməkdir. Onların müvəffəqiyyətlərini böyük görməkdir. Çətinliklərini isə görməməkdir. İnsanın bütün həyatına baxmamaq, onun ancaq cüzi bir səhnəsinə yönəlməkdir. Halbuki, onun bu insan haqqında məlumatı çox azdır. Zahirdə gördükləri ilə kifayətlənir. Əslində həsəd aparan insanın nə özü və nə də başqaları haqqında düzgün təsəvvürü yoxdur. Bəs nə edək ki, bu hissdən xilas olaq? Bunun üçün həsəd hissini düzgün tanımaq lazımdır. Baxaq görək ki, bu hiss bizdə haradan yaranmışdır və niyə yaranmışdır? Nə zaman bizdə büruzə verir? Ondan sonra bu rəftarı kontrol etməyə çalışaq. 1. Həsəd aparmağımızın başlıca səbəbi - özümüzü və əlimizdə olanları tanımamaqdan irəli gəlir. Əgər insan öz mənliyini və şəxsiyyətini tanısa, başa düşər ki, heç kəs onun kimi deyildir. Başqaları kimi olmağa ehtiyacı belə yoxdur. 2. İlahi hikmətə diqqət etmək. İnsan əgər Allahın hikmətinə diqqət etsə, həsəd hissini müalicə edə bilər. Əgər İlahi nemətləri şirin suyu olan dənizə bənzətsək, heç kəs sirab olmaq üçün başqasına üz çevirməz. 3. Həsədin ziyanlarına diqqət etmək. Həsəd təhlükəli bir xəstəlik kimi həm bədənə və həm də ruha təsir edər. Həsəd insana qəm və qüssə gətirər. 4. Malik olduqlarına dəyər vermək. O zaman ki, həyatda daha yaxşı şəraiti olan insanlarla rastlaşırıq, çalışaq o kəslər haqqında düşünək ki, imkanı ondan daha aşağıdır. Bu zaman başa düşərik ki, əgər bir çox arzularımıza çatmasaq da, yenə də bir çox insandan daha xoşbəxtik. 5. Qəbul edək ki, mütləq kamal yoxdur. Bu həyat fanidir və burada mütləq kamal yoxdur. Əgər başqalarının sərvəti varsa, sizin də elə üstünlükləriniz vardır ki, onda yoxdur. 6. Başqalarının həyatına qarşı realist olun. Həsəd aparan insan elə bilir ki, başqaları xoşbəxtliyə çox rahat yolla nail olublar. Halbuki, bu insanlar bir şey əldə etmək üçün çox sayda şeyləri əldən veriblər. Bu insan bu həyatın qiymətini ödəyib bu mövqeyə çatmışdır. Həsəd hissi çox asan meydana gəlməyinə baxmayaraq, çox çətin də insanı tərk edər. Bunun üçün təmrinə ehtiyac vardır. Fikirlərimizi islah və tərbiyə edək ki, bu təhlükəli xəstəlikdən nicat tapaq. Oxşar xəbərlər
|