Qibləmiz Kəbə
Mьəllif: admin1
Tarix: 28-02-2019, 19:59
Qibləmiz Kəbə
Namaz zamanı müqəddəs Kəbəyə üz tutulur. Yalvarış üçün üz tutduğumuz tərəf qiblə adlanır. Baxmayaraq ki, hansı tərəfə üz tutsaq, Allaha doğrudur. Lakin Kəbə kimi müqəddəs bir məkana diqqət yetirmək İbrahimin (ə) tövhidi xəttini yada salır və tövhid ilhamı verir.

Namazın Kəbəyə doğru qılınması əmr olunubsa, bu göstərişə əməl etmək lazımdır. Əgər belə etməsək ibadətlərimiz təslimçilik və bəndəçilik ruhiyyəsindən uzaq olar.

İslamın ilk dövrlərində Beytül-Müqəddəs illərlə müsəlmanların qibləsi oldu. Allahın Rəsulu (s) bütxana şəkli almış Kəbəni ibadət qibləsi etmək istəmirdi. Lakin hicrətdən sonra yaranmış şərait nəticəsində müsəlmanların qibləsi Məscidul-Hərama döndərildi. Bu işin səbəblərindən biri yəhudilərin müsəlmanları təhqir etmələri idi. Onlar deyirdilər: “Sizin qibləniz yoxdur və bizim qibləmizə üz tutub namaz qılırsınız.”

Peyğəmbər (s) bu vəziyyətdən pərişan idi. O, Allah tərəfindən kömək gözləyirdi. Beləliklə, ayə nazil oldu və göstəriş verildi ki, hər yerdə olsanız, Məscidul-Hərama üz tutub namaz qılın. (Qiblənin dəyişməsi “Bəqərə” surəsinin 142-149-cu ayələrində geniş şəkildə bəyan olunmuşdur.)

Qiblənin dəyişmə ayələri tarix boyu müsəlmanlara müstəqil olmaq, hətta ibadətlə bağlı məsələlərdə də minnət götürməyib şərəfli yaşamaq dərsini verir.

Qiblənin dəyişmə göstərişi eyni zamanda müsəlmanlar üçün bir imtahan idi. Bununla da məlum oldu ki, kimlər Allahın göstərişlərinə kamil itaət göstərir, kimlər bəhanə tapıb etiraz edirlər.

Başqa bir dəlil bu idi ki, yəhudilər müsəlmanlara “sizin qibləniz yoxdur və bizim qibləyə doğru namaz qılırsınız” deməsinlər. Bu məsələ müsəlmanların şəxsiyyətinə müstəqillik bəxş etdi.

Müsəlmanlar Kəbəyə doğru ibadət etməlidir. Hətta yatarkən, yeyərkən üzüqibləyə olmaq müstəhəbdir. Heyvanlar üzüqibləyə kəsilməlidir. Yoxsa, onların əti haram olar. Bütün işlərdə tövhid Kəbəsinə üz tutmaq müsəlmanlara ilahi düşüncə və iman dərsi verir. Bununla da müsəlmanlar qəflətdən ayılır və daim Allahın evinə diqqət yetirir.

Bundan əlavə, Kəbəyə üz tutmaq gözəl, maraqlı vəhdət və nizam yaradır. Dünyanın hər yerində müsəlmanlar namaz vaxtı həmin ilahi mərkəzə üz tuturlar. Əgər kimsə səmadan yerdə namaz qılan şəxslərin cərgələrinə tamaşa etsə, mərkəzi Kəbə olan dairələr görər. Tövhid müsəlmanların sıralarının, ruhlarının, qəlb və fikirlərinin təmərküz nöqtəsidir.

Qibləyə üz tutmaq yolu ilə müsəlmanların arasında astranomiya, coğrafiya və cəhətşünaslıq elmi inkişaf etdi.

Bəli, Kəbə İbrahimin (ə), İsmail (ə) və Muhəmmədin (s) tövhid mübarizələrinin yadigarıdır. Həzrət Mehdi (ə) də öz qiyamında Kəbəyə istinad edəcək... (“Namazın sirləri” kitabından, Ustad Möhsün Qəraəti, səh.69-71.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031