Azan və azançı Bilal Həbəşi
Azan və iqamə namazdan öncəki işlərdən ayrılıb namaz zamanı diqqətin Allaha yönəlməsi üçün zəmin yaradır.
Azan sükutu dağıdan, münasib və qısa məna dolu və qurucu bir şüardır. Azanda mühüm etiqadi əsaslar mövcuddur. Azan müsəlmanların əməldə yönlənməsidir. Azan İslamın mövcudluğunun elanı, əməl və əqidələrin tanıtdırılması və xəyali məbudlar əleyhinə çağırışıdır. Azan təbliğat üçün açıq fəzaya bir işarədir və müsəlmanların mövqelərinin aydın şəkildə elanıdır. Bu tövhidi şüar körpənin qulağına oxunan ilk cümlələrdir. Azan ilk ilahi dərsləri körpəyə təlqin edir. Yaşlılar üçün də qəflətdən ayılma səbəbidir. Azan səma əhlinə çatan yeganə səsdir.[1] Azan şeytanları qaçıran və həyəcanlandıran səsdir. Evlərdə, xüsusi ilə xəstələnərkən çalışıb gözəl səslə azan vermək tövsiyə olunur. Allahın Rəsulu (s) buyurur: “Elə bir zaman gələcək ki, azan yüngül sayılaraq bacarıqsız şəxslərə tapşırılacaq.”[2] Hədisdə deyilir: “Qiyamət günü insanların bir çoxu xəcalətdən başıaşağı ikən, azan deyənlər alnıaçıq, üzüağ məhşur olar.”[3] Onların başıucalığı böyük məqam nişanəsidir. Azan deyən şəxs onun azanına xatir namaza gələn şəxslərin mükafatına şərikdir. Peyğəmbərin (s) azançısı – Bilal Həbəşi Həbəşistanlı Bilal qaradərili müsəlman idi. Allahın Rəsulu (s) onu azançı seçdi. Azan vəhy yolu ilə nazil olarkən Peyğəmbər (s) onu Bilala öyrətdi. Onun uca səsi vardı.[4] Həzrətin (s) Bilalı azançı seçməsində bizim üçün dərslər var: 1. Qulların şəxsiyyətinə hörmət; Bilal öhdəsinə natiqlik və İslam çağırışı düşmüş bir qul idi. 2. Qaradərilinin şəxsiyyətini qorumaq; dərinin rənginin meyar olmaması. 3. Bir vaxtlar Bilala ağalıq edib öyünərək onu istehza edən şəxslərin təhqiri;[5] 4. İman, təqva və ləyaqət zahiri çatışmazlıqları aradan götürür. Bilal “ş” əvəzinə “s” tələffüz edirdi. Lakin İslam onun batini gözəlliyinə və mənəvi kamilliyinə daha çox qiymət verdi. Bilal İslamda azan deyən ilk şəxsdir.[6] O, besətin əvvəllərində Peyğəmbərə (s) iman gətirdi və iman yolunda Hicazın qızmar səhralarında şiddətli işgəncələrə dözdü. O, daim “əhəd, əhəd” deyirdi. Məkkə fəth olan gün günorta çağı Peyğəmbərin (s) göstərişi ilə Kəbənin üzərinə qalxıb azan dedi və bütləri aşırdı.[7] Bilal Bədr, Ühüd, Xəndək döyüşlərində iştirak etdi. Peyğəmbərdən (s) sonra özgələr üçün azan demədi. Yalnız bircə dəfə atasının dövründən ötrü darıxan Həzrət Zəhra (ə) üçün azan dedi. Həmin vaxt azanın yarısında Həzrət Zəhra (ə) və camaat ağladı.[8] Bilalın bu rəftarı hətta azanın da haqq yolunda və ləyaqətli rəhbərin zamanında deyilməsinə üstünlük verir. Bir gün Ömər, Bilala dedi: “Əbu Bəkr səni alıb qulluqdan azad etdi. Niyə onun namazı üçün azan demirsən?” Dedi: “Əgər Allahın razılığı üçün məni azad edibsə, heç bir tələbim yoxdur. Lakin başqa məqsədi varsa, mən yenidən onun qulu olmağa hazıram. Təki heç zaman Peyğəmbər (s) tərəfindən xilafəti elan olunmamış şəxs üçün azan deməyim.”[9] Bilal qəbul etmədiyi hakimiyyətin güclənməsi üçün hətta azan deməyə razı olmadı. Bilal Həbəşi iman sayəsində elə bir məqama çatır ki, Peyğəmbər (s) qiyamının çağırışçısı və beytul-malın xəzinədarı olur.[10] Elə buradaca mərhum Şəhid Nəvvab Səfəvini yad edək. O, yaxınlarına deyirdi: “Günorta və axşam harada olsanız uca səslə azan deyin.” Zülm quruluşunun qəlbini dəhşətə salan həmin azanlar idi. Bu sözlər “azan səsi ilə şeytan hirslənib qaçır” hədisinin bir davamıdır.[11] İngilis siyasətçisi Qladiston parlamentdə dedi: “Nə qədər ki, Muhəmmədin adı minarələrdən ucalır, nə qədər ki, Kəbə yerindədir və Quran müsəlmanlara yol göstərir, İslam ölkələrində bizim siyasi prinsiplərimizin bərqərar olması mümkün deyil.[12] Səadətbəxş yönləri və geniş mənasına xatir namazın əvvəlində bu tövhid şüarının oxunmasına qəti göstəriş verilmişdir. (“Namazın sirləri” kitabından, Ustad Möhsün Qəraəti, səh.72-74.) [1] Bax: “Kənzul-ummal”, 7-ci cild, səh.692. [2] “Kənzul-ummal”, 7-ci cild, səh.690. [3] Bax: “Vəsailuş-şiə”, 4-cü cild, səh.615. [4] Bax: “Vəsailuş-şiə”, 4-cü cild, səh.612. [5] Bax: “Biharul-ənvar”, 21-ci cild, səh.133. [6] Bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi. [7] Bax: “Vəsailuş-şiə”, 4-cü cild, səh.614. [8] Bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi. [9] Bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi. [10] Bax: Dehxuda lüğətnaməsi, “Bilal” kəlməsi. [11] Bax: “Kənzul-ummal”, 7-ci cild, səh.692. [12] “Təfsiri-nümunə”, 4-cü cild, səh.438. (Maide.az) Oxşar xəbərlər
|