Ya Rəsulum, o məsciddə heç vaxt namaz qılma!...
Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 107-109-cu ayələrində buyurur:
وَالَّذِینَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِیقًا بَینَ الْمُؤْمِنِینَ وَإِرْصَادًا لِمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِنْ قَبْلُ وَلَیحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَى وَاللَّهُ یشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ “(Müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasında təfriqə salmaq və elə ilk gündən Allaha və Peyğəmbərinə qarşı müharibəyə qalxan kimsələr üçün pusqu yeri qurmaq məqsədilə məscid düzəldərək: “Bizim (bununla) yaxşılıqdan başqa qəsdimiz yoxdur!” – deyə and içənlərin (münafiqlərin), həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” لَا تَقُمْ فِیهِ أَبَدًا لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ یوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِیهِ فِیهِ رِجَالٌ یحِبُّونَ أَنْ یتَطَهَّرُوا وَاللَّهُ یحِبُّ الْمُطَّهِّرِینَ “(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!” أَفَمَنْ أَسَّسَ بُنْیانَهُ عَلَى تَقْوَى مِنَ اللَّهِ وَرِضْوَانٍ خَیرٌ أَمْ مَنْ أَسَّسَ بُنْیانَهُ عَلَى شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِی نَارِ جَهَنَّمَ وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الظَّالِمِینَ “Elə isə binasını Allah qorxusu və razılığı üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin (uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalımlar dəstəsini hidayət etməz!” Ayələrin təfsiri İslam Peyğəmbərinin (s) hicrətindən qabaq Yəsrib şəhərində Tövrat və İncili dərindən bilən, o həzrətin gəlişini müjdələyən və səmavi kitablardan o həzrətin nişanələrini oxuyub camaata danışan Əbu Amir adlı bir şəxs yaşayırdı. O, İslam Peyğəmbəri (s) elçi seçildikdə, iman gətirsə də, əhali arasında ictimai mövqeyini və ruhani rəhbər kimi nüfuzunu itirdiyi zaman o həzrətə qarşı həsəd şölələri alovlandı. “Ovs” və “Xəzrəc” qəbilələri ilə səmimi həmkarlığa başladı və Mədinədə münafiqlik toxumunu əkdi. Nəhayət, Mədinədən Məkkəyə qaçdı və yeni qurulmuş İslam hökumətini aradan qaldırmaq üçün Şama səfər etdi və müsəlmanlarla döyüşmək üçün rumluların diqqətini bu məsələyə cəlb etdi. O, Mədinə münafiqlərinə məktub yazaraq, İslama qarşı əks təbliğatlar aparmaq və müsəlmanları ələ almaq üçün “məscid” adı ilə bir fəaliyyət mərkəzinin tikilməsini göstəriş verdi. Bu məqsədlə Quba münafiqlərinin başçılarından on iki nəfərin rəhbərliyi ilə orada bir məscidin əsasını qoymağa başladılar. Halbuki Qubada müsəlmanların toplaşması üçün, əvvəlcədən “Quba” adlı bir məscid tikilmişdi. Onlar fəaliyyətlərinə icazə almaq üçün İslam Peyğəmbərinin (s) hüzuruna gəlib dedilər: “Xəstə şəxslər qaranlıq gecə və yağmurlu havalarda evlərindən məscidə getməyə çətinlik çəkirlər. Bu çətinliyi aradan qaldırmaq üçün onların öz evlərinin yaxınlığında bir məscid tikmək istəyirik.” Peyğəmbər (s) onların təklifini eşitsə də, bunu təsdiqləyən və ya rədd edən bir söz demədi. O həzrət “Təbuk” döyüşündən qayıtdıqda, Allahın “Zirar” (zərər vurmaq) adlandırdığı münafiqlərin mərkəzi sayılan məscid istifadəyə hazır oldu. Münafiqlər israr edirdilər ki, Peyğəmbər (s) həmin məsciddə namaz qılmaqla, rəsmi olaraq onun açılışında iştirak etsin və beləcə, onların fəaliyyətinə şərait yaransın ki, sonra müsəlmanlar onu sökə bilməsinlər. Bu zaman vəhy mələyi nazil olaraq Peyğəmbəri (s) onların çirkin məqsədlərindən agah etdi və niyyətləri alt-üst oldu. Münafiqlərin xəyanət ocağı Qeyd edək ki, Qurani-Kərim münafiqlərin Əbu Amirin rəhbərliyi ilə İslama qarşı əks fəaliyyət və təbliğat aparmaq istədikləri bu gizli mərkəzin dörd mühüm məqsədlə təsis olunduğunu qeyd edir: 1. “Zirar”: müsəlmanlara zərbə endirmək. 2. “Kufrən”: küfrü dirçəltmək. 3. “Təfriqən”: Təfriqə salmaq. 4. “İrsadən”: Allahın düşmənlərinə pusqu yeri hazırlamaq. Maraqlıdır, onlar özlərinin xeyirxahlıqlarına israrla and içsələr də, Qurani-Kərim onların yalançı olmalarının üstünü qətiyyətlə açıqlayır: ...وَلَیحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَى وَاللَّهُ یشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik!” – deyə and içənlərin (münafiqlərin), həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” İkinci ayədə Peyğəmbər (s) həmin məscidin açılışında iştirak etmək və orada namaz qılmaqdan çəkindirilir və Cəbrail nazil olub Peyğəmbəri (s) münafiqlərin məqsədlərindən agah edir: لَا تَقُمْ فِیهِ أَبَدًا... “Ya Rəsulum, orada heç vaxt namaz qılma!” Bundan sonra məscidlər bir-birilə müqayisə edilir: 1. “Quba” məscidi kimi, əvvəlcədən təqva əsasında tikilən məscid; 2. Zahirdə məscid adını daşıyıb, batində casusların İslam və müsəlmanların əleyhinə pusqu mərkəzinə çevirdikləri məscid. Birinci məsciddə namaz qılanların niyyətləri pak, ikincidə isə çirkindir: ...لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ یوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِیهِ فِیهِ رِجَالٌ یحِبُّونَ أَنْ یتَطَهَّرُوا وَاللَّهُ یحِبُّ الْمُطَّهِّرِینَ “İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!” Növbəti ayədə isə möminlə kafir müqayisə edilir. Mömin öz təməlini təqva və Allahın razılığı üzərində, kafir və münafiq isə uçurumun kənarında bərpa edir. Şübhəsiz, uçurumun kənarında qurulan həyatın sonu puç və yeri cəhənnəmdir: أَفَمَنْ أَسَّسَ بُنْیانَهُ عَلَى تَقْوَى مِنَ اللَّهِ وَرِضْوَانٍ خَیرٌ أَمْ مَنْ أَسَّسَ بُنْیانَهُ عَلَى شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِی نَارِ جَهَنَّمَ وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الظَّالِمِینَ “Elə isə binasını Allah qorxusu və razılığı üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin (uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalımlar dəstəsini hidayət etməz!” Beləliklə, bu ayələrdə iki məsəl və təşbeh vardır. Birinci təşbehdə möhkəm əqidəyə sahib olan mömin möhkəm binaya, ikinci təşbehdə isə süst və əsassız əqidəyə sahib olan münafiq uçurumun kənarında tikilən binaya bənzədilir. Uçulmaqda olan yer öz sakinlərini ölümün kamına apardığı kimi, münafiqləri də batil və süst əqidələri cəhənnəmə sürükləyəcəkdir. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 17-ci məsəl.) Tərcümə edən: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|