Həzrət İsanın (ə) diriltdiyi ölü, ağılsız insana nə dərsini verdi?
Bir insan Həzrət İsa (ə) ilə yol gedirdi. O, İlahi peyğəmbərə (ə) dedi: “Ey Ruhullah! Ölüləri dirildən zaman dediyin sözləri mənə də öyrət. Mən də ölüləri dirildə bilim”.
Həzrət İsa (ə) buyurur: “Sükut et, diriltmək sənin işin deyildir. Sən o nəfəsə malik deyilsən. Ölünü dirildən nəfəs elə olmalıdır ki, yağış suyundan pak olsun. Səma xəzinəsinin əmini olmalıdır. Fərz edək ki, sən Musanın (ə) əsasını əldə etməyi bacardın. Musanın (ə) əlinin sirrini haradan əldə edəcəksən?”. Bu insan səfeh, ağılsızın biri idi. İnadkarlıqla dedi: “Əgər mən layiqli deyiləmsə, sən ki, layiqlisən. O adı çək və ölüləri dirilt”. Həzrət İsa (ə) bu sözləri eşidən zaman üzünü göyə tutur və deyir: “Allahım! Bu nə sirdir? Niyə bu ağılsız bu qədər təkid edir? Təəccüblüdür ki, bu ağılsız özünü düşünmür. Öz xəstəliyini düşünmür. Özünün ölməsini buraxıb, başqasının ölüsü barəsində niyə düşünür ki?!”. Allah Təal tərəfdən nida gəldi: “Bu, o insandır ki, ruh aləminə arxa çevirmişdir. Ona görə də nə axtarırsa, bu meylinə görədir. Onun ruhuna tikan əkilmişdir ki, səmərəsi də elə həmin yersiz axtarışdır. O kəs ki, dünyada tikan əkər, gül tikana çevrilər. Əgər üzünü yarına tərəf tutarsa, o yar onun üçün ilana çevrilər. Hər nəyə toxunarsa, onu ilan zəhərinə çevirər. Ey İsa! Bu a ağılsızın sözlərinə fikir vermə. O, səmərə verməyən ağac kimidir”. Həzrət İsa (ə) görür ki, bu ağılsız öz təkidindən əl çəkmir və İsanı (ə) ölünü diriltmək əməlindən çəkinən kimi təqdim etmək istəyir. Ona görə də Həzrət İsa (ə), Allahın adlarından birini ölünün sümüklərinə oxuyur. O sümüklər dirilir. Ancaq bu sümüklər vəhşi şirin sümükləri olur. O zaman ki, bu şir dirilir, həmin səfeh şəxsə hücum edib, onu öldürür. Bunun onun üçün nə faydası oldu? Dünyadan da cahil halda getdi... Bu səbəbdəndir ki, Həzrət İsa (ə) deyir ki, dünyada elə çətin xəstəlik yoxdur ki, onu müalicə edə bilməyim, ancaq axmaqlıqdan başqa. Axmağı müalicə etməyə aciz qalmışam. Beləliklə, Həzrət İsanın (ə) diriltdiyi bu ölü, ağılsız insana dərs verdi ki, ona lazımsız axtarışlarla, mənasız və ona xeyri olmayan israrlarla məşğul olmasın. Təəssüf ki, bu dərsin ona xeyri olmadı – həyatını itirdikdən sonra, aldığı elmin tətbiqi olmur. O səfehin aldığı dərs, digər insanlar üçün – düşünən, ibrət götürənlər üçün elm oldu... /Deyerler.org/ Oxşar xəbərlər
|