Vacib namazların naqisliklərini bu əməllə aradan aparmaq olar
İslam dini kamil din olaraq, insanı kamala çatdırmaq üçün nazil olmuşdur. Ona görə də insana kamala çatmağın yollarını göstərir və bu yolda tövsiyələr verir. İnsanın kamala çatması üçün tərbiyə olması və islah olması mühümdür.
İnsan tərbiyəsində təsirli yollardan biri isə müstəhəblərə əməl edib, məkruhlardan qaçmaqdır. Hər kim müstəhəb əməlləri davamlı olaraq yerinə yetirərsə, onun üçün 3 təsiri olar: 1. İnsanın günahlarını məhv edər. Necə ki, Allah Təala buyurur: “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür”. (“Hud” 114). Bu əlaqədə, biz namazların nafilələri, namazdan sonrakı təqibatların, zikrlərin, duaların əhəmiyyətini dark edə bilərik. 2. Müstəhəblər, vacibatı yerinə yetirən zaman yaranan naqislikləri aradan aparır. Misal üçün, namazların, o cümlədən, gecə namazının nafilələri gündüz qılınan namazların naqisliklərini aradan aparır. İmam Baqir (ə) buyurur: “Nafilə namazı onun üçün qərar verilmişdir ki, vacibatın nöqsanını aradan aparsın”. Həzrət İmam Muhəmməd Baqir (ə) başqa yerdə buyurur: “Allah Təala vacib namazı nafilə namazı ilə kamil etmişdir”. 3. Allah Təalaya yaxınlaşmağa səbəb olar. “(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər. Etdikləri işlərin mükafatı olaraq, onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 16-17). Qüdsi hədisdə oxuyuruq: “(Bəndə) nafilə vasitəsilə Mənə yaxınlaşmaq istəyər ki, Mən onu sevim. O zaman ki, onu sevərəm, Mən onun eşidən qulağı, görən gözü, danışan dili və güclü əli olaram. Əgər Məni çağırarsa, cavab verərəm. Məndən bir şey istəyərsə, ona verərəm”. (İslami saytlara istinadən) Başqa hədisdə oxuyuruq: “Nafilə namazı – möminin Allaha yaxın olmaq vasitəsidir”. Əlbəttə, müstəhəb əməl deyildikdə, ancaq nafilə namazları nəzərdə tutulmur. Müstəhəb əməllərin sayı çoxdur. O cümlədən: Quran oxumaq, zikr etmək, sədəqə vermək, insanlara xidmət etmək, Məsumları (ə) ziyarət etmək və bir çox başqaları... Hər kim bu müstəhəb əməlləri yerinə yetirsə, yaxud məkruh əməllərdən çəkinərsə, o zaman müstəhəb əməllərin üç təsiri ona da şamil olar. Çünki, məkruhdan çəkinməyin özü də müstəhəbdir. /Deyerler.org/ Oxşar xəbərlər
|