Novruz həqiqətləri Quran və sünnə işığında
Novruz dini bir ayin və bayram deyil. İslam dini bu bayramı gətirməyib. Lakin bununla belə, dinimiz heç bir zaman Novruzla mübarizə aparmayıb.
Novruzu haram və qadağa edən bir cümlə belə deməyib. Əksinə, Novruz bayramını təsdiq edən bir çox faktlar Quran və sünnədə mövcuddur ki, onlara araşdırmamızda işarə edəcəyik. Novruz Quran təfsirlərində Biz Novruz mövzusunu Quran və hədislərlə isbatının tərəfdarı deyilik. Çünki Novruz ümümbəşər bir bayram olmaqla yanaşı həm də təbiətin bayramıdır. Lakin, biz Novruzun əleyhinə olan və Allah Rəsuluna (s) aid edilən zəif və saxta hədisləri gördükdə, bu mövzuda təfsirlərə müraciət etməyi labüd bildik. Bəziləri Peyğəmbərin (s) dilindən uydurma hədislərlə isbat etməyə çalışır ki, guya peyğəmbər (s), ya da Həzrət Əli (ə) Novruzu qadağan edən sözlər söyləmişlər, yaxud bu bayrama qarşı mənfi fikirdə olmuşlar. Bu məsələyə iki ənənəvi məzhəbin (sünni və şiə) təfsirlərində işarə olunmuşdur. Novruz əhli-sünnə təfsirlərində “Taha” surəsinin 59-cu ayəsində əhli-sünnənin görkəmli təfsir alimi Zəməxşəri “Kəşşaf” təfsirində bu haqda danışır. O cümlədən Sələbi özünün “əl-Kəşfu vəl Bəyan”, Səmərqəndi özünün “Bəhrul ulum”, Müqatil ibn Süleyman “Təfsiru Muqatil”, Cəllaləddin Suyuti özünün “Əd-Durrul Mənsur” əsərində “Taha” surəsindəki “zinət günü”nün Novruz bayramı günü olduğunu söyləyir. (Musa) dedi: “Sizə verilən vədə zinət gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!”(“Taha” surəsi, 59) Əhli-sünnə alimi Zəməxşəri özünün “Əl-kəşşaf” əsərində yazır: “Bu günə ona gərə zinət günü deyirlər ki, bu gündə bayram edilir. Zinət paltarları geyinilir və hər şeyə yaraşıq verilir.” (Zəməxşəri, “Təfsiri Kəşşaf”, c. 3, səh. 70-71- Beyrut. (“Taha” surəsi, 59-60-cı ayələrin təfsirində) Bəzi təfsirlərdə isə “yəvmuz-zinət”, “zinət günü” ifadəsi haqda belə yazılır: “O günün konkret olaraq hansı gün olması bilinməsə belə, bilinən bir şey var. O da həmin günün bayram olmasıdır. İnsanlar o gündə sevinir, yaraşıqlı paltarlarını geyinir və həmin günü bayram edirlər.” Bu sözün özü də mühumdür. Çünki müxaliflər Novruz günü sevinməyi, bayram qəsdi ilə təzə paltar geyinməyi, hədiyyələşməyi haram hesab edirlər. Bu iddialarının isə heç bir əsası yoxdur. (Qeyd olunan ayələrin təfsirinə müraciət edilsin) “Bəqərə” surəsinin 243-cü ayəsinin təfsirinə baxıldıqda yenə də bu faktı görə bilərik. Biruni özünün “əl-Asarul Baqiyə” kitabının 230-cu səhifəsində yazır: “Allahın Rəsulu (s) üçün içi halva ilə dolu cam gətirdilər. Buyurdu: “Bu nədir?” Dedilər: “Bu gün Novruz günüdür.” Buyurdu: “Bəli, bu gündə Allah Əskərəni diriltdi.” Soruşdular: “Ey Allahın Peyğəmbəri! Əskərə nədir?” Buyurdu: “Əskərə ölümün qorxusundan şəhərlərindən çöllüklərə qaçan minlərlə adamdır ki, Allah onlara dedi: “Ölün!” Onlar da öldülər. Sonra isə Allah yenidən onları diriltdi, belə ki, Allahın buludlara əmri ilə onların üzərinə yağış yağdı. O vaxtdan (Novruzda) su səpmək sünnət oldu.” Daha sonra Peyğəmbər (s) həmin halvadan yedi və buyurdu: “Kaş, hər günümüz Novruz olaydı.” (Biruni “əl-Asarul Baqiyə”, səh. 230) Hədisdə deyildiyi kimi, onlara cihad əmri verildiyi halda onlar itaətsizlik etdilər və taun xəstəliyini bəhanə edərək şəhərdən çıxdılar. Onların sayının min, on min, yaxud səksən min olduğu qeyd edilir. Allah onları o biyabanlıqda elə o xəstəliyə mübtəla etdi. Bir gün Bəni-İsrail peyğəmbərlərindən Hezqil oradan keçərkən Allahdan istədi ki, onları diriltsin. Allah da onun duasını qəbul etdi və onları diriltdi. Bu hadisə Novruz günü baş verdi. Bu hədisdə işarə edilən hadisə Qurani-Kərimin “Bəqərə” surəsinin 243-cü ayəsini əks etdirir. Həmin ayədə oxuyuruq: “(Ya Rəsulum!) Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!” (Zəməxşəri, “Təfsiri Kəşşaf”, “Bəqərə” surəsi, 243-cü ayənin təfsirinə müraciət edin. Əlavə olaraq bax: “Təfsire Qurtubi”, Alusi, “Ruhul-Bəyan”) Bir çox əhli-sünnə alimi bu ayənin təfsirində Novruzdan danışır. O cümlədən “Beyhəqi özünün “əs-Sünənul Kubra”, Xətib Bəğdadi “ət-Təbəqatus-Səniyyə”, Cəlaləddin Süyuti “Camiul əhadis”, Muhəmməd ibn İbrahim Cəəfi “ət-Tarixul Kəbir” kitabında belə nəql edir: “Novruz bayramı günü Əli ibn Əbi Talibə (ə) camın içində halva hədiyyə verdilər. “Bu nədir?” deyə soruşduqda dedilər: “Ya əmirəl möminin, bu gün Novruzdur, bu da Novruz hədiyyəsidir.” Həzrət Əli (ə) dedi: “Hər günümüzü Novruz edin!” Novruza “bidət”, “haram” deyənlər görünür öz alimlərinin yazdıqları bu həqiqətləri mütaliə etməyiblər. Novruz şiə təfsirlərində Şiə müfəssirləri, “Taha” surəsinin 59-cu, həmçinin “Bəqərə” surəsinin 243-cü ayəsini təfsir edərkən Novruz məsələlərinə toxunmuş və bu ayələri Novruz bayramı ilə əlaqələndirmişlər. Nümunə üçün qədim şiə təfsirçilərindən biri olan Əbul-Futuh Ər-Razinin təfsirini nümunə göstərə bilərik. Həmin təfsirdə sözügedən ayənin təfsirində Novruzdan söz açılır. (“Təfsiru Əbul-Fütuh ər-Razi” – c. 7. İkinci çap. Mart, 1325) “Taha” surəsinin 59-cu ayəsində olan “zinət” sözünün bayram günü olması haqda Əllamə Təbatəbai “əl-Mizan” əsərində qeyd edir ki, Musa peyğəmbər (ə) Fironla öz arasında bu günü ona görə təyin edir ki, bu hadisə bayram günü camaat bir yerə toplaşanda günorta vaxtı, bütün insanların gözü önündə baş versin. Ayətullah Məkarim Şirazi özünün “Təfsiri-Nümunə” kitabında qeyd olunan ayənin təfsir və izahında imam Sadiqdən (ə) belə bir hədis nəql edir ki, “İmam Sadiq (ə) Novruz bayramı haqqında buyurmuşdur: “Bu gün mübarək gündür. Çünki bu gündə Nuh peyğəmbərin (ə) gəmisi əl-Cudi dağında dayanmışdır. Bu o gündür ki, Peyğəmbərimizə (s) Cəbrail (ə) nazil olmuşdur. Bu həmin gündür ki, imam Əli (ə) Peyğəmbərin (s) mübarək çiyninə çıxaraq bütləri sındırmışdır.” (“Təfsiri Nümunə”, Məkarim Şirazi, “Bəqərə” 243-cü ayənin təfsir və izahına müraciət edin) Hər iki təfsirdə olan məsələyə ümümi izah: Biz sizlərə bu mövzuda hər iki ənənəvi məzhəbin təfsir kitablarında yazılanların sadəcə bir qismini təqdim etdik. Bu hadisələrin sırf bayram günü olması bizə çox şeyi deyir. Misir camaatının yaraşıqlı paltar geyinməsi, bəzənməsi, sevinc halında olması bəzi bayram müxaliflərinin sözünü aradan aparır. Deməli, bayram günü bu işləri etməyin heç bir eybi yoxdur. Məlumat üçün bildirək ki, bəzi mənbələr həmin günün Misir xalqının təqviminə əsasən yeni illərinin daxil olması günü olduğunu qeyd edir. Xüsusi qeyd: Bəzi təfsirlərdə həmin bayram gününün Novruz və Aşura olması qeyd olunur. Bildiyimiz kimi, Aşura günü bayram yox, əziz Peyğəmbərimizin (s) nəvəsi Həzrət Hüseynin (ə) ailəsi və dostlarının faciəli şəkildə Kərbəla çölündə şəhid edilmə günüdür. Özünü Peyğəmbərə (s) aid bilən heç bir müsəlman bu günü bayram etməz. Digər tərəfdən, məgər Həzrət Musa (ə) zamanında ondan əsrlər sonra baş verəcək Aşura hadisəsi camaat arasında aktual idimi? Əlbəttə ki, xeyr. Aşura qeydini gətirən müfəssirlər görəsən hansı təqvimə əsasən vaxtı hesablayıb bu qənaətə gəliblər? Həmin günün bayram olmasından və insanların bəzənib gözəl paltarlarını geyinilməsindən söz açılır. Yenə haqlı olaraq sual yaranır: “Məgər Aşura günü bayram günüdür?” Peyğəmbər (s) nəvəsi şəhid olub deyə Musa (ə) və qövmü bayram edir? Axı biz bilirik ki, peyğəmbərlər həm də qardaş hesab olunurlar. Bir qardaşa müsibət üz gətirib deyə digəri bayram edir? Ayənin konteksindən çıxış edib asanlıqla deyə bilərik ki, həmin gün bayram günü idi və bir sıra təfsirlər o bayramın Novruz olması qənaətindədirlər. Novruz əhli-sünnə hədislərində 1. Biruni özünün “əl-Asarul Baqiyə” kitabının 230-cu səhifəsində mövzu ilə əlaqəli hədis rəvayət edir. Yuxarıda təfsilatı ilə qeyd olundu. (Biruni “əl-Asarul Baqiyə”, səh. 230) 2. Firuzabadi özünün “əl-Qamus” kitabının 2-ci cildinin 179-cu səhifəsində yazır: “Əli (ə) üçün bir qədər halva gətirdilər. Soruşdu: “Bu nədir?” Dedilər: “Novruza görədir.” Buyurdu: “Bizim hər günümüz Novruzdur.” ([1] Bu hədis fərqli mətnlərlə Beyhəqi “əl-Sünən əl-Kubra” (IX, 392), Səmani “Əl-Ənsab” da gəlmişdir.) 3. Novruz bayramının adət-ənənələrindən biri də insanların bir-birləri ilə görüşməsi və bir-birlərinə hədiyyə verməsidir. Həzrət Muhəmməd (s) buyurur: “Bacardığınız qədər hər gününüzü Novruz edin, yəni Allah yolunda bir birinizə hədiyyə verin və bir-birinizlə görüşün”. ([1] “Dəaimul İslam” c. 2, səh. 326) Novruz şiə hədislərində 1. Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih” kitabında belə bir hədis nəql edir: Əli (ə) üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: “Bu nədir?” Dedilər: “Ey Əmirəl-möminin, bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr bağışlayırlar”. Buyurdu: “Bizim hər günümüzü Novruz edin”. (“Mən la yəhzuruhul-fəqih”, c. 3, səh. 300) Bu hədisin fərqli variantlarını Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih”, (c. 3, səh. 300) Beyhəqi “əs-Sunənul-kubra”, (IX, 392) Səmani “əl-Ənsab” (c. 3, səh. 37) kitablarında qeyd etmişlər. Bəzi məlumatlara görə, Həzrət Əliyə (ə) hədiyyə gətirən adam – əslən fars mənşəli olan Hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban imiş. 2. Noman ibn Muhəmməd Təmimi “Dəaimul-İslam” kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: “Bu nədir?” Dedilər: “Bu gün Novruzdur”. Buyurdu: “Əgər edə bilsəniz, hər günü Novruz edin” (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin). (“Dəaimul-İslam”, c. 2, səh. 326) 3. Şeyx Tusi: “Misbahul-mutəhəccid” kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: “Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində “Həmd” və 10 dəfə “Qədr” surələrini, 2-ci rəkətində “Həmd” və 10 dəfə “Kafirun” surələrini, 3-cü rəkətində “Həmd” və 10 dəfə “Tovhid” surələrini və 4-cü rəkətdə “Həmd”, “Fələq” və “Nas” surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar”. (“Misbahul-mütəhəccid”, səh. 591) 4. İbn Fəhd Hilli “Əl-muhəzzəbul-bare” kitabından bir rəvayət gətirir: İmam Sadiq (ə) buyurur: “Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Təalanın əmri ilə Peyğəmbərin (s) Əlini (ə) cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əlinin (ə) Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.f) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...” (“Biharul-ənvar”, c. 56, səh. 91) Hədis kitablarında Novruzu təsdiqləyən kifayət qədər dəlillər var. Yetər ki, müraciət edəsiniz. Həm şiə həm sünni alimləri təkidlə qeyd edirlər ki, bu bayramı xurafatlardan təmizləməklə keçirmək lazımdır. Xurafata aludə olmuş adətləri tərk etmək lazımdır. Mənbə: “İslamda Vardır!” səh. 528-534. Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. Oxşar xəbərlər
|