İmam Əlinin (ə) Qədr gecəsi ilə rabitəsi
Hədislərimiz buyurur ki, hər kim Allahı tanımaq istəyirsə, “Tövhid” (“İxlas”) surəsini oxusun və onun haqqında təfəkkür etsin.Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) barəsində isə buyurur ki, hər kim bu dahi insanları tanımaq istəyirsə, “Qədr” surəsini oxusun və təfəkkür etsin.
Çünki məhz bu surədə Əhli-Beytin (ə) həqiqi məqamı tanıdılmışdır. Bu surə buyurur ki, Məsumlar (ə) – Allahınadlarının və sifətlərinin məzhəridir. Ona görə də İlahi rübubuyyətin də məzhəri hesab olunurlar. Varlıq aləmində Allahın xəlifəliyini icra edirlər. Allah Təala “Qədr” surəsində buyurur: “O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (4). “Tənəzzəl” sözü davamlılıq mənasını verən sözlərdəndir. Bu surə buyurur ki, mələklər hər il nazil olarlar. Bəs kimə? Məhz əmr sahiblərinə. İlahi xəlifəlik ancaq Həzrət Adəmdə (ə) bitməmişdir. Onlar o kəslərdir ki, Allahın ad və sifətlərinin məzhəridirlər. Ona görə də hər bir şeydən agah və xəbərdardırlar. Mələklər də onlara illik xəbərləri nazil edər və onlardan əmrlər alarlar. “Duxan” surəsi də bu həqiqəti təsdiq edir ki, mələklər məhz Qədr gecəsində yerə enərək, əmr sahibindən əmrlər alarlar. Ona görə də bəşər əhlinin taleyi məhz Qədr gecəsində müəyyən olunar. Hər bir halda mələklər Qədr gecəsində Allahın xəlifəsinə nazil olarlar. İmam Sadiq (ə) buyurur: “19-u gecəsində talelər təyin olar, 21-i gecəsində təsdiq olar və Ramazan ayının 23-ü gecəsində imza olunar”. Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “İlin başlanğıcı Qədr gecəsidir. Həmin gecədə gələn ilin proqramı yazılar”. Həzrət Peyğəmbərin (s) vəfatından sonra İmam Əli (ə) Allahın yer üzərində xəlifəsi olmuşdur. Əbu Bəsir nəql edir: “Bir gün Peyğəmbər (s) əyləşmişdi və İmam Əli (ə) gəldi. Peyğəmbər (s) ona buyurdu: “Sən İsa ibn Məryəmə (ə) bənzəyirsən. Əgər xristianların İsa (ə) barəsində dediklərini, ümmətimin bir dəstəsinin sənin barəsində deyəcəkləri qorxusu olmasaydı, sənin haqqında elə şeylər deyərdim ki, insanlar arasından keçəndə ayağının altındakı torpağı təbərrük niyyəti ilə ötürərdilər””. Əmirəl-möminin (ə) ilə Qədr gecəsi arasında xüsusi rabitə vardır. Çünki İmam (ə), Allahın yer üzərindəki xəlifəsi və Quranın həqiqəti idi. Ona görə də məhz Qədr gecələrində də zərbət alıb, şəhid olmuşdur. Hər kim Qədr gecələri ilə Məsumlar (ə) arasında olan rabitəni dərk etməz və qəbul etməzsə, həqiqi imana çata bilməz. Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayında olar və bağışlanılmaz – Allah onu (öz rəhmətindən) uzaqlaşdırar”. İmam Əli (ə) Peyğəmbərin (s) qəlbi olmuşdur. Qədr gecəsi isə Ramazan ayının qəlbidir. Ona görə də bu ikisi arasında həm batini və həm də zahiri sıx rabitə mövcuddur. /Deyerler.org/ Oxşar xəbərlər
|