Günün hədisi: Ruzi xəzinələrinin açarı
İmam Əli (ə):
فى سَعَةِ الْاخْلاقِ كُنُوزُ الْارْزاقِ “Xoşəxlaqlılıq ruzi xəzinələrinin açarıdır.” (“Kafi”, 8-ci cild, səh.23, İslamiyyə çapı.) Qısa izah Yaxşı əxlaq, gülərüzlülük, ədəb-ərkan və insanlarla uyğun rəftar İslamın böyük əhəmiyyət verdiyi məsələlərdəndir. Bir çox rəvayətlərdə misilsiz ibarələr və hədsiz təkidlərlə göstərilir ki, Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyti (ə) yaxşı əxlaqa böyük əhəmiyyət verirmiş. Təəssüf ki, bir qrup müsəlmanların arasında ya bu məsələyə əhəmiyyət verilmir, ya da ona əks rəftar olunur. Hətta bəziləri elə güman edirlər ki, yaxşı adam sərt, qaşqabaqlı və quru olmalıdır! Halbuki bu, böyük bir xətadır! Həqiqətdə, qeyd etdiyimiz hədisdə yaxşı əxlaq və xoşəxlaqlılığın dünyəvi faydalarından biri vurğulanır. Təcrübə göstərir ki, xoşəxlaq insanların iş və kəsbləri də rövnəqli olur. Ayətullah Məkarim Şirazi qeyd edir ki, neçə il bundan əvvəl iş və kəsbləri rövnəqli olan bəzi şəxslər barəsində verilən statistik məlumatlarda əxlaqı yaxşı olan tacirlərin 70%, əxlaqı pis olan tacirlərin isə 30% müvəffəq olduqlarını oxudum; yəni ticarətdə xoşəxlaqlılıq payı 40%-dən ibarətdir. Çünki yaxşı əxlaq insanları cəzb, pis əxlaq isə dəf edir. (“İmam Əlidən 110 ibrət dərsi kitabından”.) Bütün müsəlmanlar, xüsusilə camaatla daha çox əlaqə saxlayanlar yaxşı əxlaq sahibi olmalıdırlar. Yaxşı əxlaq həm cəmiyyəti islah edir, həm də insanın ömrünün uzun olmasına səbəb olur. Necə ki, imam Sadiq (ə) bir hədisdə buyurmuşdur: “Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər.” (“Mizanul-hikmət”, 3-cü cild, səh.151, fəsil 1114, hədis 5077.) Sual: Nə üçün yaxşı əxlaq ruzinin artmasına səbəb olur? Cavab: Alıcı satıcıdan ona etimad etdiyi zaman mal alır. Əgər o, satıcıya bədbin olsa, sözsüz ondan uzaqlaşacaq. Demək, satıcı alıcının etimad və inamını qazanmalıdır. Etimadı qazanmağın yollarından biri də yaxşı rəftar və xoşəxlaqlılıqdır. Alıcı, satıcının yaxşı əxlaq və rəftarını onun düzgün, sədaqətli, əmanətdar və etimadlı olması ilə əlaqələndirir. Bir nəfər deyirdi ki, müalicə məqsədilə qərb ölkələrindən birinə getmişdim. Müalicə müddətim qurtarıb xəstəxanadan çıxmaq istədiyim zaman xəstəxananın pulunu ödəmək üçün müraciət etdim. Onlar son dərəcədə ədəb-ərkan və ehtiramla mənə dedilər: “Hələ tələsməyin, vətəninizə sağ-salamat çatdıqdan sonra hesabınızın surətini sizə göndərəcək və münasib bir vaxtda məktubda qeyd edəcəyimiz bank hesabına köçürərsiniz! Bunun müqabilində, bizim xəstəxanalarımızda pul almayınca xəstəni əsla qəbul etmirlər. Görün aralarındakı fərq nə qədərdir? (Maide.az) Oxşar xəbərlər
|