Haqq nədir, batil nədir? Haqqı tapmağın ən asan yolu
İnsan həyatının ən mühüm mövzularından biri – haqq və batildir. Bu mühüm mövzulara ayələrin və hədislərin nəzərindən baxaq.
1. Quran ayələrinin nəzərinə görə ən üstün haqq – Allah Təalanın müqəddəs zatıdır. Ona görə də Allah Təbarəkə və Təala Quranda buyurur: “Sonra onların hamısı Allaha – onların həqiqi və əsil ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir”. (“Ənam” 62). Bu ayədə Allahın müqəddəs zatı nütləq haqq olaraq tanıdılır. 2. Quran ayələrinə görə varlıq aləmi – haqdır, o cümlədən yer və göy. “Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı”. (“Casiyə” 22). 3. Böyük din olan İslam dini – haqdır. Çünki bu din bizə haqqı və batili tanıtmış, şeytanın, nəfsi-əmmarənin, bütpərəstliyin, nifaqın, ikiüzlülüyün həqiqətlərini açmışdır. Bəs hədislərimiz haqq barəsində nə buyurur? İmam Əli (ə) buyurur: “Haqq – kəsici qılıncdır”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Haqq – hər bir insanın nicat vasitəsidir ki, əməl tələb etsin. Danışan üçün hüccət və bürhandır”. Yəni, əgər sözünün qəbul olmasını istəyirsənsə, gərək haqqı deyəsən. Əgər məqsədinə salamat çatmaq istəyirsənsə, gərək haqqı deyəsən. İmam Əli (ə) buyurur: “Haqq – aram minikdir, haqq əhli bu ram olmuş miniyə minirlər. Bu miniyin yüyəni onların əlinə verilər və hara istəsələr gedərlər. Bu minik sizi rahat halda qabağa aparar, o zamana qədər ki, aramlıq kölgəsinin altında sizi məqsədiniz olan mənzilə çatdırar (yəni, behiştə, İlahi qürbə, ərşə)”. Haqq acı, batil isə şirindir. Həzrət Peyğəmbər (s) buyurur: “Haqq – ağır və acıdır. Batil – yüngül və şirindir. Bir anlıq şəhvətpərəstlik, ardınca uzun nigaranlıq və qəm gətirər”. İmam Əli (ə) batil barəsində buyurur: “Batil əgər öz əsil libasında zahir olsa, alıcısı olmaz. Ona görə də batilin tərəfdarları bu ikisini bir-biri ilə qarışdırar, haqq və batildən olan məcunu təqdim edərlər. Bu yolla şeytanın bazarı qızışar. Şeytan öz dostlarına və vəlilərinə qalib gələr”. Ona görə də zahirə aldanmaq olmaz. Haqqı batildən ayırmaq – aqillərin işidir. Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) belə tanıdır: “Əli (ə) haqladır və haqq Əli (ə) ilədir. Davamlı olaraq haqq onun dilindən axar. Əslində haqq Həzrət Əlinin (ə) vücudunun dairəsində dövrə vurar”. Ona görə də hər kim haqqı tanımaq istəyir, İmam Əliyə (ə) ardıcıllıq etsin, onun davamçısı olsun. Onun əməllərini təkrar etsin. Ancaq bu yolla batildən uzaq olmaq olar. Beləliklə, Peyğəmbərimizin (ə) düsturuna əsasən, haqqı tapmağın ən asan yolu – Həzrət Əlinin (ə) mübarək yolunu tanımaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|