Sabit və qeyri-sabit iman. İmanın mahiyyəti, dərəcələri, meyarları
İslam dininin başlıca sütunu – imandır.
Allaha, tövhidə, nübuvvətə, imamətə, ədlə, məada iman insanı mömin edir. Bəs imanın başqa tərəfləri haqqında nə bilirik? 1. İman – dəyərlidir. Peyğəmbər (s) Əbuzərə nəsihət verən zaman buyurur: “Allah yanında heç bir şey, Ona iman və qadağan etdiklərindən çəkinmək qədər sevimli deyildir”. İmam Sadiq (ə) buyurur: “Allah dünyanı həm sevdiklərinə və həm də qəzəbləndiklərinə verər. Ancaq imanı sevdiklərinə verər”. 2. İmanın mahiyyəti. İman ibarətdir: qəlbin Allahı təsdiq etməsindən və əməldə bu təsdiqi həyata keçirməkdən. Ona görə də imanın tədqiq olunduğu yer – qəlb və nəfsdir. İmanın ümumi və xüsusi dəstələri vardır. Belə ki, İslam dinini qəbul edən hər bir kəs müsəlmandır. Ancaq mömin – qəlb imanına malik olan şəxsdir. 3. İmanın dərəcələri. İmanı iki yerə bölürlər: sabit və sabit olmayan. Quran buyurur: “Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət və hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq”. (“Ənam” 98). İmam Kazım (ə) bu ayənin təfsirində buyurur: “Sabit iman – o imandır ki, Qiyamət gününə qədər sabit və qalıcıdır. Sabit olmayan iman isə o imandır ki, ölməzdən əvvəl Allah onu insandan alar”. 4. Kimlər mömin hesab olunur? a) Qeyb aləminə imanı olanlar. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı Kitab, pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər”. (“Bəqərə” 2-3). Xofa və ricaya malik olanlar – həqiqi möminlərdir. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2). b) Allaha və onun yeganə olmasına iman bəsləyənlər. “Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır”. (“Təğabun” 8). c) Məada iman bəsləyənlər. “Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar”. (“Maidə” 69). /Deyerler.org/ Oxşar xəbərlər
|