Bidət əhli – öz nəzər və istəklərinə əməl edənlər
İmam Əli (ə) buyurmuşdur:
امَّا اهْلُ الْبِدْعَةِ فَالُمخالِفُونَ لِامْرِ اللَّهِ، وَ لِكِتابِه، وَ رَسُوله، الْعامِلُونَ بِرَأْيِهِمْ وَ اهْوائِهِمْ وَ انْ كَثُرُوا “Allahın göstərişləri, Allahın kitabı (Qurani-Kərim) və Allahın Rəsulu ilə müxalifət edən, öz nəzər və istəklərinə əməl edənlər bidət əhlidirlər, hətta onların sayı çox olsa belə!” (“Mizanul-hikmət”, 1-ci cild, səh.381, fəsil 329, hədis 1632.) Qeyd etməliyik ki, yenilik mənasını ifadə edən bidət iki qismə bölünür: 1. Elmi, texnoloji, ictimai və s. məsələlərdə yenilik; əqlin köməyi ilə irəli sürülən yeni bir məsələ müsbət iş sayılır və adətən, buna “ibda” (ixtira və kəşf) deyilir. Aydındır ki, bəşərin elmi-texnoloji tərəqqisi bu yenilik sayəsindədir və müsbət bir haldır. 2. Allahın hökmlərini təhrif etmək və yaxud ona bir şey artırmaq; bu mənanı daşıyan bidət mənfi bidət adlanır. Təəssüf ki, bəzən, müsbət bidət adı ilə mənfi bidəti icra etmək üçün onların yerlərini dəyişirlər. Misal üçün, bəziləri yenilik adı ilə belə deyirlər: “Dəstəmaz, gigiyenaya riayət olunmadığı zaman lazımdır və o zaman insanlar özlərini lazımınca yuyub-təmizləyə bilmədiklərindən İslam dəstəmazı (təmizliyə riayət etmək məqsədilə) vacib etmişdir. İndi isə insanlar öz təmizliklərinə lazımınca diqqət yetirdikləri üçün, artıq, dəstəmaza ehtiyac qalmır!” Odur ki, ayıq olmaq lazımdır ki, bidət əhli mənfi bidətə müsbət bidət donu geyindirməsin. İmam Əli (ə) mənfi bidəti təfsir edərək buyurur: “Bidət əhli Allahın əmrləri, Quran ayələri və Allahın Rəsulu ilə müxalifdir.” İmam Hüseynin (ə) mübarizə apardığı bidət xəlifələr əsrində, məxsusən, üçüncü xəlifənin dövründə yaranmışdı. O, “beytül-mal”ı (ümumi əmlak və gəlir) öz qohum-əqrəbası arasında bölüşdürür və mühüm dövlət vəzifələrini elmli, təqvalı, və səlahiyyətli şəxslərə həvalə etmək əvəzində, öz qohum-əqrəbasına tapşırdı. İmam Hüseyn (ə) belə bidətlərlə mübarizə aparmaq üçün qiyam etdi. Bunlardan əlavə, Müaviyə daha böyük bir bidətə əl atdı, İslam hökumətini soltanlıqla əvəz etdi, şahlıq adət-ənələrini dirçəltdi və şərabxor oğlu Yezidi öz canişini seçdi! Onlar Allahın əmrləri, Quran ayələri və İslam Peyğəmbərinə (ə) müxalif idilər. Allahın əmrləri, kitab və sünnəyə zidd olanlar yenilik, yeni qiraət və yeni təfsir adlansa da bidətdir! Bidətin səbəbləri Bidətin səbəbləri nəfsi istəklərə əsaslanır. Nəfsi istəklərə uyanlar dini öz nəfsi istəklərinə mane görürlər. Amma dinlə birbaşa mübarizə apara bilmədiklərindən, nəfsi istəklərini din və yeni qiraət adı ilə təqdim edir, şəxsi nəzər və təfsirləri ilə müxtəlif bidətlərin əsasını təşkil edirlər. Əgər bidətlə mübarizə aparılmasa və alimlər onun müqabilində insanlara həqiqəti aşılamasalar, din və məzhəbdən əsər-əlamət qalmaz. Çünki hər bir əsrdə bir neçə bidət gətirilərsə, bir neçə müddətdən sonra dinin surəti tamamilə dəyişiləcək və din yeni bir fenomen kimi cilvələnəcək. Bəlkə də, İmam Zamanın (ə) yeni din gətirəcəyi ilə bağlı nəql olunan bəzi rəvayətlər elə bu mətləbə işarədir. Yəni o zaman İslam o qədər bidətlərə məruz qalacaq ki, o həzrət zühur edib həmin bidətləri aradan qaldırdıqda, zühur əsrinin insanlarının nəzərində yeni din kimi cilvələnəcəkdir! (“Həzrət Məhdinin (ə) cahanşümul inqilabı”, Ayətullah Məkarim Şirazi, səh.320.) Bidətin əsasları Bidət imanın zəifliyindən irəli sürülür. Əgər Allahı mütləq alim bilsək və özümüzü Onun müqabilində, hətta dəryada bir damla su belə hesab etməsək, İslamı Allah tərəfindən göndərilənə sonuncu din olduğunu qəbul etsək və İslam Peyğəmbərini (s) məsum bilsək, heç vaxt ilahi hökmləri dəyişdirməyi özümüzə icazə vermərik. Biz də kitab və sünnəni şəxsi əqidələr və nəzərlərimizin rənginə salmamalı və onların önündə hərəkət etməməliyik. Əksinə onları özümüzə rəhbər və örnək bilməli, onların sayəsində addımlamalı və öz etiqadlarımızı onların rənginə salmalıyıq. Bidət əhli özü kimi bir bəşər olan təbibin göstərişlərinə əməl etdiyi halda, nə üçün Allahın əmr və göstərişlərindən boyun qaçırmalıdır?! (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, 26-cı dərs.) (Maide.az) Oxşar xəbərlər
|