Cismani və ruhani səcdənin fərqi nədədir?
İnsan fitri olaraq pak xəlq olmuşdur. Ancaq şeytan (lən) ona hakim olduğu üçün yalana, böhtana, həsədə, kin-küdurətə, simicliyə və bu kimi rəzil sifətlərə düçar olar.
Allah Təala insana bu rəzil sifətlərdən uzaq olmaq üçün yollar qoymuşdur. İnsan bu yolla gedərək, həm batini və həm də zahiri düşməninə qalib gələr bilər. İbadət – bu yolları hamar edən əsil amildir. Onun özünəməxsus budaqları vardır. Bu budaqlarından biri də səcdədir. Bəs səcdə nədir? Səcdə – bəndənin Allah qarşısında özünü kiçik və aciz hesab edərək, müti halda əyilməsi və alnını torpağa qoymasıdır. Namazda məhz səcdə əməli insanın nə qədər müti olduğunu sübut edər. Səcdə edən insan, öz şüur və iradəsi ilə Allahı əzəmətli hesab edərək, özünü zəlil və xar görərək, Onun qarşısında əyilər və torpağa düşər. “(Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!”. (“Ələq” 19). Səcdəgah – o müqəddəs məkandır ki, bəndə ilə Allah orada bir-birinə yaxın olar və bəndə öz mənliyini Allah qarşısında alçaldar və kiçik edər. Allaha demək istəyər ki, Səndən başqa Məbudum yoxdur və səni səcdəyə və ibadətə layiq bildiyim üçün pərəstiş edirəm. Sən bunların hamısına layiqsən. Məsumlarımız (ə) öz buyuruşlarında davamçılarını həmişə uzun səcdələr etməyə dəvət etmişdilər. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Qiyamət günü mənimlə olmaq istəyirsənsə, Allah Təala qarşısında uzun səcdələrə malik ol”. İmam Sadiq (ə) buyurur: “Səcdələrinizi uzun edin. Çünki şeytanı ən çox narahat edən şey – insanın uzun səcdəsidir. Onun özünü Adəmə (ə) səcdə etmək üçün vəzifələndirmişdilər, o, itaətsizlik etmişdi. Ancaq insan itaət etdi və nicat tapdı”. İmam Əli (ə) buyurur: “Əgər namazqılan bilsəydi ki, hansı həddə İlahi rəhmətə şamil olar, heç bir zaman başını səcdədən qaldırmazdı”. Məsumlarımız (ə) buyurur ki, səcdə iki cür olur: cismani və ruhani. Hər kim ruhani səcdəni yerinə yetirə bilsə, o zaman mənəvi dərəcəsi yüksələr və kamala doğru hərəkətdə olar. Belə ki, İmam Əli (ə) bu haqda buyurur: “Cismani səcdə odur ki, bədənin yeddi üzvünü ixlas və hüzur ilə torpağa qoyasan. Ancaq nəfsani (ruhani) səcdə – qəlbin fani işlərdən uzaqlaşıb, qalıcı işlərə üz döndərmək üçün hümmət göstərməsi, təkəbbür libasını cırması, dünya əlaqələrini qət edib, özünü nəbəvi əxlaqı ilə bəzəməsidir”. Beləliklə, hər kim bu ruhani səcdəni yerinə yetirər, həqiqətən də İlahi qürb məqamına çatar. /Deyerler.org/ Oxşar xəbərlər
|