Zühur əlamətlərindən – Zülm və fəsadın genişlənməsi
Mьəllif: admin1
Tarix: 21-02-2023, 10:54
Zühur əlamətlərindən – Zülm və fəsadın genişlənməsi
Hər bir inqilabın, o cümlədən, imam Mehdi (ə.c) inqilabının yaxınlaşmasını aşılayan ilk əlamət cəmiyyətdə zülm, haqsızlıq, ədalətsizlik, fitnə-fəsad, başqalarının hüquqlarına təcavüz, ictimai və əxlaqi azğınlıqların artmasıdır.

Təbii ki, həddini aşan təzyiq partlayışa səbəb olur. İctimai partlayışlar da mexaniki partlayışlar kimi hədsiz və şiddətli təzyiqlərdən sonra yaranır.

Hər bir dövrdə zalımlar vasitəsilə yayılan zülm və fəsad inqilab toxumlarını cücərdərək od kürəsində dəmirləri közərdir, böhranları artırır, sonda inqilab vaxtını yaxınlaşdırır.

Dünyamiqyaslı inqilab və böyük xilaskarın zühur vaxtının yaxınlaşması da bundan istisna deyil! Lakin inqilabın reallaşması üçün zülm və fəsadın yayılmasına şərait yaratmağı düşünən pessimist insanların əksinə olaraq fəsadın geniş yayıldığı bir vaxtda fərdi və ictimai islahat aparmaq və İmama (ə) layiq və şücaətli əsgər olmağa çalışmalıyıq.

Ümumiyyətlə, bu məsələ həm şiə, həm də əhli-sünnə mənbələrində qeyd olunan bir çox İslam rəvayətlərində يَمْلَاُ الاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً (İmam Mehdi (ə) yer üzünü zülm və fəsadla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır) ifadəsi ilə nəzərə çarpır və böyük xilaskarın inqilabının aşkar əlamətlərindən sayılır.

Burada belə bir sual yaranır: “Zülm” ilə “cövr” ifadəsinin fərqi nədir və nə üçün hədislərdə onların hər ikisi təkrarlanır?

Hər iki sözün kökündən məlum olur ki, başqalarının hüquqlarına təcavüz iki qismə bölündüyündən, ərəb qrammatikasında da onların hər birinə ayrıca ad verilmişdir: “Zülm” bir insanın başqasının haqqını və zəhmətini qəsb edib mənimsəməsi, özünə aid etməsidir.

“Cövr” isə bir nəfərin haqqını mənimsəyib digərinə verməsi, öz qüdrət və hakimiyyətini möhkəmlətmək üçün tərəfdarlarını camaatın malı, canı və namusuna hakim etməsi və ayrı-seçkilik sayəsində qüdrət sahibi olmasıdır.

“Zülmün” antonimi “qist”, “cövrün” antonimi isə “ədalət”dir. (Əlbəttə, bu, hər iki sözün birgə qeyd edildiyi cümləyə aiddir. Ayrı-ayrılıqda qeyd edildikdə isə, hər ikisi ədalət və insaf mənasını daşıyır.)

Bəli, dünyanı zülm, haqsızlıq, təcavüzkarlıq və ayrı-seçkiliklər bürüdüyü zaman, İmam Mehdi (ə) zühur edib haqq-ədaləti bəşəriyyətə ərməğan gətirəcək.

İslam rəvayətlərində o həzrətin inqilabının cüzi əlamətlərindən elə ustalıqla söz açılır ki, sanki bu uzaqgörənliklər 13-14 əsr öncəki tarixə deyil, elə bizim zamanımıza aiddir. Amma hazırda onların çoxunu öz gözlərimizlə müşahidə etdikdə, həqiqətən də, möcüzə olduğunu qəbul edirik! İmam Sadiq (ə) hədislərin birində ictimai, siyasi və əxlaqi pozğunluqlara dair onlarla nümunəyə işarə edir ki, onlara diqqət yetirdikdə, şübhəsiz, insanı dərin düşüncəyə qərq edir. Biz burada həmin hədisin bir hissəsini ərəbcə mətni ilə yanaşı qısa şəkildə qeyd edirik:

قال الصّادق عليه السلام لبعض اصحابه:

1. اذا رايت الجور قد شمل البلاد؛ 2. القرآن قد خلق و احدث ما ليس‏فيه و وجه على‏الاهواء؛ 3. الذين قد انكفى كما ينكفى الاناء؛ 4. اهل الباطل قد استعلوا على الحق؛ 5. الرجال قد اكتفى بالرجال والنساء بالنساء! ؛ 6. المؤمن صامتاً! ؛ 7. الصغير يستحقر بالكبير؛ 8. الاحارم قد تقطعت؛ 9. الثناء قد كثر؛ 10. الخمور تشرب علانية؛ 11. سبيل الخير منقطعا و سبيل الشرمسلوكا؛ 12. الحلال يحرم و الحرام يحلل؛ 13. الدين بالرأى؛ 14. المؤمن لايستطيع ان ينكر الا بقلبه؛ 15. و رأيت العظيم من المال ينفق فى سخط اللّه؛ 16. الولات يرتشون فى الحكم؛ 17. الولاية قبالة لمن زاد؛ 18. الرجل ياكل من كسب امرأته من الفجور؛ 19. القمار قد ظهر؛ 20. الملاهى قد ظهرت يمربها لايمنع‏احد احداً، ولايجترء؛ احد على منعها؛ 21. و رأيت القران قد ثقل على الناس استماعه و خف على الناس استماع الباطل؛ 22. الجاريكرم الجار خوفاً من لسانه؛ 23. المساجد قد زخرفت؛ 24. طلب الحج لغير اللّه؛ 25. قلوب الناس قد قست؛ 26. الناس مع من غلب؛ 27. طالب الحلال يذم وطالب الحرام يمدح؛ 28. المعازف ظاهرة فى الحرمين؛ 29. الرجل يأمر بالمعروف و ينهى عن المنكر، فيقوم اليه من ينصحه فيقول هذا عنك موضوع؛ 30. المساجد محتشية ممن لايخاف اللّه؛ 31. الناس همهم فى بطونهم و فروجهم؛ 32. الدنيا مقبلة اليهم؛ 33. النساء يبذلن انفسهن لاهل الكفر؛ 34. اعلام الحق قد درست؛ 35. الحرب قد اديل من العمران؛ 36. الرجل معيشة من بخس المكيال و الميزان؛ 37. الرجل عنده المال الكثير لم يزكه منذ ملكه؛ 38. الرجل يمسى نشوان و يصبح سكران؛ 39. الناس ينظر بعضهم الى بعض، و يقتدون باهل الشرور؛ 40. كل عام يحدث فيه من الشرو البدعة اكثر مما كان؛ 41. و رأيت الخلق والمجالس لايتابعون الا الاغنياء؛ 42. يتسافدون كما تتسافد البهائم؛ 43. الرجل ينفق الكثير فى غير طاعة اللّه و يمنع اليسير فى طاعة اللّه؛ 44. الرجل اذا مر به يوم لم يكسب فيه الذنب العظيم ... حزيناً؛ 45. النساء قد غلبن على الملك و غلبن على كل امر؛ 46. رياح المنافقين دائمة و رياح اهل الحق لاتحرك؛ 47. القضاة يقضون بخلاف ما امراللّه؛ 48. المنابر يؤمر عليها بالتقوى، ولا يعمل القائل بما يأمر؛ 49. الصلوة قد استخف باوقاتها؛ 50. و رأيت الصدقة بالشفاعة لايراد بها وجه اللّه ... فكن على حذر و اطلب الى اللّه النجاة

İmam Sadiq (ə) səhabələrindən bəzisinə buyurmuşdur:

1. Bütün dünyanın zülm və haqsızlıqla dolduğunu;

2. Qurani-Kərimin gül kimi solaraq məfhumlarının nəfsi istəklərdən baş qaldıran bidətlərlə qarışdığını;

3. Allah dininin çevrilmiş (boş) qab kimi möhtəvasız göründüyünü;

4. Batil əhlinin haqq əhlinə qələbə çaldığını;

5. Kişilərin kişilərlə, qadınların da qadınlarla kifayətləndiyini;

6. Möminlərin sükut etdiyini;

7. Kiçiklərin böyüklərə hörmət qoymadığını;

8. Qohumluq əlaqələrinin kəsildiyini;

9. Tərif və yaltaqlığın artdığını;

10. Şərabın aşkar şəkildə içildiyini;

11. Xeyir yollarının bağlandığı və şər yollarının açıldığını;

12. Halalın haram, haramın da halal hesab edildiyini;

13. Dini hökm və qanunların şəxsi rəylə şərh olunduğunu;

14. Möminlərin azadlığının alınıb, yalnız qəlbən nifrət bəslədiklərini;

15. Allahın qəzəbi (fitnə-fəsad və çirkinliklər) yolunda böyük sərmayələrin xərcləndiyini;

16. Dövlət məmurlarının rüşvətxorluğa qurşandığını;

17. Həssas mövqelərin hərraca qoyulduğunu;

18. (Bəzi) kişilərin öz arvadlarının iffətəzidd işlərilə dolandığını;

19. Qumarın aşkar olduğunu;

20. Çirkin əyləncələrin artdığını və heç kimin onların qarşısını ala bilmədiyini;

21. Camaata Quran həqiqətlərinin eşidilməsinin ağır, batilin eşidilməsinin isə asan gəldiyini;

22. Qonşunun öz qonşusuna dilinin qorxusundan ehtiram qoyduğunu;

23. Məscidlərin bəzəndiyini;

24. Həccə Allahdan başqasına görə gedildiyini;

25. Camaatın daşürəkli olduğunu;

26. Camaatın qələbə çalan şəxsə (istər haqq olsun, istərsə də batil) tərəfdarlıq etdiyini;

27. Halal ardınca olanın qınandığı, haram ardınca olanın isə tərifləndiyini;

28. Əyləncə alətlərindən (hətta) Məkkə və Mədinədə aşkar şəkildə istifadə olunduğunu;

29. “Əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” edən (pis işlərdən çəkindirən) şəxsə “Bu sənin vəzifən deyil!” – deyə tövsiyə olunduğunu;

30. Məscidlərin Allah qorxusu olmayanlarla dolduğunu;

31. İnsanların öz qarınları və ehtirasları haqqında düşündüyünü;

32. Maddi və dünyəvi imkanların genişləndiyi və dünyanın camaata üz tutduğunu;

33. Qadınların özlərini imansız insanlara təslim etdiyini;

34. Haqqa tərəfdarlıq bayrağının köhnəldiyini;

35. (Müharibələr ucbatından) xarabalıqların abadlıqlara nisbətdə üstünlük təşkil etdiyini;

36. Bəzilərinin malı əskik satmaqla dolandığını;

37. Böyük sərvət sahiblərinin ömürlərində hətta bir dəfə belə zəkat vermədiyini;

38. Camaatın gündüzləri nəşələnib uyduğunu, sübhü də məst halında açdığını;

39. Camaatın bir-birinə baxaraq fəsad əhlinə təqlid etdiyini;

40. Hər il yeni fəsad və bidətlərin baş qaldırdığını;

41. Camaatın və təşkil olunan yığıncaqların yalnız (təkəbbürlü) sərvətlilərə xidmət etdiyini;

42. Camaatın gözü önündə heyvanlar tək cinsi əlaqələrin baş verdiyini;

43. Allahdan başqası yolunda həddən artıq, Allah yolunda isə azacıq belə mal-dövlətin xərclənilmədiyini;

44. Bəzilərinin hətta bir gün böyük (kəbirə) günah etmədiyi üçün qəmgin olduqlarını;

45. Qadınların hakimiyyətə gəldiyini;

46. Bütün qapıların münafiqlərin üzünə açıq, möminlərin üzünə isə bağlı olduğunu;

47. Hakimlərin Allahın əmrinə zidd hökm çıxardığını;

48. Minbərlərdə danışan şəxsin camaatı təqvaya dəvət etdiyi halda, özünün ona əməl etmədiyini;

49. Camaatın namazın vaxtına etinasız yanaşdığını;

50. Sədəqənin Allaha görə yox, vasitəçiliklə (möhtaclara) verildiyini gördüyün zaman özünü gözlə və Allahdan qurtuluş dilə (ki, qurtuluş yaxındır.) (“Biharul-ənvar”, 52-ci cild, səh. 256-260.)

Bu hədisdə göstərilənlər İmam Mehdinin (ə) böyük inqilabına yaxın vaxtlarda baş verəcəkdir.

Hədisdə göstərilən fəsad və çirkinlikləri üç hissəyə bölmək olar:

1. Dövlət və hüquqi məsələlərə aid fəsadlar: Buna zülm və haqsızlığın genişlənməsi, batili himayə edənlərin qələbəsi, söz və əməl azadlığının qadağası, möminlərin etiraz edə bilməyərək zülm və zülmkara yalnız qəlblərində nifrət bəsləməsi, əhəmiyyətsiz, faydasız və zərərli sahələrə böyük büdcələrin xərclənməsi, rüşvətxorluğun artması, strateji mövqe və məsuliyyətlərin hərraca qoyulması, yoxsul təbəqənin hakim təbəqəyə tabe edilməsi, sərvətlərin müharibələrə xərclənməsi və s. məsələləri misal göstərmək olar.

2. Əxlaqi məsələlərə aid fəsadlar: Buna yaltaqlıq və yersiz tərifləri, gözügötürməzlik, təəssübkeşlik, çirkin işlərə razılıq, şərab, qumar və digər zərərli əyləncələrin kütləvi hal alması, əməlsiz nəsihət, riyakarlıq, insanların sərvətləri miqdarında ictimai şəxsiyyət qazanması və sairəni nümunə göstərmək olar.

3. Dini-məzhəbi məsələlərə aid fəsadlar: Quran ayələrinin şəxsi düşüncə əsasında təfsiri, məscidlərdə xəbis və çirkin insanların çoxalması, məscidlərin zahiri bəzəyinə əhəmiyyət verilməsi, namazın yüngül sayılması və s. məsələlər onun ən bariz nümunələrindəndir.

Məlum məsələdir ki, bu fəsadların çoxu günümüzdə aşkar şəkildə yerinə yetirilir və digərlərinin də həyata keçirilməsi qaçılmazdır. Belə isə, bu böyük inqilaba zəmin yaratmaq üçün nə çatışmır?

Qeyd etməliyik ki, bizim fəsad və azğınlıqlar müqabilində məlumat və müsbət reaksiyamız həddən artıq azdır. Qeyd edilən əlamətlərin təkcə aşkar olması bu böyük inqilabın gerçəkləşməsi üçün kifayət deyil, əksinə o, insanların qəflətdən ayılması üçün müqəddimə, yatmış ruhların oyanması üçün qırmanc, ictimai və psixoloji hazırlıqlar üçün zəmindir.

İnsanlar istər-istəməz bu fəsadların ağır nəticə və aqibətini dadacaqlar. Bu da ümumi oyanışın təməlini qoyacaq və onun sayəsində mövcud vəziyyətin davamının qeyri-mümkünlüyünə inam yaradacaq. Odur ki, böyük xilaskarın gəlişi üçün hazırlıq zəruridir.

lahi! Yer üzündən fitnə-fəsadı, zülm və haqsızlığı tezliklə imam Mehdinin (ə.c) inqilabı ilə aradan qaldır! Amin! (“Hokuməte cahaniye həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.64-71.)


Tərcümə etdi: Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031