Haqq tərəfdarı olanların nişanələri bu cür olur
O insan ki, özünü tanıma yolu ilə Allahı tanıyar – haqq tərəfdarı olar. Bu insanın qibləsi haqq olar. Öz ziyanını düşünməz, ancaq haqqı düşünər. İmam Sadiq (ə) buyurur: “Həqiqi imanın nişanəsi odur ki, haqqı zahirdə ziyanınıza olsa belə, qəbul edəsiniz. Batili faydanıza olsa belə, qəbul etməyəsiniz”. Haqq tərəfdarlarını bu nişanələr ilə tanımaq olar: 1. Qəzəbdən uzaq olarlar. Haqq tərəfdarı olan insan, həyatının üç halında: xoşluqda, qəzəbdə və qüdrətdə haqqa əməl etməkdən çəkinməz. Həzrət Peyğəmbər (s) buyurur: “Üç sifət hər kimdə olarsa, imanı kamil olar: - Xoşluq zamanı batilə meyil etməz. - Qəzəblənən zaman haqq dairəsindən çıxmaz. - Qüdrət zamanı öz malı olmayana əl uzatmaz”. 2. İnsanlara qarşı insaflı olar. Haqq tərəfdarı olan şəxsin nişanələrindən biri də insaflı olmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqi mömin o kəsdir ki, insanlarla rəftarda insaflı olar”. 3. Nəsihəti qəbul edər. İmam Əli (ə) buyurur: “Nəsihəti qəbul etmək – insanın üstünlüyünün və müvəffəqiyyətinin nişanəsidir”. 4. Dindarlıq. İmam Səccad (ə) buyurur: “Heç bir ibadət, dinə elm və həmahənglikdən başqası ilə həyata keçməz”. (Deyerler.org) Oxşar xəbərlər
|