Elm öyrənənlərin məqamı
Mьəllif: admin1
Tarix: 27-04-2019, 10:25
Elm öyrənənlərin məqamı
İmam Əli (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə bir hədis nəql etmişdir:

مَنْ سَلَكَ طَريقاً يَطْلُبُ فيهِ عِلْماً سَلَكَ اللَّهُ بِه‏ طَريقاً الَى الْجَنَّةِ، وَ انَّ الْمَلائِكَةَ لَتَضَعُ اجْنِحَتَها لِطالِبِ الْعِلْمِ رِضاً بِه‏، وَ انَّهُ لَيَسْتَغْفِرُ لِطالِبِ الْعِلْمِ مَنْ فِى السَّماءِ، وَ مَنْ فِى الْارْضِ حَتَّى الْحُوتِ فِى الْبَحْرِ؛

“Elm və bilik yoluna qədəm qoyan şəxsi Allah-Taala Behiştə doğru yönəldir. Mələklər qanadlarını öz razılıqları ilə elm əhlinin ayaqları altına sərirlər. Yer və göy əhli, hətta dənizdəki balıqlar belə, onun üçün bağışlanmaq diləyirlər.” (“Biharul-ənvar”, 1-ci cild, səh.164.)

Üç cümlədən ibarət bu hədisdə elm və bilik axtaranların misilsiz məqamından söz açılır. Xoş olsun bu hədisə şamil olanların halına!

1. Elm və bilik Behişt yoludur!

Birinci cümlədə elm əhli ilə Behişt arasındakı əlaqədən danışılır və Behişt yolunun elm və bilik küçələrindən ötüb-keçdiyi göstərilir. Demək, cəhənnəmin yolu cəhalət və nadanlıq bataqlıqlarından keçir. Necə ki, “Əraf” surəsinin 179-cu ayəsində buyurulur:

وَ لَقَدْ ذَرَأْنا لِجَهَنَّمَ كَثيراً مِنَ الْجِنِّ وَ الْانْسِ لَهُمْ قُلُوبٌ لايَفْقَهُونَ بِها وَ لَهُمْ اعْيُنٌ لايُبْصِرُونَ بِها وَ لَهُمْ آذانٌ لايَسْمَعُونَ بِها اولئِكَ كَالْانْعامِ بَلْ هُمْ اضَلُّ اولئِكَ هُمُ الْغافِلُونَ

“Doğrudan da, Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər; onların gözləri var, amma onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə də (onlardan) daha çox azğındırlar. Qafil olanlar da məhz onlardırlar!”

Nə üçün heyvanlardan pisdirlər?

Çünki onlar inkişaf və təkamül istedadına sahib olduqları halda, batil və puç yolda addımlayır, hidayət imkanlarına malik olduqları halda, yenə zəlalətdədirlər! Bəli, bu ayə bəzilərinin cəhənnəmlik olmasının səbəbini nadanlıqda bilir.

Biz İslamla fəxr etməliyik ki, elmi Behişt yolu, nadanlığı isə cəhənnəm yolu tanıtdırır! Bəzi məzhəblərin əksinə olaraq, öz həyatını insanların nadanlığında gördüklərindən, daim elmlə mübarizə aparmış və hətta şəxsi kitabxanasında on doqquzdan çox kitabın olmasını eyib sanırdılar!

Maraqlıdır ki, yəhudi və xristianların qəbul etdikləri indiki Tövratın ilkin fəsilləri Həzrət Adəmin (ə) Behiştdən qovulmasını onun elm sahibi olması ilə əlaqələndirir!

Orada göstərilir ki, Həzrət Adəm (ə) elm və bilik ağacından qidalandığı üçün Behiştdən qovuldu! Görün, Behişt yolunu elm və bilikdə görən məktəblə elmi Behiştdən qovulma səbəbi kimi tanıtdıran məktəb arasında nə qədər fərq vardır?!

2. Mələklər elm əhli üçün qanad açırlar!

İmam Əli (ə) hədisin ikinci hissəsində mələklərin öz istəkləri ilə elm əhlinin yolu üstünə qanadlarını açmasından xəbər verir. Yəni tələbələr və elm öyrənənlər məktəbə doğru hərəkət etdikləri zaman mələklərin qanadlarına ayaq basırlar!

Doğrusu, nə üçün mələklər yüksək məqamları ilə belə, qanadlarını elm əhlinin ayaqları altına sərirlər?

Bunun cavabı aydındır; mələklər elm və biliyin qədrini yaxşı bilirlər. Adəm (ə) yarandıqda, Allahdan onun yaranış səbəbini soruşdular?

Allah-Taala Həzrət Adəmin (ə) yaranışını elm və biliyi ilə əlaqələndirdi. O, mələklərlə müsabiqədə qələbə çaldı. Bundan sonra Adəmin (ə) qarşısında səcdə etdiklərinin səbəbini və beləcə, elmin həqiqi dəyərini anladırlar.

Elə buna görə də, öz qanadlarını elm axtaranlar üçün açırlar. Elm yolunda addım atanlar böyük məqamlarının qədrini bilsinlər, ona görə Allaha həmişə şükür etsinlər və başqalarını da öz elm və biliklərindən məhrum etməsinlər.

3. Bütün varlıqların elm əhli üçün bağışlanmaq diləməsi

İmam Əli (ə) hədisin üçüncü hissəsində yer və göy əhlinin, hətta dənizdəki balıqların belə, elm əhli üçün bağışlanmaq diləməsindən söz açır.

Peyğəmbərlər, övliyalar, vəsilər, imamlar, mələklər, insanlar, canlılar və hətta balıqlar Allah-Taaladan elm əhli üçün rəhmət və bağışlanmaq istəyir və şübhəsiz, onların duası Allah dərgahında qəbul olunur.

Əziz tələbələr və elm yolunda qədəm götürənlər! Sizə nəsib olan bu ilahi nemət haqda düşünün və mehriban Allahın nemətinə şamil olduğunuz üçün daim Ona şükür edin və öz qədrinizi bilin.

Nə çox adam var ki, elm yolunda addım atmağı arzu etsə də, buna müvəffəq ola bilmir. Elm öyrənməyə müvəffəq olmağınız səbəbsiz deyil. Bu ilahi müvəffəqiyyətin səbəbləri ayrıca bəhs tələb etsə də, şübhəsiz, hikmətli Allah bəzilərinə bu neməti hesab-kitab üzündən əta, bəzilərini isə məhrum edir.

Doğrusu, sevindirici haldır ki, insan Allahın Behiştinə doğru addımlayacaq bir yolda hərəkət etsin, bu yolda mələklərin qanadları üzərində addımlasın və bütün varlıqların xeyirli duasına şamil olsun. Bundan da böyük fəxrmi?

(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031