Ayın hilalları və hikmətli nöqtələr
Mьəllif: admin1
Tarix: 15-04-2021, 23:36
Ayın hilalları və hikmətli nöqtələr
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 189-cu ayəsində buyurur:

يَسْأَلُونَكَ عَنِ الأهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَـكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

“(Ya Rəsulum!) Səndən ayın hilalları (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) haqqında soruşurlar. De: “Onlar insanların (dünyəvi işlərinin) vaxtlarının və Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir.

Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) və lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun və Allahdan qorxun, bəlkə nicat tapasınız.”

Bu ayədə Peyğəmbərə ayla bağlı ünvanlanan suala cavab verilərkən bəzi nöqtələrə işarə olunur: Ey Peyğəmbər! Ayın müxtəlif cilvələrinin faydaları haqqında soruşanlara de ki, ayda baş verən dəyişikliklər xalq üçün vaxtı tanımaq, ümumi və təbii təqvim vasitəsidir.

İslamın imtiyazlarından biri budur ki, öz proqramını təbii, ümumi və xərcsiz miqyaslar üzərində qurmuşdur. Məsələn, kürr suyun miqdarının təyini üçün qarış götürülmüşdür. Namaz vaxtının təyinində günəşin çıxması və batması vasitədir.

Ramazan ayının və həcc dövrünün başlayıb sona çatma vaxtı ay vasitəsi ilə müəyyənləşdirilir. Ayın müxtəlif şəkilləri ümumi təqvim rolunu oynayır və hamının ixtiyarındadır.

Təqvim və tarixə ehtiyac ictimai həyatın zərurətlərindəndir. Bu təqvimin ən üstün cəhəti odur ki, istər savadlı, istər savadsız şəxs harada olur olsun, bir baxışla zəruri vaxtı təyin edə bilir.

Sonra buyurulur: Yaxşılıq onda deyil ki, ehram halında qapını qoyub evin arxasından mənzilə daxil oluna. Ehram halında evə arxadan daxil olmaq xürafatdır.

Hər bir işin düzgün yolu var və iş öz təbii yolu ilə həyata keçməlidir. Hər bir iş üçün münasib vaxt, münasib üsul və münasib rəhbər lazımdır. Vaxt ay vasitəsi ilə Allah tərəfindən təyin olunduğu kimi, rəhbər də Onun tərəfindən müəyyənləşdirilməlidir.

Bu əsasla ayə belə mənalandırılır: Aydan vaxtı tanıma və işlərin icra yolunu öyrənmək üçün istifadə edin. Yolunuzu azmayın. Səadət və xoşbəxtliyin öz yolu var və bu yolla hərəkət edilməlidir. Zaman, yol və rəhbəri seçərkən Allahdan qorxun. Bəlkə nicat tapasınız...

İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayədə məqsəd odur ki, hər bir iş öz yolu ilə görülsün.” (“Təfsiri-Məcməul-bəyan”, c.2, səh.509.)

Məsum imamlar buyurmuşlar: “Biz Ali-Muhəmməd Allahın qurtuluş qapılarıyıq.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.” (“Təfsiri-Məcməul-bəyan”, c.2, səh.509.)

Bu ayədəki “vətul-buyutə min əbvabiha” cümləsi iki “təqva” sözü arasında yerləşmişdir. Bu ardıcıllıq işlərin icrasında fövqəladə əhəmiyyət rəmzi ola bilər. Təqvası nöqsanlı olanlar getdikləri yolda büdrəyirlər.

Ayə belə mənalandırıla bilər: De ki, bu ay zamanı tanımaq və dini işləri tənzimləmək üçündür. Amma ayın necə dəyişdiyini bilmək istəyirsinizsə, bunun da öz yolu var. Mütaliə edin, təhsil alın. Quran bu təbirlərlə bəyan edir ki, yaxşılıq əyri yolla getmək yox, hər bir işi öz yolu ilə görməkdir. Atmosfer dəyişiklikləri ilə tanışlıq bu sahədəki ehtiyacları təmin edir.

Bildirişlər

1. Dəqiq proqram və vaxt bölümü üzrə səma cisimlərinin və ayın hərəkəti xalqın ibadət və işlərinin tənzimində təsirli ola bilər.

2. Əgər təbiət, səma cisimləri dəqiq nizamlıdırsa və insanların öz işlərini nizama salmasında yardımçıdırsa, insafdan deyil ki, biz nizamsız, hesab-kitabsız, özbaşına mövcudlar olaq.

3. Suallara elə bir formada cavab verin ki, sual edən şəxs anlasın və ehtiyacı ödənsin.

4. İslam cahil və xürafi adət-ənənələrlə mübarizə aparır.

5. Ata-babaların xürafi adətlərindən yaxşılıq əldə etmək olmaz. Yaxşılığı vəhy və məsum rəhbərlərin göstərişləri çərçivəsində, eləcə də məntiqi üsullarla əldə etmək olar.

6. Əgər bir yolu bağladınızsa, doğru yolu göstərin.

7. Dini məfhumların dəyəri onların insanlarda təcəllasındadır. Yaxşılıq "təqvadır" yox, yaxşılıq "təqvalı olandır" buyurulur.

8. Əyri yol getmək təqva deyil. Əgər ilahi övliyaların yolundan çıxsaq və getdiyimiz yolu təqva yolu adlandırsaq, şübhəsiz ki, azmışıq.

9. Yanlış və məntiqsiz üsullar təqvaya ziddir.

10. Vaxtın hifzi və işlərdə nizamın gözlənilməsi təqva və qurtuluş nümunəsidir.

11. Təkamülün sonu qurtuluşdur. Bir çox göstərişlər təqvaya çatmaq üçündür. Bu ayədə isə təqva qurtuluşun müqəddiməsi kimi tanıtdırılır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 189-cu ayənin təfsiri.)

(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031