Ramazan ayı – özünütərbiyə üçün idman meydanı
Mьəllif: admin1
Tarix: 14-05-2019, 10:24
Ramazan ayı – özünütərbiyə üçün idman meydanı
Bizim yerinə yetirdiyimiz bütün ibadətlər və şəri təkliflər, həqiqətdə, tərbiyə vasitələridir, kamil olmağımıza xidmət edir, idman və məşqdir. Əgər siz idman etməsəniz, cisminiz zəifləyəcək, gücünüz azalacaqdır.

Əgər cisminizin güclü və yaraşıqlı olmasını, qüdrət və istedadlarınızın çiçəklənməsini istəyirsinizsə, mütləq idmanla məşğul olmalısınız. (Ruh da belədir.) Namaz da idmandır. Oruc da idmandır. İnfaq və yardım da idmandır.

Günahlardan çəkinmək də idmandır. İnsanlara qarşı xeyirxahlıq da idmandır. Bu idmanlar sayəsində ruh gözəlləşir, güclənir və kamilləşir. Bu idmanlarla məşğul olmasaq, zahirimiz gözəl görünsə də, batinimiz kiçiləcək, qüsurlu olacaq və eybəcərləşəcək.

Həmin idman növlərindən biri də orucdur. Oruc, yalnız yeyib-içməkdən çəkinmək deyil. Yeyib-içməmək niyyətlə olmalıdır. Ola bilər, sizdən biriniz gün boyu hansısa məşğuliyyət ucbatından 12 saat, 15 saat yemək üçün fürsət tapmasın və buna görə sizə heç bir savab verilməz. Amma bu imsak niyyətlə baş verdikdə, əməllə yanaşı olduqda, parlaq gövhərə çevriləcək, sizə dəyər verəcək, ruhunuzu qiymətləndirəcək.

Orucun şərti niyyətdir. Niyyət nədir? Yəni bir əməli, bir hərəkəti, bu imsak və məşqi Allaha görə, Allah yolunda, Allahın əmrinə boyun qoymaq məqsədilə yerinə yetirmək. Hər bir işə dəyər verən budur! Odur ki, mübarək Ramazan ayının birinci gecəsinin duasında belə oxuyuruq:

اللَّهُمَّ اجْعَلْنَا مِمَّنْ نَوَى فَعَمِلَ وَ لا تَجْعَلْنَا مِمَّنْ شَقِيَ فَكَسِلَ

“İlahi, bizi niyyət etdikdən sonra əməl edənlərdən qərar ver, bədbəxt və tənbəllərdən qərar vermə!” (“Əl-iqbal bil-əmalil-həsənə”, Seyid ibn Tavus, 1-ci cild, səh.1376.)

Tənbəllik, yəni işə qarşı rəğbətsizlik, halsızlıq; istər mənəvi işlərə qarşı olsun, istərsə də, maddi işlərə. Tənbəllik bədbəxtlikdir.

Oruc ən gözəl işlərdən biridir. Zahirən bir iş görmürsən, amma batinən böyük işdir, əməldir, müsbət işdir. Çünki bu iş niyyətlə birgədir. Odur ki, bu niyyətə görə oruc meydanına daxil olduğunuz andan (sübh azanından şam azanına qədər) ibadətdəsiniz; yerişiniz belə ibadətdir. Peyğəməbri-Əkrəmin (s) belə buyurduğu nəql olunur:

أَنـْفـَاسـُكـُمْ فِیهِ تَسْبِیحٌ وَ نَوْمُكُمْ فِیهِ عِبَادَةٌ

“Ramazan ayında sizin nəfəsləriniz zikr, yatmağınız ibadətdir!” (“Əmali”, Şeyx Səduq, səh.84.)

Yəni insan heç bir iş görmədiyi halda, niyyət edərək bu meydana qədəm qoyduğu üçün, daim ibadət halındadır. Başqa bir rəvayətdə belə buyurur:

نَوْمُ الصَّائِمِ عِبَادَةٌ وَ صَمْتُهُ تَسْبِیحٌ

“Oructutanın yuxusu ibadət və sükutu zikrdir!” (“Səvabul-əmal”, səh.75.)

Bəli, oruc ikən sükut etsəniz də, sanki “subhanəllah” deyirsiniz.

وَ عَمَلُهُ مـُتـَقـَبَّلٌ وَ دُعـَاؤُهُ مـُسـْتـَجـَابٌ

“Oructutanın əməli məqbul və duası müstəcabdır.” (“Səvabul-əmal”, səh.75.)

Bu mübarək ayda yatmağınız və sükutunuz ibadət, nəfəsiniz zikr, əməliniz məqbul və dualarınız müstəcabdır. Nə üçün? Çünki Ramazan ayında otuz gün Allaha xatir imsak edir, cismani və maddi ləzzətlərdən çəkinirsiniz.

Bir rəvayətdə İmam Sadiq (ə) yaxın səhabəsi və şagirdi Məhəmməd ibn Müslümə buyrmuşdur:

إِذَا صُمْتَ فَلْیَصُمْ سَمْعُكَ وَ بَصَرُكَ وَ لِسانُكَ وَ لَحْمُكَ وَ دَمُكَ وَ شـَعْرُكَ وَ بشرُكَ

“Oruc tutduqda, qulağınla, gözünlə, ətinlə, qanınla, dərinlə və tükünlə oruc tut.” (“Əl-muqniə”, səh.310.)

Yalan danışmayasan, mömin insanları bəlaya salmayasan, sadə qəlbliləri aldatmayasan, müsəlman qardaşları və İslam camiəsinə qarşı hiylə işlətməyəsən, pislik etməyəsən, pis fikirləşməyəsən, iftira yaxmayasan, tərəzidə əskik satmayasan, əmanətdar olasan.

Ramazan ayında yeyib-içməkdən, nəfsi və cinsi istəklərdən çəkinməklə oruc tutan insanın dili, gözü, qulağı və bütün əzaları da oruc olmalı, özünü Allah-Taalanın hüzurunda hiss edərək günahlardan çəkinməlidir.

İmam (ə) hədisin davamında buyurur:

وَلایـَكـُونُ یـَوْمَ صـُوْمـِكَ كـَیـَوْمِ فـِطـْرِكَ

“Oruc tutduğun günün oruc tutmadığın gün kimi olmasın.”

İnsan oruc tutduğu günlərdə gərək nəfsinin tərbiyəsinə diqqət yetirsin və bu fürsəti qənimət bilsin.

Əmirəlmöminin Əli (ə) buyurur:

صَوْمُ النَّفْسِ امْساكُ الْحَواسِّ الْخَمْسِ عَنْ سائِرِ الْمَآثِمِ وَ خُلُوُّ الْقَلْبِ مِنْ جَميعِ اسْبابِ الشَّرِّ

“Nəfsin (ruhun) orucu beş duyğunu digər günahlardan qorumaq və qəlbi bütün çirkinlik səbəblərindən təmizləməkdir.” (“Qurərul-hikmə”, hədis 5889.)

Əmirəlmöminin Əlidən (ə) nəql olunan bu hədisdə ruhun orucu ilə cismin və qarnın orucu ayrıdır. Ruhun orucu bütün duyğuların günahlardan uzaq olması, qəlbin şər və fəsad səbəblərindən boş və təmiz qalması deməkdir. Qəlbimzi Allah-Taala və Onun bəndələrinə qarşı təmizləyək, saflaşdıraq.

Əziz bacılar və qardaşlar! Bu fürsətdən layiqincə bəhrələnək. Ramazan ayı Allaha yaxınlaşmaq və kamala yetmək, çirkinliklərdən çəkinmək və günahlardan paklanmaq üçün olduqca qiymətli bir fürsətdir. Bu aya məxsus dualar bir fürsətdir.

Bu ayda tövbə və istiğfar etmək bir fürsətdir. Məbada bu fürsətləri əldən verək. Bu Ramazan ayının hər günü, hər saatından layiqincə istifadə edək. Mən namazqılan qardaşlara və bacılara, məxsusən, gənclərə tövsiyə edirəm ki, bu ilahi rəhmət baharının qədrini bilin, istiğfar edin, Allah qapısına üz tutun, cismani, ruhani, fikri və qəlbi günahlardan tövbə edin.

Allaha üz tutan, Onun dərgahında günahlarını etiraf edib bağışlanma diləyən camiə nurani bir camiədir və buna görə də Allah-Taala xeyir-bərəkətlərini həmin camiəyə nazil edəcək.

(Dər sayesare Rəməzan, Ayətullah Xameneinin çıxışları – 1376/10/12.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031