Namazda salamın cavabının alınmasının hikməti
İslam dini insanın abır və həyasına xüsusi dəyər verən bir dindir. Belə ki, hətta mömini şad etməyi, çətinliyində ona yardım etməyi belə, saleh əməllərdən hesab edir. Belə bir insan Allaha yaxın olan insanlardan olur. Hər kim Allah bəndəsini incidər və əziyyət verər – o, hesabsız və cəzasız qalmaz.
Allah Təala Quranda buyurur: “Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz”. (“Bəqərə” 83). Allah Təala bu ayədə buyurur ki, Allah insanlardan istəyir ki, bir-biri ilə yaxşı rəftar etsinlər və bir-birinin şəxsiyyətinə dəyər versinlər. Heç bir halda onları alçaltmasınlar. Başqa ayəsində buyurur: “(Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi”. (“Bəqərə” 85). Dinimiz buyurur ki, insanların bir-birinə yardım etməsi, bir-birinə hörmət etməsi və müsəlmanların vahid halda olması – zəruri mövzulardandır. Dinimiz hətta salamın belə cavabını verməyi vacib buyurmuşdur. İnsan namaz qılan zaman başqa heç bir söz deməyə haqqı yoxdur. Ancaq Allah insan kəramətinə o qədər dəyər verir ki, insana namaz qılan halda salam verənin cavabını almağı vacib buyurur. Bu yolla göstərmək istəyir ki, baxmayaraq ki, namaz vacib əməllərdəndir, ancaq insan kəraməti ondan daha üstündür. Yəni, namaz qılan şəxs qarşı tərəfin kəramətini əziz tutmaq üçün onun salamının cavabını, namaz halında olsa belə, verməlidir. Bu yolla onu necə əziz tutduğunu göstərər. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21). Bu ayə Peyğəmbəri (s) bizə örnək insan kimi tanıdır və başqa insanların da onun rəftar və davranışlarından ibrət götürməsini tövsiyə edir. “Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı)rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54). Uca Allah bu ayədə əziz Peyğəmbərə (s) xitab edərək buyurur ki, möminlər sənin yanına gələn zaman onları əziz tut və onlara hörmət et. Öz salamınla onların qəlbini isit. Bu əməl onların iman və iradəsini gücləndirəcəkdir. “Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88). Bu ayədə də Həzrətə (s) xitab olunmuşdur və buyurur ki, möminlərə qarşı təvazökar ol. Əlbəttə ki, bu ayə zahirdə Peyğəmbərə (s) xitab olunsa da, əslində bütün insanlara xitab olunmuşdur. Hər bir insanın dəyərli olduğunu bizlərə bir daha xatırlatmaq istəyir. /Deyerler.org/ Oxşar xəbərlər
|