Orucluğun 3 mərhələsi
Oruc üçün üç mərəhələ zikr edilmişdir ki, onlarla tanış olaq.
1. Aclıq və susuzluq mərhələsi. Orucluğun birinci mərhələsi aclıq və susuzluq və nəfsi istəklərdən çəkinməkdir ki, bütün oruc tutanlar bu mərhələdə qərar tuturlar. Bu mərhələ ibtidai mərhələ olmasına baxmayaraq, insan nəfsini imtahana çəkər və onu təmrin etdirər. İmam Rzanın (ə) buyurduğu kimi, oruc tutan aclıq və susuzluq çəkərək, Qiyamət günü çəkəcəyi aclıq və susuzluğunu yada salmalıdır. Yəni, insan qəbirdən qalxandan sonra hesaba çəkilməzdən əvvəl aclıq və susuzluq mərhələsindən keçər. Ona görə də bu birinci mərhələ bizə həm dünya işlərində və həm də axirət işlərində yardımçı ola bilər. İmam Rzadan (ə) gələn başqa hədisdə oxuyuruq ki, aclıq və susuzluq insanda səbir və dözüm hissini gücləndirər. Yəni, insan həm nəfsini islah edər və həm də səbir kimi böyük bir nemətə sahib olar. 2. Günahdan çəkinmək – orucluğun ikinci mərhələsidir. Yəni, gözünü, qulağını, dilini, qəlbini hər cür günahdan qoruyub saxlayasan. Əmirəl-möminin (ə) buyurur: “Necə ki, yeməkdən, içməkdən, nəfsi istəklərdən çəkinirsiniz – günahdan da çəkinin”. Bu mərhələ – birinci mərhələdən daha üstün mərhələdir. Yəni, insan aclıq və susuzluqla yanaşı, bütün bədən üzvlərinə nəzarət etməli və onları günahdan saxlamalıdır. 3. Qəflətdən çəkinmək – orucun üçüncü mərhələsidir. Oruc insan çalışmalıdır ki, zehni və qəlbi Allahı yada salmaqdan qafil olmasın. Həzrət Peyğəmbər (s) Allahdan soruşur: “Orucun əldə olunan faydası nədir?”. Allah Təala buyurur: “Oruc, hikmət bulağını qəlbdə qaynadar. O zaman ki, hikmət qəlbə hakim olar, o nurani mərifət meydana gələr. Mərifət meydana gələn kimi, həmin yəqin də meydana gələr ki, Həzrət İbrahim (ə) onu Allahdan istəmişdi. O zaman ki, insan yəqinə malik olar – həyatın bütün çətinlikləri onun üçün asan olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|