Niyə Qədr gecəsində əhya saxlayırıq?
Müqəddəs Qədr gecəsi – o gecədir ki, onda Quran nazil olmuşdur. Ona görə də bu gecələrdə oyaq qalıb onun feyzindən bəhrələnmək lazımdır. Bu nurani Kitabı başımıza qoyaq və onu hacətlərimiz üçün vasitə qərar verək.
Qurana söykənərək, Məsumlara (ə) təvəssül edərək Allahdan bağışlanma istəyək. Həmin gecədə özümüz üçün qəti qərar verək ki, bu mübarək Kitabın hər bir ayəsinə və kəlməsinə sadiq olacaq və əməl etməyə çalışacağıq. Qədr gecəsi elə gecədir ki, əgər insan onda ixlascasına Allaha ibadət edərsə, onun üçün min gecə etdiyi ibadətlərdən daha üstün olar. Əgər bu gecədə oyaq qalarıqsa, başqa gecələrdən daha çox ibadətlər yerinə yetirmiş olarıq. Bu, elə gecədir ki, bütün göydəki mələklər yerə enər və möminləri əhatələrinə alarlar. Onların ibadət və itaətlərinə şahid olar və bir daha İlahi xəlifə adını qazandıqlarına əmin olarlar. Ona görə də bu gecələri gərək elə keçirək ki, bu ada layiq olaq. Bu, elə gecədir ki, insan bir ildə gedə biləcəyi İlahi yolu bir gecədə başa vura bilər. Bu gecədə ən gözəl şəkildə nəfsinə qalib gələr və niyyəti ancaq İlahi rizanı qazanmaq olar. Çünki onu vəsvəsə edən yoxdur və bütün şeytanlar zəncirdədirlər. Bu, elə gecədir ki, insanın bir illik taleyi həll olar. Ona görə də onu yataraq bada vermək olmaz. İmam Zaman ağa (ə.f) hər birimizin taleyinə imza atar və bir illik taleyimizi təyin edər. Bu səbəbdən də deyirlər ki, hər kim Qədr gecələrini dərk edərsə, İmam Zamanını (ə.f) dərk edə bilər. Əslində Qədr gecələri Allahın insana il ərzində verdiyi ən böyük fürsətdir ki, özünə çəki-düzən versin və əməllərini islah etsin. Tövbə edib paklansın və Allaha yaxınlaşsın. Aralarında olan hicablar aradan qalxdığı üçün, bəndəsinin hər bir duasını eşidər və onu yerinə yetirər. Ona görə də o kəs ki, bu bərəkətlərdən məhrum qalmaq istəmir – bu gecəni oyaq qalır və ibadətlə, dua və münacatla məşğul olur ki, belə bir fürsət ildə bir dəfə insana qismət olur. /Deyerler.org/ Oxşar xəbərlər
|