Ən böyük təhlükə
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 204-cü ayəsində buyurur:
وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ “Xalq arasında eləsi var ki, onun dünya həyatı haqqındakı danışığı səni təəccübləndirir. O, Allahı qəlbində olan hər şey üçün şahid tutur, (halbuki) o, ən qatı düşmənlərdəndir.” Ayədə qeyd olunan “ludd” sözü düşmənçilik mənasını verir. “Ələdd” isə qatı düşmənçilik edənə deyilir. “Xisam” sözü də düşmənçilik mənasındadır. Münafiqlər öz hiyləgər müqayisələri, rəqəmləri, ixtisasları, təcrübələri, zahirən elmi söhbətləri, şayiələri, hədələri, təbliğatları ilə yalnız bu maddi həyatda manevr qüdrətinə malikdirlər. Mənəviyyat meydanında, qeybi yardımlara, Allahın iradəsinə diqqətdə isə axsayırlar. Axirətdə də onların dilləri bağlı olacaq. Hətta onlara üzr istəmək icazəsi də verilməyəcək. Sonrakı ayədə buyurulur: وَإِذَا تَوَلَّى سَعَى فِي الأَرْضِ لِيُفْسِدَ فِيِهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللّهُ لاَ يُحِبُّ الفَسَادَ “Əgər qüdrət və hökumətə çatsa, yer üzündə fəsad, əkin sahələrinin və nəslin məhvi üçün çalışar. Allah fəsadı sevmir.” (“Bəqərə”, 205.) Ayədə qeyd olunan “təvəlla” sözünü iki cür mənalandırmaq olar: Birinci məna ayədə tərcümə olunduğu kimi qüdrət və hökumətə çatmaqdır. İkinci məna isə üz döndərməkdir. Bu halda ayə belə tərcümə olunmalıdır: “Əgər ilahi haqq və hidayətdən üz döndərib səndən uzaqlaşdısa, fitnə-fəsad sorağınca gedər...” Əvvəlki ayədə münafiqlərin zahirən gözəl danışdığı bəyan olundu. Bu ayədə isə onların fəsad dolu rəftarı qeyd edilir. Başqa bir ayədə buyurulur: “Əgər salehlər hökuməti ələ alsalar, namazı bərpa edər, zəkat ödəyər, əmr be məruf və nəhy əz munkər edərlər.” (“Həcc”, 41.) Onlar bu vasitə ilə Allah və cəmiyyətdəki məhrumlarla rabitələrini qoruyarlar. Amma əgər ləyaqətsiz bir şəxs qüdrətə çatsa, xalq üzərində hakimiyyəti əlinə alsa, öz nəfsinin tüğyanı, nadanlığı, xarici təzyiqlər səbəbindən bütün cəmiyyəti özünə qurban edər. “Əl-mizan” kitabında qeyd olunduğu kimi, tarix şahiddir ki, bir çox müsəlmannümalar İslam və iman pərdəsi altında xalqa hakim olub əkinəcəkləri və nəsilləri məhv etdilər. Qanunları saxtalaşdırmaq, ideoloji müharibə və təbliğat, narkotik maddələr vasitəsi ilə iqtisadiyyatı və gənc nəsli məhv edənlər bu ayənin bariz nümunələridir. Sahələrin, əkinlərin məhvi, nəsillərin həlakı gələcək nəsillərin azğınlığa sövq edilməsi mənasındadır. Məraği və Fəxr Razi öz təfsir kitablarında ehtimal vermişlər ki, “hərs” qadınlara işarə ola bilər. Onlar buna “Bəqərə” surəsinin 223-cü ayəsini dəlil göstərmişlər. Onların fikrincə, “nəsil” sözü övladlara işarədir. Yəni zalım hakimlər (tağut) ailə nizamını və övladların tərbiyəsini məhv edirlər. Növbəti ayədə, yəni “Bəqərə” surəsinin 206-cı ayəsində buyurulur: وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ “Ona “Allahdan qorx” deyilən vaxt günah sayəsində əldə etdiyi qürur onu götürər. Cəhənnəm odu onun üçün kafidir və yer necə də pisdir!” Bildirişlər 1. Münafiqlərin iti və ovsunlu sözləri sizi aldatmasın. 2. Hər anda inanmayın. 3. Yalan and münafiqlərin nüfuz yollarındandır. Düşmənlər həmişə müqəddəsliyə qarşı müqəddəslikdən, dinə qarşı dindən istifadə edirlər. Onlar Allaha and içməklə Allahın Peyğəmbərinə xəyanət edirlər. 4. Münafiqlər öz söhbətlərini dünyəvi məsələlər üzərində qururlar ki, başqalarını öz təsirləri altına sala bilsinlər. 5. Allah öz Peyğəmbərini qeybdən və başqalarının qəlbindən xəbərdar edir. 6. Öz yalançılıqlarını bilənlər andlar və gözəl sözlərlə özlərini xalis və canıyanan göstərirlər. 7. Ləyaqətsiz bir şəxs qüdrətə çatsa, hər şeyi fəsada sürükləyər. 8. Ən böyük təhlükə iqtisadiyyatın və millətin əqidəsinin məhv edilməsidir. 9. Təkəbbür əhli heç vaxt başqalarının moizəsinə qulaq asmır. Tarixdə nəql olunub ki, Bəni-Üməyyə xəlifəsi Əbdülməlik Mərvan minbərdən Mədinə şəhərinə belə müraciət etdi: “And olsun Allaha, kim mənə təqvalı olmağı əmr etsə, boynunu vuracağam.” (“Təfsiri-Əhsənul-hədis”, c. 1, səh.376.) 10. Hakim öyüd-nəsihət qəbul edən şəxs olmalıdır. 11. Günah lovğalıq, qürur və təkəbbür səbəbidir. 12. Cəhənnəmə diqqət qüruru sındıran agahlıqdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 204-206-cı ayələrin təfsiri.) Maide.az Oxşar xəbərlər
|