Valideynlər öz övladlarının günahlarına şərikdirlərmi?
İslam dini birmənalı olaraq söyləyir ki, hər kəs öz günah yükünü özü daşıyar və başqası onun günahının yükünü daşımaz. “Heç bir günahkar başqasının günahını daşıyan deyildir”. (“İsra” 15).
Lakin dinimizdə belə qanun da vardır ki, əgər bir insan başqa insanın günah etməsində hansısa rola malikdirsə, onunla həmin günahda şərik olar. “Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!”. (“Nəhl” 25). İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurmuşdur: “Allah bəndələrindən hər kim özündən sonra yaxşı sünnət qoyub gedərsə, savabı bu sünnətə əməl edənin savabı ilə bərabər olar. Allah bəndələrindən hər kim özündən sonra bəyənilməyən iş qoyub gedərsə, günahı o bidətə əməl edənlərin günahı qədər olar”. Bu səbəbdən əgər valideyn övladının günahında ona yardım edər və dəstəkləyərsə, onun etdiyi günaha şərik olar. Həmçinin əgər onun tərbiyəsində səhlənkarlıq etmiş olarsa da, övladının günahında şərik olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim pis işə dəvət edərsə, onun ardınca gedənlərin günahı qədər günahkardır”. Əgər valideyn övladının yolunu azmasını görərsə və heç bir səy göstərməzsə ki, bunun qarşısını alsın – onun etdiyi hər bir günahda şərik olar. İmam Kazım (ə) buyurur: “Bir nəfər Peyğəmbərdən (s) soruşur ki, atanın övladı üzərindəki haqqı nədir? Həzrət (s) buyurur: “Onu adı ilə çağırmasın. Yol gedən zaman qabağa düşməsin. Ondan əvvəl əyləşməsin. Elə iş görməsin ki, insanlar onun atasını söysünlər”". /Deyerler.org/ Oxşar xəbərlər
|