Həzrət Musanın (ə) ölümü necə təxirə düşür?
Mьəllif: admin1
Tarix: 25-06-2019, 18:14
Həzrət Musanın (ə) ölümü necə təxirə düşür?
Qurani-Kərimdə oxuyuruq: “Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nəleyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız, onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır”. (“Bəqərə” 248).

Əhli-Beyt (ə) mənbələrindən belə nəticəyə gəlmək olur ki, Bəni-İsrayilin adlandırdığı əhd sandığı – o sandıqdır ki, Musanın (ə) anası onu həmin sandığın içərisinə qoyub, Nil çayına Allahın pənahına atmışdı.

Bu sandıq Fironun sarayında saxlanılırdı. Sonralar isə Bəni-İsrayilin əlinə düşür və onlar da Musanın (ə) bu sandıqdan xilas olmasının hörmətinə, onu əziz tuturdular.

Deyilənə görə, Həzrət Musa (ə) vəfat etməzdən əvvəl həqiqi Tövratı, zirehini və başqa əyşalarını onun içinə qoyur. Sonra onu öz canişini olan Yuşə ibni Nuna verir.

Bəni-İsrayil müharibələr zamanı bu sandığı itirirlər və düşmənlər onu özləri ilə aparırlar. Bu mövzu onlar üçün çox acı bir xatirə olaraq qalır.

Nəql olunur ki, Həzrət Musanın (ə) ömründən 240 il keçəndən sonra, Əzrayil (ə) onun yanına gəlir və deyir: “Salam olsun sənə, ey Allahın həmsöhbəti!”.

Musa (ə) salamın cavabını verəndən sonra soruşur ki, sən kimsən?

Əzrayil deyir: “Mən – Ölüm Mələyiyəm”.

Musa (ə) deyir: “Bura nə üçün gəlmisən?”.

Əzrayil deyir: “Gəlmişəm ki, ruhunu qəbz edəm”.

Musa (ə): “Ruhumu bədənimin hansı hissəsindən xaric edəcəksən?”.

Əzrayil: “Ağzından”.

Musa (ə): “Niyə ağzımdan, axı mən bu ağzımla Allahla söhbət etmişəm?”.

Əzrayil: “Əllərindən”.

Musa: “Niyə əllərimdən, axı bu əllərlə Tövratı tutmuşam?”.

Əzrayil: “Ayaqlarından”.

Musa (ə): “Niyə ayaqlarımdan, axı bu ayaqlarla Tur dağına getmişəm?”.

Əzrayil: “Gözlərindən”.

Musa (ə): “Niyə gözlərimdən, axı bu gözlərlə Allahın ümidini çəkmişəm?”.

Əzrayil: “Qulaqlarından”.

Musa: “Niyə qulaqlarımdan, axı bu qulaqlarla Allah Təalanın sözlərini eşitmişəm?”.

Allah Əzrayilə vəhy edir ki, onun ruhunu qəbz etməsin o zamana qədər ki, özü istəyər. Əzrayil oranı tərk edir və bundan sonra Musa (ə) bir neçə il yenə ömür sürür.

Musa (ə) öz vəsiyyətini canişininə etdikdən sonra, Tur dağına gedir. Görür ki, bir nəfər orada qəbir qazır. Deyir ki, gəl, sənə yardım edim. Qəbri bir yerdə qazırlar.

Qəbir hazır olanda Həzrət Musa (ə) qəbrə düşür və orada uzanır. Bu zaman Allah Təbarəkə və Təala onun gözündəki pərdəni götürür və o, özünün behiştdəki məqamını görür.

Deyir: “Allahım, məni Özünə tərəf apar”.

Bu zaman Əzrayil onun canını alır. Həzrət Musanı (ə) həmin qəbirdə dəfn edir.

Qəbir qazan da elə Əzrayilin özü olur. Ona görə də indi Musanın (ə) qəbri Tur dağında yerləşir.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031