Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin - İmam Əli (ə)
Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış və onu düşmənlərinə verməyə xəsislik etməmişdir. Xeyri və yaxşılığı az, şəri və pisliyi hazırdır. Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. Sizdən istədiyini yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin. Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır. Onlara verilənlərə (vəziyyətlərinin yaxşılığına) görə qibtə edilsələr də (ibadət və bəndəlikdə olan təqsirlərə görə) nəfslərinə olan qəzəbləri çoxdur. Ölümü xatırlamaq qəlblərinizdən qaçıb-gizlənmiş (onun çətinliklərini nəzərə almırsınız) və sizi yalan arzular bürümüşdür. Deməli, dünya sizlərə axirətdən daha çox hakim kəsilmiş, keçici dünya əbədi və daimi axirətdən daha çox sizləri özünə tərəf çəkmişdir. Allahın dinində siz hamınız (bir) qardaşsınız. Batinlərin natəmizliyi və düşüncələrin pisliyindən başqa bir şey sizlərin arasına ayrılıq salmayıb. Buna görə də bir-birinizin yükünü götürmür, (heç bir işdə bir-birinizə kömək etmir), öyüd-nəsihət vermir, (ehtiyaclı günlərinizdə) bir-birinizə yaxşılıq və xeyiriniz çatmır, dostluq etmirsiniz! Sizlərə nə olub ki, dünyanın azını tapanda sevinirsiniz, məhrum qaldığınız axirətin çoxunu itirməyiniz isə sizləri kədərləndirmir? Dünyanın (malının) azının əlinizdən çıxması sizə iztirab verib narahat edir. Əldən verdiyinizin narahatlığı və iztirabı sizin üzlərinizdə və dözümünüzün azlığında aşkara çıxır. Sanki dünya sizin əbədi məkanınız, onun malı isə sizin üçün həmişəlik qalandır!!! Eyblərinizin üzünüzə deyilmək qorxusundan başqa heç nə sizlərdən heç kimi öz (din) qardaşı ilə görüşdə onun eybini deməkdən və barəsində pis danışmaqdan çəkindirməz. Doğrudan da axirəti əldən verib dünya ilə dostlaşmaqda bir-birinizə əsl dost olmusunuz. Sizin hər birinizin dini onun dili ilə yalaması qədərdir (dildə etiraf edib ürəyinizdə inanmırsınız). Sizin belə rəftarınız öz əxlaqından uzaqlaşaraq ağasının razılığına şərait yaradanın işinə bənzəyir (buna görə də istədiyiniz hər bir işi əminliklə görürsünüz). Nəhcül Bəlağə 112-ci xütbə (İslamazeri) Oxşar xəbərlər
|