Bəla nazil edən 3 günah
«Kumeyl» duasında oxuyuruq:
اَللّـهُمَّ اغْفِرْ لِي الذُّنُوبَ الَّتي تُنْزِلُ الْبَلاءَ «Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul-bəla.» – «İlahi, bəla nazil edən günahlarımı bağışla.» İmam Səccaddan (ə) nəql olunur ki, üç günah insana bəla nazil edər: 1. Tərku iğasətil-məlhuf – Qəlbisınıq insanın fəryadına diqqətsizlik: Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir. İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil.» («Kafi», c.2, səh.163.) Öz din qardaşına yardım və onun fəryadına çatmaq Allah əmri, Peyğəmbər (s) və imamların (ə) sifarişidir. İmam Sadiq (ə) buyurur: «Allah möminin qəm-qüssəsini aradan qaldıran kəsin axirət qəm-qüssəsini aradan qaldırar...» («Kafi», c.2, səh.199.) İmam (ə) başqa bir hədisdə belə buyurur: «Hər kəs çətinlik zamanı mömin qardaşının fəryadına çatıb, onun qüssəsini aradan qaldırsa və ona istəyinə çatmaqda yardımçı olsa, Allah onun üçün 72 rəhmət yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni qiyamət qorxusu üçün ehtiyat saxlayar.» («Kafi», c.2, səh.199.) 2. Və tərku muavənətil-məzlum – Məzluma kömək etməmək: Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, İmam Əli (ə) Ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsən (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun.» Bəli, bu sözlər zülm və məzlum qarşısında möminin ən gözəl şüarıdır. İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs zalımdan məzlumun haqqını alsa, Behiştdə mənə yoldaşdır.» («Biharul-ənvar», c.72, səh.359.) İmam Əli (ə) buyurur: «Ən gözəl ədalət məzluma yardım göstərməkdir.» («Qurərul-hikəm», səh.446.) İmam Sadiq (ə) buyurur: «Möminin zülmə düşmüş möminə yardımı bir ayın orucu, Məscidül-Həramda etikafdan üstündür. Yardım etməyə qüvvəsi çatan mömin öz mömin qardaşına yardımçı olarsa, dünya və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda möminə yardım etməyi boşlayanı Allah dünya və axirətdə boşlayar.» («Səvabul-əmal», səh.147.) İslam Peyğəmbəri (s) buyurur: Allah-Taala buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və axirətdə zalımdan hökmən intiqam alaram. Məzlumu görüb gücü çatdığı halda ona yardım etməyəndən də intiqam alacağam.» 3. Və təzyiul-əmri bil-mə`ruf, vən-nəhyi ənil-munkər – Əmr be məruf və nəhy əz munkəri (yaxşılığa dəvət və pislikdən çəkindirməyi) tərk etmək: Yaxşılığa dəvət və pislikdən çəkindirmək dinin vacib buyruqlarındandır. Zəruri şəraitdə özü pak və uyğun hökmlərdən xəbərdar olan insan üçün bu vəzifələr vacibdir. Vacib olduğu halda bu iki vəzifəni tərk etmək böyük günahdır və əzabı vardır. Bütün peyğəmbərlər dinin əsasını təşkil edən bu iki əmri yerinə yetirmək üçün göndərilmişlər. Bu əmrlər pozularsa, elm və elmə əməl etmək məhv olar, din aradan qalxar, azğınlıq ayaq tutub yeriyər, nadanlıq baş qaldırar, xalq arasında fəsad yayılar, şəhərlər xaraba qalar, insanlar uçuruma yuvarlanarlar. «Ali-İmran» surəsinin 104-cü ayəsində buyurulur: «İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir.» «Tövbə» surəsinin 71-ci ayəsində oxuyuruq: «Mömin kişilərlə mömin qadınlar bir-birinin vəlisidirlər. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlayar, namaz qılıb zəkat verər, Allaha və Onun Rəsuluna itaət edərlər.» İslam Peyğəmbəri (s) buyurur: «Siz yaxşı işləri əmr, pis işləri qadağan etməlisiniz. Əks-təqdirdə, Allah pislərinizi (şər adamlarınızı) sizə qalib edər. Əgər belə olarsa, yaxşılarınız dua edər, amma duaları qəbul olunmaz.» («Məhəccətul-bəyza», c.4, səh.99.) O həzrət (s) başqa bir hədisdə buyurur: «Xalqın gediş-gəliş yolunda oturmaqdan çəkinin.» Soruşulur ki, «bu, bizim söhbət yerimizdir, çarə nədir?» Həzrət (s) buyurur: «Onda yolun haqqına, qayda-qanuna əməl edin... Naməhrəmə baxmayın, xalqa əziyyət etməkdən çəkinin, salama cavab verin, yaxşını əmr və pisi qadağan edin.» («Məhəccətul-bəyza», c.4, səh.99.) İmam Baqir (ə) buyurur: Allah Şüeyb peyğəmbərə belə vəhy etdi: «Sənin qövmündən yüz min nəfərə əzab edərəm. Onların qırx mini şər, altmış mini yaxşı insan olar.» Şüeyb ərz edir ki, bəs yaxşılara nə üçün? Allah buyurur: «Yaxşılar pislərə əl tutub onları pislikdən çəkindirmədilər, onlara etiraz etmədilər, mənim qəzəbimə xatir onlara qəzəblənmədilər.» («Kafi», c.5, səh.55.) Həzrət Peyğəmbərdən (s) soruşdular ki, «İslamda ən yaxşı iş nədir?» Həzrət (s) buyurdu: «Allaha iman». «Sonra nədir» – deyə soruşdular. Buyurdu ki, «sileyi-rəhm.» Dedilər: «Bəs sonra?» Həzrət (s) buyurdu: «Yaxşını əmr və pisi qadağan etmək.» Allahın qəzəbinə səbəb olan əməl haqqında soruşdular. Buyurdu: «Allaha şərik qoşmaq». Dedilər ki, bəs sonra? Buyurdu: «Sileyi-rəhmi kəsmək.» Dedilər ki, sonra? Buyurdu: «Pis işə əmr və yaxşı işə qadağa.» («Kafi», c.5, səh.58; «Kumeyl duasının şərhi», Ustad Hüseyn Ənsarian, 1-ci cild, səh.121-125.) Maide.Az Oxşar xəbərlər
|