Bəhlul: ‘Səndə nə varsa, hamısı xalqın malıdır... ’
Mьəllif: admin1
Tarix: 20-07-2019, 17:18
Bəhlul: ‘Səndə nə varsa, hamısı xalqın malıdır... ’
Harun Həcc səfərindən qayıdıb bir neçə gün Kufədə qaldı. Bir gün yoldan ötərkən Bəhlul onu üç dəfə “Harun, Harun, Harun” deyə səslədi.

Harun təəccüb etdi ki, onu bu sayaq kim çağıra bilər? Dedilər ki, divanə Bəhluldur. Harun Bəhlulu çağırıb soruşdu: “Məni tanıdınmı?”

Bəhlul dedi: “Bəli, sən o kəssən ki, məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə başçısı olduğun üçün Qiyamət günü cavab verməli olacaqsan.”

Harun soruşdu: “Halımı necə görürsən?”

Bəhlul belə cavab verdi: “Qurana bax, halını bil.” Sonra bu ayəni oxudu:

إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ. وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ

“Həqiqətən, yaxşılar Behiştdə qərar tutacaq və həqiqətən də, pislər Cəhənnəmdə olacaqlar.” (“İnfitar”, 13-14.)

Harun soruşdu ki, bəs çəkdiyimiz zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu:

إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ

“Allah yalnız təqvalılardan qəbul edir.” (“Maidə”, 27.)

“Bəs Peyğəmbərlə (s) yaxınlığımız necə olacaq?” – deyə Harun soruşdu. Bəhlul bu ayəni oxudu:

فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءلُونَ

“Sur üfürüləcəyi vaxt bütün qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç kim bir-birindən hal-əhval tutmaz.” (“Muminun”, 101.)

Harun Həzrət Peyğəmbərin (s) şəfaəti haqqında soruşduqda, Bəhlul yenə Quran ayəsi oxuyur:

يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا

“Həmin gün Rəhman Allahın icazə verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz.” (“Таһа”, 109.)

Bəhlula yaxşılıq etmək istəyən Harun soruşur ki, nə istəyin var?

Bəhlul deyir: “Günahlarımı bağışla, məni Behiştə göndər.”

Harun deyir: “Məndə belə bir güc yoxdur. Amma deyirlər ki, borcun var, bəlkə borcunu ödəyim?”

Bəhlul deyir: “Borcu borcla ödəməzlər. Səndə nə varsa, hamısı xalqın malıdır və sən xalqa borclusan. Əvvəl öz borclarını ödə.”

Harun başqa təklif edir: “Gəl, ömrünün sonunadək sənə maaş təyin edim.”

Bəhlul yenə etiraz edir: “Mən Allahın ruzisini yeyirəm. Sən bilən, Allah səni yada salır, məni yox?!” («Kumeyl duasının şərhi», Ustad Hüseyn Ənsarian, 1-ci cild, səh.278-279.)


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031