Andlarınızı pozmayın, əhd-peymanlarınıza sadiq qalın...
Allah-Taala Qurani-Kərimin “Nəhl” surəsinin 91-92-ci ayələrində buyurur:
وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدْتُمْ وَلَا تَنْقُضُوا الْأَیمَانَ بَعْدَ تَوْكِیدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَیكُمْ كَفِیلًا إِنَّ اللَّهَ یعْلَمُ مَا تَفْعَلُونَ “Allahla əhd-peyman bağladığınız zaman öz əhd-peymanınıza vəfalı qalın və andlarınızı möhkəmlətdikdən sonra pozmayın ki, (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürmüsünüz. Şübhəsiz, Allah etdiklərinizi bilir.” وَلَا تَكُونُوا كَالَّتِی نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا تَتَّخِذُونَ أَیمَانَكُمْ دَخَلًا بَینَكُمْ أَنْ تَكُونَ أُمَّةٌ هِی أَرْبَى مِنْ أُمَّةٍ إِنَّمَا یبْلُوكُمُ اللَّهُ بِهِ وَلَیبَینَنَّ لَكُمْ یوْمَ الْقِیامَةِ مَا كُنْتُمْ فِیهِ تَخْتَلِفُونَ “Öz ipini əyirib toxuduqdan sonra açıb bir-birindən ayıran (yelbeyin) qadın kimi andlarınıza qarşı çıxmayın. Belə ki, andlarınızı bir dəstənin digər bir dəstədən artıq və imkanlı olmasına görə öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz. (Məsələn, müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız.) Əslində, Allah sizi bununla sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizə aydınlaşdıracaqdır.” Əhd-peymana sadiqlik fitri bir hiss kimi dünyanın hər yerində bəyənilmiş, onu pozmaq isə pislənildiyindən, Qurani-Kərimdə də onun zəruriliyinə xüsusi yer ayrılmış və pozulması isə yelbeyin qadının işi tək pislənilmişdir. Məsələn: ... وَأَوْفُوا بِالْعَهْدِ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا “Əhd-peymanınıza vəfalı olun. Həqiqətən, (Qiyamət günü) əhd-peymandan soruşulacaqdır.” (“İsra” surəsi, ayə 34.) وَالَّذِینَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ “Onlar özlərinin (xalq və Xaliqlə) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları) əhd-peymanlarına riayət edirlər.” (“Muminun” surəsi, ayə 8.) Bəhsimizlə əlaqədar ayədə Allahla əhd-peymandan söz açılaraq belə buyurulur: وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدْتُمْ... “Allahla əhd-peyman bağladığınız zaman ona vəfalı olun...” Bu ayədə insanın Allah, peyğəmbər və imamla bağladığı əhd-peyman nəzərdə tutulur. Şəriət çərçivəsindəki belə əhd-peymana vəfalı olmaq zəruri və onu pozmaq isə haram sayılır. Allah, Peyğəmbər və insanlarla bağlanılan əhd-peymana sadiqlik kimi, Allaha and içməyin də öz ölçüləri vardır. Odur ki, şəriətdə hər bir anda yox, möhkəm anda qiymət verilir. Belə ki, bəzən, andlar nagahan insanın dilindən çıxır və fərd diqqət yetirmədən “Vallah”, “Allaha and olsun” ifadələrini dilə gətirir. Belə andlar bihudə (niyyətsiz) və təsirsizdir. Amma bəzi andlar diqqət və ciddi iradə ilə deyilir və o, “möhkəm and” adlandırılır. Məsələn: ... وَلَا تَنْقُضُوا الْأَیمَانَ بَعْدَ تَوْكِیدِهَا... “Möhkəm and içdikdən sonra onu pozmayın.” لَا یؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِی أَیمَانِكُمْ وَلَكِنْ یؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَیمَانَ... “Allah sizi bihudə andlarınıza görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andları pozmağınıza görə cəzalandırar...” (“Maidə” surəsi, ayə 89.) Sözügedən ayənin davamında andı pozmağın haramlığı aşılanır. Belə ki, camaatın hüzurunda Allaha and içən şəxs, sanki onları razı salmaq üçün Onu özünə zamin götürür və yalan danışdığı və andı pozduğu təqdirdə, Allaha hörmətsizlik edir: ...وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَیكُمْ كَفِیلًا... “Bir halda ki, Allahı özünüzə zamin götürmüsünüz.” İkinci ayədə onun pisliyi məsəllə izah edilir: وَلَا تَكُونُوا كَالَّتِی نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا “Əyirdiyini toxuduqdan sonra açıb bir-birindən ayıran (yelbeyin) qadın kimi olmayın.” Burada belə bir sual yaranır ki, “nə üçün onlar əhdlərinə sadiq qalmırdılar?” Cavab olaraq verilən ayə iki məsələni izah etməyə çalışır: 1. Bəzən, and və əhd-peymanlar bir sıra hiylə və kələk məqsədləri üçün həyata keçirilirdi: تَتَّخِذُونَ أَیمَانَكُمْ دَخَلًا بَینَكُمْ “Andlarınızı aranızda hiylə və fəsad vasitəsi edirsiniz.” 2. Bəzən də, Allah və Peyğəmbərlə (s) əhd bağlayanlar müxaliflərin daha qüvvətli və varlı olduqlarını gördükdə, and və əhdlərini pozub onlarla sazişə girirdilər. Çağdaş dünyamızda da bir çox kiçik ölkələr, bəzən, mühüm müqavilələrini böyük və qüdrətli ölkələrin qorxusundan pozmağa məcbur olurlar. أَنْ تَكُونَ أُمَّةٌ هِی أَرْبَى مِنْ أُمَّةٍ “Bir dəstənin digər dəstədən artıq və imkanlı olduğuna görə (andlarınızı pozursunuz).” Ayənin sonunda xəbərdarlıq edilir ki, əhdlərini pozanlar ilahi imtahanlardan qafildirlər və Qiyamət günü öz əməllərinin cəzasını alacaqlar: ...إِنَّمَا یبْلُوكُمُ اللَّهُ بِهِ وَلَیبَینَنَّ لَكُمْ یوْمَ الْقِیامَةِ مَا كُنْتُمْ فِیهِ تَخْتَلِفُونَ “Əslində, Allah sizi bununla sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizə aydınlaşdıracaqdır.” (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 29-cu məsəl.) Maide.az Oxşar xəbərlər
|