Niyə həccə, Həzrət İbrahim (ə) həcci deyirlər?
Mьəllif: admin1
Tarix: 7-07-2022, 09:41
Niyə həccə, Həzrət İbrahim (ə) həcci deyirlər?
Niyə həccə İbrahim (ə) həcci deyirlər? Salehin (ə), Musanın (ə), İsanın (ə) həcci demirlər?

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Adəm (ə) öz həccində Minaya çatır, mələklər onu görmək üçün gəlirlər. Deyirlər: “Ey Adəm! Həccin qəbul olsun. Bil ki, səndən iki min il əvvəl bu ev təvaf olunmuşdur. Burada həcc təşkil edilmişdir””.

Zərarə İmam Baqirdən (ə) İslamdan əvvəl olan həcc barəsində soruşur və İmam (ə) buyurur: “Keşmiş insanlar da həcc keçirərdi.

Biz sizə xəbər veririk ki, Adəm, Nuh, Süleyman cin, ins və quşlarla birlikdə Allah evinin həccini yerinə yetirmişdilər. Musa qırmızı dəvə üstündə həcci yerinə yetirmişdir. O halda ki, “Ləbbeyk!” deyirdi”.

Həzrət Peyğəmbərin (s) səhabələrindən biri nəql edir: “Həzrətlə (s) birlikdə bir yerdən keçirdik və ondan soruşdum ki, bura hansı vadidir? O, buyurdu: “Əsfan vadisidir. Hud və Saleh qırmızı dəvələrə minmiş halda idilər və başlarında xurma lifi və əyinlərində əba var idi. Bu vadidən keçən zaman “Ləbbeyk!” deyirdilər Beytul-ətiqin həccini yerinə yetirirdilər””.

Xızır peyğəmbər ki, həyat suyu içmiş və sağdır, hər il həccdə iştirak edir. Ərəfatda möminlərin duasına “amin!” deyir.

O zaman ki, yer suya qərq olur və Nuha (ə) vəhy olunur ki, gəmi ilə birlikdə Allah evini təvaf etsin. Mərvə və Səfada səy etsin. Sonra Cudi vadisində dayanır.

Bəs bütün bunlara baxmayaraq, niyə həcci İbrahim (ə) həcci adlandırırlar.

Bunun səbəbi İbrahimin (ə) sifətlərində gizlənmişdir. Qurani-Kərim İbrahimin (ə) bu sifətlərinə işarə etmişdir ki, onlarla tanış olaq.

1. Həzrət İbrahim (ə) bir ümmət idi. “Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi”. (“Nəhl” 120).

2. Həzrət İbrahim (ə) ilk müsəlman idi. “De: “Şübhəsiz, Rəbbim məni doğru yola – sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib”.

De: “Həqiqətən mənim namazım, ibadət, həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)”.

“Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)”. (“Ənam” 161-163).

3. İlahi imtahanda qalib gəlmişdi. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi.

Rəbbi dedi: “Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim”. (İbrahim) dedi: “Övladlarımdan necə?”. Dedi: “Mənim əhd-peymanım zalımlara nəsib olmaz””. (“Bəqərə” 124).

4. Allah evini pak saxlayırdı. “Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): “İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin””. (“Bəqərə” 125).

5. Allah evinin xadimi idi. “Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: “(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!”. (“Həcc” 26).

6. Kəbə evini inşa etmişdi. “Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): “Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!””. (“Bəqərə” 127).

7. Allahın əmrinə təslim idi. “İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.

O zaman Rəbbi (tövhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda, o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda, o, «Allahın əmrlərinə təslim oldum» dedi”. (“Bəqərə” 130-131).

8. Allahın dostu idi. “Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda, bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur”. (“Nisa” 125).

9. Mülayim və səbirli idi. “Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi”. (“Hud” 75).

10. Həzrət İbrahim (ə) bütsındıran idi. “(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) “And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam”.

Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə, (bircə) böyüklərindən başqa, onların (bütlərin) hamısını parça-parça etdi”. (“Ənbiya” 57-58).

11. Allahı tanıdan idi. “Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: “Bu, mənim Rəbbimdir, bu daha böyükdür!”.

(Günəş) batanda isə dedi: “Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam””. (“Ənam” 78).

Həzrət İbrahimin (ə) fəzilətli sifətlərini saymaqla bitməz. Bu səbəbdəndir ki, həcci məhz İbrahim həcci adlandırırlar. Çünki Kəbə evini inşa edən də, ona xadim olan da, onu pakizə saxlayan da məhz Həzrət İbrahim (ə) olmuşdur.


Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031