Həcc səfərində ən yaxşı azuqə
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 196-cı ayəsində buyurur:
وَأَتِمُّواْ الْحَجَّ وَالْعُمْرَةَ لِلّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلاَ تَحْلِقُواْ رُؤُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَن كَانَ مِنكُم مَّرِيضاً أَوْ بِهِ أَذًى مِّن رَّأْسِهِ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ “Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən və ya xəstəlik vasitəsilə) əməlləri yerinə yetirməyinizə maneçilik törənsə, (Məkkənin və yaxud Minanın qurbangahına dəvə, inək və qoyundan) sizə müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzdadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən kimsə (ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin. Əgər (Həcc və Ümrə barəsində düşməndən və ya xəstəlikdən) xatircəm olsanız, onda «təməttö» (Allaha yaxınlaşmaqdan bəhrələnmək və ehram bağlandıqdan sonra haram olmuş şeylərdən ehramdan çıxdıqdan sonra istifadə etmək) ümrəsini qabağa salıb «təməttö» Həccinə tərəf gedən kəsin boynundadır ki, (dəvə, inək və qoyundan) müyəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan (və ya ona pulu olmayan) şəxs həmin Həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu tam on gündür. (Əlbəttə,) bu (təməttö həcci), Məscidül-Həramda (Məkkə və onun iyirmi dörd kilometrliyinin) sakin olmayan kəslər üçündür. Allahdan qorxun və bilin ki, Allah ağır cəza verəndir.” Bu ayədə külli və cüzi şəkildə həcc və ümrə hökmləri bəyan olunmuşdur. Bu əməllərin geniş şəkildə hökmləri ilə rəvayətlərdə və alimlərin fitvalarında tanış olmaq mümkündür. Həcc Həzrət İbrahim (ə) tərəfindən bünövrəsi qoyulmuş mərasimdir. Bu mərasim Həzrət İbrahimin (ə) dövründən ərəblər arasında davam etmişdi. Allahın əmri ilə uyğun proqram İslam tərəfindən də qəbul edildi və qiyamət gününədək davam edəcəkdir. “Ümrə” ziyarət mənasındadır. Məkkəyə daxil olan kəs ehram libasında Kəbənin ziyarətinə gedib təvaf etməlidir. Həcc və ümrə azan və iqamə kimi iki oxşar əməldir. Onların arasında azca fərq vardır. “Hədy” həcc qurbanlığının adıdır. Bu ayədə təməttö ümrəsi təməttö həcci ilə yanaşı zikr olunmuşdur. Amma xəlifələrdən biri özbaşına şəkildə bunu qadağan etmişdir. Xəlifənin göstərişi aşkar Allah əmrinə qarşıdır. Fövqəladə məsələlərin hökmü zəruri vaxt çərçivəsindədir. Ona görə də oruca icazə verilməyən adi səfərlərdən fərqli olaraq bu səfərdə qurban kəsmək mümkün olmadıqda, oruc tutmaq əmr edilir. Həmin üç günlük oruc həcc ayının yeddinci, səkkizinci və doqquzuncu günlərinə düşür. Onuncu gün Qurban bayramı günüdür və həmin gün oruc tutmaq haramdır. Məsum imamlar “ətimmul-həcc” cümləsinin təfsirində buyurmuşlar: Tam həcc o həccdir ki, onda çirkin söz, günah və didişmə olmasın. Onun gedişində haramlara yol verilməsin.” (“Təfsiri-Nurus-Səqəleyn”, c.3, səh.183.) Sonrakı ayədə buyurulur: الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ “Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə hazırlayın ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” (“Bəqərə”/197.) Ayədə qeyd olunmuş dövr həcc və ümrəyə aiddir. Təməttö ümrəsi Şəvval, Zilqədə və Zilhiccə, həcc isə yalnız Zilhiccə aylarında yerinə yetirilir. Bildirişlər 1. Dini vəzifələri tam şəkildə yerinə yetirmək lazımdır. Həcc əməllərinə başladıqdan sonra onu yarımçıq qoymaq olmaz. 2. Həcc əməllərində Allaha yaxınlıq və ibadət məqsədi olmalıdır. Gəzinti və səyahət məqsədi ilə həcc yerinə yetirmək olmaz. 3. İslam hökmləri xalq üçün çətinlik yaratmır. Xəstə və xaricdən qorxusu olan insana həcc və ümrəni tamamlamaq vacib deyil. 4. İbadətlərdə məkanın da öz payı var. 5. Xəstəlik bir sıra hökmlərdə güzəştlərə səbəb olur. Amma hökmlər heç bir vəchlə öhdədən götürülmür. Ona görə də həcdə üzrü olanlar oruc, sədəqə və ya qurbanlıqla vəzifələrini yerinə yetirməlidirlər. 6. Həcdə qurbanlığın vacib olma meyarı onun asan və yüngül olmasıdır. 7. Ümrə və təməttö həcci hökmləri yalnız Məkkədə sakin olmayan hacılara aiddir. Məkkə sakinlərinin həcci isə başqa növdür. 8. İlahi cəzalara diqqət təqva zəminəsi yaradır. İlahi təkliflərin yerinə yetirilməsi üçün təqva şərtdir. 9. Bütün ilahi hökmlərin yerinə yetirilməsində təqvaya diqqət önə çəkilir. 10. Həcc əməlləri İslamdan qabaq başqa formada olmuşdur. Ona görə də Quranda bu dəyişikliklərə işarə olunur. 11. Həcc hökmlərində dəyişiklik edənlər üçün ağır cəza nəzərdə tutulur. 12. İslami ibadətlərdə zamanın mühüm rolu var. 13. Həcc və Məkkənin səfalı mühiti və fəzasını günaha batmaqla, kin-küdurətlə bulaşdırmaq olmaz. 14. Allahın xəbərdarlığına iman və yəqinlik vəzifələrin icrasında insana sevinc və ümid bağışlayır. 15. Bütün səfərlərdə azuqəyə ehtiyac var. Həcc səfərində ən yaxşı azuqə təqvadır. 16. Təqva düşüncə nişanəsidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 196-197-cu ayənin təfsiri.) Maide.az Oxşar xəbərlər
|