Haqq yolçularının çatmaq istədiyi ’Şükür‘ məqamı
Mьəllif: admin1
Tarix: 7-08-2019, 19:36
Haqq yolçularının çatmaq istədiyi ’Şükür‘ məqamı
Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən üstün və dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar da çox azdır.

Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında yazır: «Şükür zahiri və batini nemətin etirafı, nemət sahibini tanımaq və neməti Onun göstərişinə uyğun sərf etməkdir.» («Biharul-ənvar», c.64, səh.268.)

İmam Sadiq (ə) buyurur: «Şükür bütün haramlardan çəkinməkdir.» («Kafi», c.2, səh.95.)

Aşura gecəsi İmam Hüseyn (ə) xütbəsinin sonunda deyir: «Pərvərdigara, bizi şükür edənlərdən qərar ver.» («Əl-irşad», c.2, səh.91.)

Rağib İsfahani yazır: «Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb nemət verəni və neməti tanıyır, dil etiraf edir. Neməti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür.»

İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et.» Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə, Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də Məndən olduğunu bilməklə şükrü yerinə yetirdin.» («Kafi», c.2, səh.98.)

İmam Hüseyn (ə) «Ərəfə» duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq.»

Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən.»

Qeyd edilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlar və günahlardan çəkinmək əməli şükrün nümunələridir. (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.147-148.)



(Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031