Səfa və Mərvə – Allahın nişanələri
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 158-ci ayəsində buyurur:
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِن شَعَآئِرِ اللّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَيْهِ أَن يَطَّوَّفَ بِهِمَا وَمَن تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللّهَ شَاكِرٌ عَلِيمٌ “Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Ona görə də Allah evinin həcc və ya ümrəsini yerinə yetirən kəs Səfa və Mərvə arasında təvaf edə bilər və bunun eybi yoxdur. (Vacib işlərdən əlavə) hər kəs könüllü olaraq xeyir bir iş görsə, həqiqətən, Allah təşəkkür edən və biləndir.” “Şəair” xüsusi əməllərin nişanələri mənasını daşıyan “şəirə” sözünün cəm formasıdır. Allahın ibadət üçün müəyyənləşdirdiyi əlamətlər “şəairəllah” (Allahın nişanələri) adlandırılmışdır. (“Təfsiri-Məcməül-bəyan”.) Səfa və Mərvə Məscidül-Həramın kənarındakı iki dağın adıdır. Bu dağlar arasında təqribən 428 metr məsafə vardır. Onlar üzbəüz yerləşmişdir və hazırda örtülü xiyaban şəklindədir. Allah evinin ziyarətçiləri üçün bu iki dağ arasında yeddi dəfə hərəkət etmək vacibdir. Bu iş Həzrət İbrahimin (ə) fədakar zövcəsi Hacərin xatirəsinin yad edilməsidir. Hacər öz körpəsi İsmail üçün su əldə etmək məqsədi ilə bu iki dağın arasında yeddi dəfə iztirab və nigarançılıqla hərəkət etmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Yer üzündə bu iki dağ arasındakı məkandan üstün yer yoxdur. Çünki istənilən bir təkəbbürlü şəxs həmin məkanda başı-ayağı açıq, kəfənə bürünmüş şəkildə, heç bir imtiyaza və əlamətə malik olmadan hərəkət edir. Bəzən qaçır, bəzən isə yeriyir. Bu xatirələrdən əlavə, Səfa dağı İslam Peyğəmbərinin (s) dəvətini, Məkkə kafirlərinin tövhidə necə dəvət olunduğunu və onların bundan necə imtina etdiyini yada salır.” (“Təfsiri-Nurus-səqəleyn”, c.1, səh.145.) Cahiliyyət dövründə müşriklər Səfa dağının başına Usaf, Mərvə dağının başına isə Nailə adlı bütlər bərkitmişdilər. Dağlar arasında səy (qaçış) zamanı bu iki bütə təbərrük olaraq toxunardılar. Bütpərəstlərin bu hərəkəti səbəbindən müsəlmanlar Səfa və Mərvə arasında səydən ikrah duyur və düşünürdülər ki, vaxtı ilə bu dağların üzərində bütlərin qoyulması bugünkü səy üçün bir maneədir. Yuxarıdakı ayə nazil oldu və bəyan edildi ki, Səfa və Mərvə ilahi nişanələrdir. Nadan insanların bu iki dağa hörmətsizliyi onlardan kənarlaşmaq üçün əsas ola bilməz. (“Təfsiri-Tibyan”, c.1, səh.44.) Bəzən həcc və ümrə azan və iqamə kimi yanaşı xatırlanır. Bəzən ümrə əməlləri ayrıca yerinə yetirilir. Ümrədə beş əməl vacibdir: Ehram, təvaf, təvaf namazı, Səfa və Mərvə arasında səy, saçı və ya dırnağı qısaltmaq. (Həccin bundan başqa da əməlləri vardır ki, maraqlananlar uyğun kitablara müraciət edə bilərlər.) Hər halda, Səfa və Mərvə arasında səy həm ümrəyə, həm də həccə aiddir. Səfa və Mərvənin müşahidəsi tarix səhnəsində iştirakdır. Bu müşahidə vasitəsi ilə təsəvvürün yerini təsdiq, zehniyyətin yerini eyniyyət tutur. Səfa və Mərvədə ilahi məktəb fəaliyyətdədir. Bu məktəbdə Allahın iradəsi çeşidli fərqlərə malik insanları eyni bir libasda, eyni bir cəhətdə toplayır. Bu bir peyğəmbərşünaslıq məktəbidir. Bu məktəb öyrədir ki, Həzrət İbrahim – bu ilahi peyğəmbər ilahi göstərişi yerinə yetirmək üçün öz zövcəsi və övladını susuz səhrada necə tənha qoydu. Burada həm də insanşünaslıq dərsi öyrədilir. Öyrədilir ki, insan bir neçə anda əbədi əsərləri qalacaq əməllər yerinə yetirə bilər. Səfa və Mərvə arasındakı səy öyrədir ki, hamı birlikdə hərəkət etsə, cəmiyyətdə ilahi ruh təcəlla edər. Səfa və Mərvə arasında səy öyrədir ki, təkəbbürü bir kənara qoyub başqaları ilə çiyin-çiyinə hərəkət etmək lazımdır. Bu dərslərdən aydın olur ki, Allah adını canlandırmaq yolunda qadın və uşağın da payı vardır. Sözügedən ayədə Hacər, onun övladı, bu uşağın atası və digər müsəlmanların sınağından söhbət açılır. İlahi və ixlaslı işin əsəri o qədər yüksəlir ki, bütün peyğəmbər və övliyalar İbrahimin (ə) zövcəsi Hacərə təqlid etməli olurlar. İstisnasız olaraq bütün müsəlmanlar kəfənə bürünərək Hacər tək tövşüyə-tövşüyə həmin məsafəni yeddi dəfə qət edirlər. Allahın bu göstərişi onun Hacərə təşəkkürüdür. Səfa və Mərvə arasında səy vacib olsa da, “eybi yoxdur” ifadəsi ilə bu yerin bir zaman müşriklərin əlində olmasından yaranan nigarançılıqlar aradan qaldırılır. Təvaf dairəvi hərəkət deyil. Eyni bir nöqtədən başlayaraq yenidən həmin yerə qayıdışa təvaf deyilir. Bu hərəkət həm dairəvi, həm də düzxətli ola bilər. Ona görə Kəbə ətrafındakı dairəvi hərəkət də təvaf adlanır (“Həcc”, 29), Səfa və Mərvə arasındakı düzxətli hərəkət də. Bildirişlər 1. Allahın bəzi məkan və zamanlara xüsusi diqqəti onların ilahi nişanə sayılmasına səbəb olur. 2. İnsanın niyyəti işlərə dəyər verir. Müşriklər bütlərə toxunmaq üçün səy etdikləri halda, müsəlmanlar Allah razılığı üçün bu işi görürlər. İslamda buyurulur: “Allahın razılığı üçün səy edin.” 3. Əgər haqq mərkəzləri hansısa qruplar tərəfindən xürafatla bulaşdırılarsa, həmin mərkəzdən əl götürmək yox, orada iştirakla uyğun çirkabı aradan qaldırmaq lazımdır. Müəyyən yollarla azğın qrupların əli həmin mərkəzlərdən qoparılmalıdır. 4. İbadət aşiqanə və könüllü olmalıdır. 5. Allah Öz bəndələrinin ibadəti müqabilində təşəkkür edir. Bu təbir Allahın Öz bəndələrinə ən böyük lütfüdür.(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 158-ci ayənin təfsiri.) (Maide.Az) Oxşar xəbərlər
|