"Nəyə görə Həzrət Əli (ə) öz oğluna üçüncü xəlifənin adını, yəni, "Osman” qoydu?”
Vəhhabilər bu vasitə ilə şiələri sual altında qoymaq (haqsız çixarmaq) istəyirlər.
Bu suala cavab vermək üçün bir neçə zəruri məsələni qeyd etmək lazımdır: 1) Məsum İmamların (ə) səhabələrindən bəzilərinin adı "Şimr”, "Yəzid”, "Ömər” və s. kimi adlar olmuşdur ki, bu da həmin adların o dövrdə geniş yayılmasının göstəricisidir. 2) İbn Hacər Əsqəlani özünün "Əl-İsabə” adlı kitabında "Ömər” adlı bir çox şəxsin adını çəkmişdir. Məgər o bütün bu adları ikinci xəlifəyə olan məhəbbət və sevgisinə görə seçmişdirmi? O dövrdə elə şəxslər var idi ki, üç xəlifənin adını daşıyırdı və yaşları da onların yaşından çox idi. Məgər iddia etmək olarmı ki, hər kimin adı üç xəlifənin adından fərqlidir, onlara qarşı düşmənçiliyi və nifrəti vardır?! 3) Məsum İmamlardan (ə) bizə çatan rəvayətlərdə "Hərb” və "Zərar” adlarının qoyulması nəhy olunmuşdur. Amma Ömər, Osman və s. kimi adların qoyulması qadağan olunmamışdır. 4) Qoyulan ad həmişə məhəbbət və sevginin göstəricisi olmur. Elə yaşadığımız əsri götürək, məgər Səddamın adı Hüseyn deyildi? Bu ad onun imam Hüseynə (ə) olan məhəbbət və sevgisinin göstəricisidir, yoxsa imam Hüseyn (ə) aşiqi olmasından xəbər verir? Burada qeyd olunanlardan aydın olur ki, övladlara təkcə məsum İmamların (ə) adlarını qoymaqla, onlarda Əhli-beytə (ə) qarşı məhəbbət və sevgi yaratmaq olmaz. Məhəbbətin göstəricisi bu kimi şeylərdən daha yüksəkdir. Həmçinin uşaqlara ad qoyarkən İmamların (ə) adının verilməməsi, imam adlarından istifadə olunmaması da Əhli-beytə (ə) məhəbbətin olmaması demək deyildir. 5) Həzrət imam Səccadın (ə) dost və səhabələrindən birinin adı Yəzid ibn Hatəm, digərinin isə adı Şimr bin Yəzid idi. İmam Baqirin (ə) isə Yəzid əs-Saiğ adlı bir səhabəsi var idi. Bu halda dəlil olaraq demək olarmı ki, bu adlar Şimr və Yəzidə məhəbbətdən seçilmişdir? 6) Şeyx Mufid "İrşad” adlı kitabında imam Həsən Muctəbanın (ə) oğlanlarından birinin adının "Əmru”olduğunu bildirir. Bu halda demək olarmı ki, imam Həsən (ə) "Əmru ibn Əbdəvid”ə olan məhəbbətindən öz övladına bu adı qoymuşdur? 7) Müsəlmanların Həzrət Rəsuli-Əkrəmə (s) sevgi və məhəbbətlərinin olmasında heç bir şəkk-şübhə yoxdur. Belə olduğu bir halda, bütün müsəlmanlar öz övladlarının adını Muhəmməd qoyurmu? Və ya Rəsulullahın (s) mübarək adını övladlarına qoymayan şəxslərin Rəsulullaha (s) sevgilərinin olmadığını göstərirmi?! (Muntəhal-Amal, c. 1, səh. 703) 8) Adın qoyulması hər bir cəmiyyətin mədəniyyəti və adət-ənənələri ilə bağlıdır. Ərəblərdə bir sıra geniş yayılmış adlar vardır ki, bu adlardan bəzilərinin (məsələn "Ələm” adının) xüsusi bir mənası yoxdur. "Müaviyə” və "Haris” kimi bəzi adların isə mənaları vardır və cəmiyyətin o dövrdəki mədəniyyətinə aiddir. "Əbu-Bəkr”, "Osman”, "Ömər”, "Müaviyə”, "Əmr”, "Yəzid” və s. kimi adlar da bu qəbildəndir. Bu adların qoyulması həmin dövrlərdə çox geniş yayılmış və adət olmuşdur. Bu gün də ərəblərin yaşadığı ölkələrdə və bölgələrdə bu adlar xalq tərəfindən bəyənilir və insanlar öz övladlarına belə adlar qoyurlar. 9) Kərbəla hadisəsi və Bəni-Üməyyənin zülmlərindən sonra günbəgün şiə və digər mədəniyyətlər arasında müəyyən fərqlər meydana gəldi. Get-gedə şiə mədəniyyətində bir sıra adlar çox geniş yayıldı və bir sıra adlardan isə istifadə etmədilər. Şiələr sonrakı əsrlərdə öz övladlarına Peyğəmbər (s), Əhli-beyt (ə) və onların vəfalı səhabələrinin adlarını qoymağa çalışdılar. Onlar bununla bir növ dəyərləri diri saxlamaq istədilər. Bu, İmamların (ə) istiqamətləndirməsilə yaranan bir mədəniyyətdir. Bunun müqabilində, Peyğəmbər (s) və pak Əhli-beyt (ə) ilə açıq-aşkar düşmənçilik edən Əbu-Süfyan, Müaviyə, Yəzid kimi şəxslərin adları şiələrin övladlarına qoyduğu adlar sırasından çıxdı və bu adların qoyulması yavaş-yavaş tərk olundu. Əlbəttə, bu proses sonrakı dövrlərə aiddir. Beləliklə, adın qoyulması ictimai mədəniyyətdən qaynaqlanır və İmamların (ə), xüsusilə də Həzrət Əlinin (ə) dövründə o adların (Ömər, Osman, Müaviyə və s.) qoyulması hələ tərk olunmamışdı. Nə üçün Həzrət Əli (ə) oğlunun adını "Osman” qoydu? Burada Həzrət Əlinin (ə) öz oğlanlarından birinə "Osman” adını niyə verdiyini araşdıracağıq. Tarixi kitablarda qeyd olunmuş rəvayətə əsasən, Həzrət Əlinin (ə) ibadət etməkdə çox məşhur olan Osman ibn Məzun adlı bir dostu olub. İmam (ə) onu o qədər çox istəyirdi ki, oğlanlarından birinə onun adını qoydu. «إنّما سمَّیته عثمان، بعثمان بن مظعون أخی» "Oğluma, qardaşım Osman ibn Məzunun adını qoydum.” (Məqatilut-Talibin, səh. 55; Təqribul-Məarif, səh.294; Əbul-Fərəc İsfahani) Həzrət Əli (ə) Osman ibn Məzunu çox tərifləmişdir. O Həzrət (ə) Osman ibn Məzunun mədhində buyurmuşdur: «کان لی فیما مضی اخ فی الله، تعظمه فی عینی صغر الدّنیا فی عینه... » "Keçmiş zamanlarda mənim Allah yolunda (Osman ibn Məzun adlı) bir qardaş və dindaşım var idi ki, dünyanın onun gözündə kiçik olması, onu mənim gözümdə böyüdürdü. Qarnı ona hakim deyildi. Beləliklə, tapmadığı şeyi arzulamır, tapanda isə onu çox işlətmirdi. Günün çoxunu sakit idi(danışmırdı), danışanda isə danışanlara qalib gəlir (başqasının danışmasına yer qoymurdu) və soruşanların susuzluqlarını (elm suyundan olan moizə və öyüd-nəsihətlə) yatırdardı. (Allaha itaət və bəndəlik, xalqla səbrlilik nəticəsində) Zəifləmiş, əldən düşmüşdü və onu zəif sanırdılar. Amma (hər hansı bir işdə) səy və təlaş etmək zamanı çatanda qəzəbli aslan və çox zəhərli səhra ilanı (kimi) idi. (İşi mütləq yerinə yetirir və ya düşməni məğlub edirdi; biri ilə mübahisə edəndə səbrsizlik etməzdi). (Vaxtından qabaq)Qazının yanına gedənə kimi dəlil-sübut gətirməzdi (dəlilini qazının yanına getdikdən sonra açıqlayardı. Bu, insanın nəzər və düşüncəsinin düzlüyünə bir dəlildir); bənzərində bəhanə yeri tapdığı işlərdə, şəxsin üzr və bəhanəsini eşitməyincə heç kəsi məzəmmət etməzdi (və bu üsul, ədalət və insafın zərurətlərindəndir); sağalmayınca (düçar olduğu) xəstəlikdən (heç kəsə) şikayətlənməzdi (sağalandan sonra da şikayətlənmək üçün deyil, başına gələnlərdən xəbərdar etmək məqsədi ilə deyərdi). Dediyini edərdi və etməyəcəyini deməzdi (çünki düzlük və doğruluğu öz şüarı etmişdi). Əgər sözdə ona qalib gəlirdilərsə də, sükutda məğlub edə bilmirdilər onu.(Yersiz danışıq və söhbətlərdə sakit idi.) Danışmaqdansa, qulaq asmağa həris idi (faydalanmağı söyləməkdən üstün tutardı). Əgər qəflətən(düşünülmədən) ona iki iş üz tutsaydı, onların hansının nəfsi istəyə daha yaxın olmasına baxar və onunla müxalifət edərdi”. ("Nəhcül-bəlağə”, 289-cu xütbə.) Nəticə olaraq bunu qeyd etmək istəyirik ki, yalnız adların qoyulmasından çıxış edərək hökm çıxarmaq düzgün deyil. Həmçinin bir şəxsə ad qoymaq, həmin adamın hər hansısa bir şəxsə sevgi və ya nifrətinin olmasına dəlil ola bilməz. O ki, qaldı vəhhabilərin sualına yəqin ki, məqaləni oxuyan özü bu sualın cavabını artıq tapıb. Oxşar xəbərlər
|