Necə edək ki, qəlbimiz mələklərin məkanı olsun?
Qəlb - mələklərin məkanıdır. Ancaq rəzil sifətlər hürən it kimidir. Mələklər o evdə ki, it var, ora daxil olmazlar.
Üç şey şeytanın vəsvəsəsini aradan aparar: birincisi əlində olanı özündən bilməyəsən. İkincisi işlərinin rəhbərinin Allah olduğunu qəbul edəsən. Əgər yaxşı iş görsən, Allahdan olduğunu biləsən. Üçüncüsü isə bütün səylərini vacibatları yerinə yetirməyə və haramları tərk etməyə sərf edəsən. İnsan bunu bilməlidir ki, hər nəyi varsa, Allahdandır. Ona görə də hər an Allaha bu nemətlərə görə şükür etməliyik. Quran ayələrini və hədislərini araşdıran zaman görürük ki, hər bir məxluqun üzərində Xaliqin haqqı vardır. Həmçinin məxluqların da Xaliqin üzərində müəyyən haqları vardır. “Möminlərə daim kömək etmək - Bizim öhdəmizdə olan bir haqdır və vacibdir”. (“Rum” 47). “Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və mübadilə sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir”. (“Tövbə” 111). “(Bütün əsr və mühitlərdə) möminlərə bu cür - öhdəmizə götürdüyümüz kimi nicat veririk”. (“Yunus” 103). Hədislərə nəzər salaq. “Allahın üzərində o kəsə yardım etmək haqqı vardır ki, harama düşməkdən iffətini qoruyar, evlənər”. Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə vardır ki, Allahın onlara yardım etməsi lazımdır: Allah yolundan cihad edənə, azadlığı qarşısında malını vermək istəyən qula, o kəs ki, iffətini qorumaq üçün evlənər”. Allah həmişə insanların üzərinə düşən haqqını yerinə yetirmişdir. Ancaq biz insanlar Allahın nemətlərinin haqqını lazımlı qədər verə bilmirik, ona lazım olan qədər şükr etmirik. Bu qədər günah və səhv ilə Qiyamət günü Allaha nə cavab verəcəyik? “Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60). Ancaq biz insanlar bu dəvəti qəbul etmədik. Mirzə Cavad Məliki Təbrizi buyurur: “O zaman ki, biz bir insanla söhbət edirik, ona hörmət üçün sözlərinə qulaq asırıq. Bəs o zaman ki, Allah bizimlə söhbət edir, Ona bir insan qədər dəyər veririkmi?”. Namaz zamanı Allah bizimlə öz insan dilimizdə danışır. Ancaq bu zaman fikir və zehnimiz qarışıq olur. Diqqət etmədiyimiz tək şey - Allahdır. Hər bəhanə ilə olursa-olsun, namazımızı qurtarırıq, tez bir zamanda səccadəni tərk etməyə çalışırıq. Məsumlar (ə) buyurur ki, Allah əgər insanı bir günahına görə atəşdə yanıdırarsa, ona layiqdir. Ancaq Allah rəhmət qapısını açaraq biz günahkar bəndələrini özünə tərəf dəvət edir. Buyurur ki, Mənim rəhmətimdən ümüdsiz olmayın. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53). Allah bizləri həqiqi şükür edənlərdən qərar versin! (Deyerler.org) Oxşar xəbərlər
|