İxbat məqamına necə çatmaq olar?
Qurani-Kərim buyurur: “(Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil).
Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin İlahiniz – tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver”. (“Həcc” 34). Bu ayə ona şəhadət verir ki, keçmiş ümmətlər də qurban kəsərlərmiş və İslam dinində də bu hökmə əməl edilməlidir. Bu ayədə adı çəkilən muxbitlər o kəslərdir ki, vəhdətə meyil edirlər və ancaq Allaha itaət edirlər. Allah buyurur ki, müsəlmanlar da keçmiş ümmətlər kimi həcci yerinə yetirib, vahid olmalıdırlar. Həmçinin qurban kəsən zaman Allahın adını çəkməyi unutmasınlar. Bu yolla bütpərəstliyin kökü kəsilmiş olsar. Çünki Allah tək və yeganədir və heç kəs Ona şərik qoşula bilməz. O insanlar ki, Allahın qoyduğu bu qanunlara əməl edər və müti olar, Allah onları muxbit adlandırmışdır. Əslində Quran bu ayəsinin yardımı ilə belə bir qanunu hökm edir ki: - Ey bəşər insanları! Bilin ki, sizin məbudunuz tək və yeganədir. Ona görə də Allah Təalaya təslim olun. - Ey Allahın elçisi! Sən isə Allahın əmrləri qarşısında müti olanlara əbədi səadəti müjdə ver. - Hər kim həcc əməlini ixlas və təvazökarlıqla yerinə yetirər, ixbat məqamına çata bilər. Quranın nəzərinə görə muxbitlər o kəslərdir ki, bu dörd bəyənilən sifətə malik olsunlar: 1. O zaman ki, Allahın adı çəkilər, Allahın əzəməti qarşısında qəlbləri titrəyər və qəlblərində qorxu yaranar. 2. Məkruh və bəyənilməyən əməllərdən çəkinər və buna səbir edərlər. 3. Muxbit o kəslərdir ki, namazlarına xüsusi əhəmiyyət verər və onu vaxtında, bütün şəraitlərinə əməl edərək qılarlar. 4. Allahın onlara verdiyi nemətlərdən infaq edərlər, yəni infaq əhlidirlər. Əbu-Futuh Razi yazır: “Muxbitlər təvazö əhlidirlər. Qəlblərində qorxu olar və Allahın nuru qəlblərində nur saçar. Allahı zikr edən zaman qəlblərində haqqı təcəlli edərlər”. “Ruhul-bəyan” təfsiri muxbitlər haqqında yazır: “O kəslər ki, Allah qanunlarını yerinə yetirən zaman susarlar, onu pis əməl hesab etməzlər, bəlkə bütün qəlbləri ilə Ona təslim olarlar”. Muxbitlər nəinki həcci yerinə yetirənlərdir, əslində Allah əmrinə təslim olan və Onun əmrlərini müticəsinə yerinə yetirən insanların hamısı muxbit məqamına çatarlar. Xof və rəcaya söykənərək, Allaha ibadət edər və Onun tək olmasına qəlbləri ilə inanarlar. Ona görə də ixbat sözünün mənası insanın gücü çatdığı qədər itaətdə davamlı olmasıdır. Onun nişanələri – təvazökarlıq, kamil mitilikdir. Allah bizləri də muxbitlərindən etsin və bizi bu yoldan ayırmasın. /Deyerler.org/ Oxşar xəbərlər
|