Ayətullah Məkarim Şirazinin dini heyətlərə, xətib və məddahlara 14 tövsiyəsi
1. Xətib və məddahların çıxışları mötəbər sənədlər (Quran və sünnə) əsasında olmalıdır. Şeirlərin məzmununda İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin məqam və ləyaqətləri birmənalı olaraq qorunmalı, böyük qiyamın hədəfləri ictimaiyyət üçün açıqlanmalıdır.
2. Əhli-beyt imamları (ə) və digər böyük şəxslər haqqında mübaliğə, şişirtmə ehtimalı olan mətləblər dilə gətirilməkdən çəkinilməlidir. 3. Məddahlıq elm və hünərin sintezi olduğundan, sənətkar, təcrübəli və savadlı məddahlar tərəfindən gənc məddahlara lazımi təlimlər verilməlidir. 4. Moizə və məddahlıq məclislərində əzadarlığa xatir günaha “yaşıl işıq” yandırmaqdan çəkinməli, əvəzində təqva və dindarlığa dəvət edilməlidir. 5. Möhtərəm əzadarlara tövsiyə olunur ki, köynəyi çıxarmaq və soyunmaqdan (çılpaq bədənə sinə və zəncir vurmaqdan) çəkinsinlər. 6. Sinə və zəncir vurmaq “hüseynçilik” əlamətlərindəndir, odur ki, bədənə zərər vurmaqdan, onu yaralamaqdan çəkinilməlidir. 7. Xətiblər, məddahlar namaz vaxtlarına riayət etməli, namaz vaxtında namaz qılmaqdan başqa proqramları olmamalıdır. 8. Möhtərəm məddahların avazı əyləncə və fəsad məclislərinin ahənginə bənzəməməlidir. 9. Dəyərli əzadar heyətləri diqqət etməlidirlər ki, müəmmalı və gizli siyasətlərin əlində oyuncağa çevrilməsinlər. 10. Əhli-beytin (ə) ağır müsibətlərini imkan daxilində xatırlatmaqdan çəkinilməli, işarə və qısa məzmunla üzərindən keçilməlidir. 11. Məclislər camaatın, xüsusilə gənclərin yorğunluğuna, bezməsinə səbəb olacaq həddə uzadılmamalıdır. 12. Bu məclislərdə sənətkarların, yaşlıların, təcrübəlilərin hörməti gözlənilməlidir. 13. İmam Mehdiyə (ə.c.) eşq bütün məclislərdə ən əsas mövzu olaraq yaşadılmalıdır. 14. Hörmətli xətib və məddahlar sözlərinin qəlblərə hakim olması və –كُونُوا دُعاة لِلناسِ بِغَيْر اَلسِنَتِكُمْ – “İnsanları dilinizdən qeyrisi ilə (əməllərinizlə, əxlaqınızla) dəvət edin!” hədisinin nümunəsi olaraq, hər kəsin onlardan örnək götürməsi üçün İmam Hüseyn (ə) və yavərlərinin əxlaqını mənimsəmlədirlər. Şübhəsiz, bu möhtəşəm və böyük mərasimlər (yuxarıdakı şərtlərlə) İslam düşmənlərinin gözündə bir tikan, İslam və müsəlmanların güc amilidir. (Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.109-111.) (Maide.az) Oxşar xəbərlər
|