Bu 8 amili tanıyan, Allaha düzgün təvəkkül etməyə müvəffəq olar
Quranın nəzərinə görə, bir çox amillər təvəkkül etməyə gətirib çıxardır. Bu amilləri tanıyaq:
1. İnsanın özünün nə qədər zəlil biri olduğuna əminliyi. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O, isə əsla möhtac deyil)”. (“Fatir” 15). 2. Allahın hər şeyə qadir olduğuna əminlik. “Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir”. (“Ənam” 17). “Şübhəsiz, işlərin hamısı Allaha aiddir”. (“Ali-İmran” 154). 3. Yerin-göyün, həyatın Allah tərəfindən xəlq olmasına əminlik. “Buna görə də tezliklə (əzab nazil olanda və digər aləmdə) sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. (“Ğafir” 44). 4. Xəlq edən Allahdır. “De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar»”. (“Əhzab” 17). 5. Təvəkkül etməyi bir səadət kimi görmək. Allah Təala, təvəkkül barəsində buyurur: «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər». (“İbrahim” 12). 6. Bütün işlərin sonu Allaha qayıdır. “Göylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir”. (“Hud” 123). 7. Allah həqiqi Rəzzaqdır. “Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər”. (“Nəhl” 73). 8. Bütün hakimiyyət Allaha məxsusdur. “De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?». (“Muminun” 88). Hər kim Allaha təvəkkül edərsə, onun dostlarından olar. Dünya, Allahın hakimiyyəti altındadır, ona görə də hər bir işimizdə ona təvəkkül etsək, əslində qalib gələn biz olarıq. Çünki, Allahdan savayı heç kəsin belə bir qüdrəti yoxdur. (Deyerler.org) Oxşar xəbərlər
|