Axırəz-zamanın fitnələrindən necə amanda qalmaq olar?
Məhdəviyyat mövzusu elə mövzulardandır ki, Əhli-Beyt (ə) davamçılarının əsas əqidəsini təşkil edir. Hər kim Məhdəviyyata iman bəsləməz, bütün peyğəmbərlərin (ə) və İmamların (ə) vilayətini inkar etmiş hesab olunar.
İmam Həsən Əsgəri (ə) buyurur: “Mənim övladım o kəsdir ki, məndən sonra hüccət olacaqdır. Qeyb zamanı çox uzun olacaqdır. Qəlb qəsavəti meydana gələcəkdir. Ancaq o kəslərdən başqa ki, həqiqi muntəzirlərdir, imanları qəlblərində sabitdir və Allah ruhu ilə təsdiq olunmuşdurlar”. İmam Muhəmməd Baqir (ə), axəril-zamanda fitnələrdən uzaq qalmaq üçün bəzi tövsiyələr vermiş və buyurmuşdur: “İnsanlar üçün elə zaman gəlib çıxacaqdır ki, İmamları (ə.f) onların nəzərlərindən qaib olacaq. Xoş olsun o kəslərin halına ki, o zamanda bizim əməllərimizə sabit qalacaqlar”. Əməllərə sabit qalmaq nə deməkdir? İmam Həsən Əsgərinin (ə) də buyurduğu kimi axırəz-zamanda insanların qəlbi qəsavət bağlayacaq, halbuki, qəlb – imanın məkanıdır. Ancaq əgər qəlblər qəsavət bağlayarsa, o zaman iman orada sakin olan şeytanlara görə qəlbi tərk edər. İmam Baqir (ə) də buyurur ki, əgər qəlbinin qəsavət bağlamasını istəmirsənsə, bizim əməllərimizi yerinə yetirib, bizim sünnəmizə sabit qalmalısan. İmam (ə) buyurur ki, bu insanların ən az savabı o olacaqdır ki, Allah Təala onları belə çağıracaq: “Mənim bəndələrim ki, Mənə iman gətirmisiniz və Mənim qeybimi təsdiq etmisiniz. Sizə öz gözəl savabımı müjdə verirəm. Siz – Mənim həqiqi bəndələrim və kənizlərimsiniz. Sizin ibadətinizi qəbul edirəm və sizin təqsirlərinizdən keçirəm. Sizi bağışlayıram və sizə görə bəndələrimi yağışdan sirab edir və bəlanı onlardan uzaq edirəm. Əgər sizə xatir olmasaydı, əzabımı onlara nazil edərdim”. Allah Təala bizləri belə bəndələrdən qərar versin, inşəallah! /Deyerler.org/ Oxşar xəbərlər
|