‘Nəhl’ surəsini tilavət etməyin fəziləti
Qurani-Kərimin 16-cı surəsində yer alan “Nəhl” surəsi 128 ayədən ibarətdir. Bəzi təfsir alimləri surənin bütövlükdə Məkkədə nazil olduğunu desələr də, əksər təfsir alimlərinin qeydlərinə görə, surənin bəzi ayələri Məkkədə, bəziləri isə Mədinədə nazil olmuşdur.
Ümumiyyətlə, tövhid və məadın dəlilləri, ədalət, ehsan, hicrət, cihad hökmləri, müşriklərin hədələnməsi, zülm və günahın, əhdi pozmağın, bidətlərin, şeytani vəsvəsələrin qadağası, Quran oxunan zaman Allaha pənah aparmaq, Allaha iman gətirib təvəkkül edənlərin üzərində şeytanın hakim olmaması, murdar olmuş ətin, qanın, donuz ətinin və Allahdan qeyrisinin adı ilə kəsilənlərin haram olması və ilahi nemətlərin zikri sözügedən surənin möhtəvasını təşkil edir. Surədə bi çox ilhahi nemətlərin adı çəkildiyindən, onun başqa bir adı da “Niəm”dir (nemətlər). Surənin müxtəlif ayələrində adı çəkilən nemətlər bunlardır: “səma, yer, dördayaqlılar, libas, heyvanların faydası, ət, gözəllik, nəqliyyat, hidayət, su, otlaq, meyvələr, gecə-gündüz, günəş və ay, ulduzlar, yerin rəngarəng nemətləri və varlıqları, dəniz və onun cəvahiratı, gəmilərin hərəkəti, dağlar, çaylar, yollar, təbii əlamətlər, ulduzlar vasitəsi ilə yolu təyin etmək, yer üzünün yaşıl örtüyü, xalis süd, meyvədən hazırlanmış nemətlər, bal, zövcə, övladlar və nəvələr, ruzi, qulaq, göz, ağıl və ruh, sabit məskən, səyyar məskən, müxtəlif örtüklər, kölgə, mağara, insanı isti-soyuqdan qoruyan libaslar, zireh...” Peyğəmbəri-Əkrəmdən (s) bu surənin fəziləti haqda belə nəql olunur: من قراها لم يحاسبه الله تعالي بالنعم التي انعمها عليه في دار الدنيا “Bu surəni oxuyan kəsdən Allah-Taala bu dünya evində ona bəxş etdiyi nemətlərin hesabını çəkməz.” (“Məcməul-bəyan”, 6-cı cild, səh.347.) Aydındır ki, ilahi nemətlərin bir qismini ehtiva edən “Nəhl” surəsini təfəkkür və əməllə yanaşı tilavət edən, sonra da nemətləri bəxş edən Allaha şükür edən şəxs hər bir nemətdən düzgün şəkildə istifadə etməyə çalışacaq. Təbii ki, nemətdən düzgün istifadə edən kəs qiyamət günü sorğu-suala tutulmayacaq! (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 11-ci cild, səh.148-150.) Maide.Az Oxşar xəbərlər
|