Minnətlə yardım etməkdənsə, sadəcə xoş söz demək daha üstündür
“Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir”. (“Bəqərə” 263).
İslam dini insanların heysiyyət və şəxsiyyətinə çox böyük əhəmiyyət verir. Allah yanında o kəslər daha sevimlidir ki, insanların sirlərini ifşa etmir və insanlarla xoş dillə danışır. Lakin o kəslər ki, ehtiyacı olanlara təkəbbür və minnətlə yardım edir və abırlarını aradan aparır, şəxsiyyətlərini alçaldır – bu insanlar Allah yanında sevilmirlər, əksinə Allahın qəzəbinə tuş gəlirlər. Çünki bu insanlar fayda verməkdən çox, ziyan və zərər vurarlar. Verdikləri sədəqənin savabını da aradan apararlar. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman hacəti olan sizdən bir şey istəsə, sözünü kəsməyin ki, bütün demək istədiklərini deyə bilsin. Sonra vüqar və ədəblə onun cavabını verin. O şeyə ki, qüdrətiniz var, ixtiyarında qoyun, ya da layiqli şəkildə onu qaytarın. Çünki ola bilər ki, sizə sual verən mələk olsun ki, sizi imtahan etmək üçün vəzifələndirilmişdir. Görmək istəyir ki, Allahın sizə əta etdiyi nemətlər qarşısında necə əməl edirsiniz”. Yuxarıdakı ayənin sonunda oxuyuruq ki, Allah ehtiyacsız və həlimdir. Allah bu nurani sözlərlə bildirmək istəyir ki, bəşər tüğyan edən və üsyankardır. Vəzifə və sərvətə çatan zaman özünü ehtiyacsız hiss edər. Bəzən də buna görə yoxsullara və dilənçilərə xoşagəlməz sözlər deyir. Halbuki, həqiqi ehtiyacsız olan ancaq Allahdır. Bəşərin ehtiyacsızlığı fanidir. Ona görə də təkəbbür və üsyana gətirib çıxartmamalıdır. Bütün bunlara baxmayaraq, Allah yenə də həlimdir. İmanlı insanlar da gərək Onun kimi həlim olsunlar. Allah hər bir insanın verdiyi infaqdan ehtiyacsızdır, əslində bu infaqlar sizin özünüzə xeyir və fayda verər, Allaha heç bir faydası olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər dilənçi sizin yanınıza gəlsə, bu iki yoldan birinə əməl edin: ya bacardığınız qədər ona yardım edin, ya da layiqli şəkildə onu yola salın. Əgər malınızla insanlara əl tuta bilmirsinizsə, əxlaqınızla tutun”. Yuxarıdakı ayədən çıxartdığımız nəticələr: 1. Yoxsulun abır və həyası onun ac qarınından daha üstündür. 2. Yoxsul insanı sevgi ilə həyatını təmin edə biləcək işlərə tərəf hidayət edin. 3. İnfaq gərək gözəl əxlaqla bir yerdə olsun. 4. Dilənçi ilə xoş danışmaq ona təskinlik verər və inkişaf etməsinə səbəb olar. Halbuki, minnətlə verilən sədəqədə bu xüsusiyyətlər yoxdur. 5. Əgər dilənçi ağır həyatına görə sizinlə kobud rəftar edərsə, onu bağışlayın. 6. Allah yoxsula edilən əziyyətə mütləq cavab verər, ancaq səbirlə. Oxşar xəbərlər
|