Qurani-Kərim insan üçün 3 şeyi rahatlıq mənbəyi kimi tanıdır
Subay olmaq və evliliyə qarşı laqeydlik - bu gün bəşərin ən çox düçar olduğu bəlalardan biridir. Ona görə də cəmiyyətlərindən bir çoxu qocalmağa doğru gedir. Gələcəyə olan ümidləri solmuş olur. Nəhayət cəmiyyət zəifləyir və məhv olur.
Ona görə də bu mühüm mövzuya diqqət etmək hər birimizin vəzifəsidir. Hər birimiz cavanlarımızın ailə qurmasına qarşı həssas olmalı və onları bu işə təşviq etməliyik. Lakin bu yolda düzgün qərarlar çıxardıb, sonradan peşman olmamaq üçün məntiqlə seçim etmək lazımdır. Ailə qurmaq hər bir insanın həyatında mühüm qərarlardan biridir. Əgər insan təfəkkür edərək və olduğu şəraiti nəzərə alaraq seçim edərsə, ailə həyatı rifah içində keçər. Ailə quran hər bir insan bilməlidir ki, bir insanın bütün şəxsiyyətini və batinini tanımaq mümkün deyildir. İkincisi isə hər bir insanın zəif cəhətləri olur və heç kəs eybsiz deyildir. Ona görə də evlilik meyarında gərək bu nöqtələri də nəzərə alsın. Qurani-Kərim 3 şeyi insanın rahatlıq mənbəyi kimi tanıtmışdır: 1. Gecənin qaranlığı. “O, gecəni rahatlanma mənbəyi, Günəş və Ayı (düzgün və dəqiq) hesablama üçün vasitə etmişdir”. (“Ənam” 96). İnsan gündəlik işlərdən sonra yorulur və gecəni istirahət etmək üçün yatağına gedir və bədən bu zaman əvvəlki enerjisini qaytarmaq üçün istirahət edir. İnsan yatıb durandan sonra daha gümrah olur və daha sağlam düşünmək qabiliyyətinə malik olur. 2. Məskunlaşdığın ev. “Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi”. (“Nəhl” 80). 3. Həyat yoldaşı. “Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir”. (“Rum” 21). Allah həyat yoldaşını insan üçün rahatlıq mənbəyi qərar vermişdir. Çünki onlar bir-birini tamamlayarlar. İnsan əgər evliliyi tərk edərsə, bir çox cismi və psixoloji xəstəliklərə düçar olar. İnsanların evlilik çağı keçdikcə, ailə həyatına qarşı daha laqeyd olurlar. Bu zaman ruhi balanslarını əldən verir və bir çox ruhi xəstəliklərə düçar olurlar. Halbuki, dinimiz buyurur ki, hər bir qadın və kişiyə vacibdir ki, ailə qursun və düzgün meyarlar əsasında öz gələcək həyat yoldaşını seçsin. Bu zaman ömrü səfa içində keçər. İslam dini buyurur ki, həyat yoldaşı seçən zaman ilk meyar İslam və iman olmalıdır. Hər iki cüt gərək eyni əqidədə olsun. Əks halda çox sayda çətinliklə üzləşəcəklər. Əgər qarşı tərəfi dinə gətirmək məqsədilə evlənmək istəyirsinizsə, o zaman bu işi evlilikdən əvvəl görməlisiniz. Çünki ailə həyatı oyuncaq deyildir. Əgər belə olmazsa, evlilik zamanı bu fərqlər sizin ailə həyatınızı zülmətli və əziyyətli edər. Quranın bəyan etdiyi başqa bir meyar isə həyat yoldaşının itaətkar və təvazökar olmasıdır. Gərək hər iki tərəf təvazökar olsun, çünki belə olmazsa, heç biri fədakarlıq etməyə hazır olmaz. Kiçik bir mövzu böyüyüb böyük bir problemə çevrilər. Nəticədə isə ailə bünövrəsi sarsılar. Başqa bir meyar isə hər iki tərəfin bir-birini sevməsidir. Yəni hər iki tərəf gərək bir-birinə həm ruhən və həm də qəlbən bağlansın. Bəzi ailələr bu meyarı arxa plana atırlar və onlar üçün maddi meyarlar daha irəlidə gəlir. Lakin onlar qafildirlər ki, maddiyyat elə bir şeydir ki, ömrü qısadır, bu gün var, sabah yoxdur. Lakin əgər qarşılıqlı sevgi olmazsa, belə bir ailənin ömrü uzun olmaz. Həyat yoldaşları bir-birinə sevgi bəslədikləri kimi, həm də bir-birinin dostu və həmdəmi olmalıdır. Beləliklə, deyə bilərik ki, bir insan üçün ən böyük rahatlıq mənbəyi – həyat yoldaşıdır. Həyat yoldaşını seçən zaman İslam dininin buyurduğu meyarlara diqqət edək və düzgün seçim etməyə çalışaq. /Deyerler.org/ Oxşar xəbərlər
|