Əmanətin növləri. Əmanətlə davranış qaydaları
Məsumlarımız (ə) həmişə əmanətə sadiq olmaq və düz danışmağı sevən insanlar olmuş və insanları da ona əməl etməyə həvəsləndirmişdilər.
“Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir”. (“Nisa” 58). İmam Sadiq (ə) buyurur: “Allah elə bir peyğəmbəri məbus etməmişdir, məgər o halda ki, düz danışan və yaxşı ilə pisin əmanətini əda edən olsun”. İmam Baqir (ə) buyurur: “Allah üç şeyin tərk edilməsi icazəsini heç kəsə verməmişdir: onlardan biri də əmanəti rədd etməkdir, istər yaxşı insan olsun, istərsə də pis insan”. İmam Əli (ə) buyurur: “And içirəm ki, Peyğəmbər (s) vəfat edən zaman ondan üç dəfə bu sözü eşitdim ki, buyurur: “Ey Əli! Əmanəti yaxşıya və pisə qaytar, istər az olsun, istərsə də çox, hətta ip və iynə olsa belə””. Əmanətin növləri: İlahi əmanət. “Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi”. (“Əhzab” 72). Tapşırılmış mal. Burada əmanət dedikdə o mal və ya əşya nəzərdə tutulur ki, başqasına saxlaması üçün əmanət verilir. O, gərək bu əmanəti ən yaxşı şəkildə saxlayıb, sonra da təslim etsin. Allah Özü ən yaxşı əmanətdar, hər bir çirkinlikdən pakdır. Ona görə də Allah insanları da bu fəzil sifətə əməl etməyə dəvət edir və buyurur: “Əgər sizdən kimsə digər birinə inansa (və girov almasa), gərək inanılan şəxs əmanətini (borcunu) qaytarsın və Rəbbi olan Allahdan qorxsun”. (“Bəqərə” 283). İmam Əli (ə) buyurur: “Əmanətdarlıq və vəfadarlıq (əməlin) düz olmasıdır, yalan və böhtan isə dediklərinizə xəyanətdir”. İmam (ə) yenə buyurur: “Davamlı olaraq düz danışan və əmanətdar ol ki, o ikisi yaxşıların yoludur”. İmam Sadiq (ə) buyurur: “Allahdan qorxun və hər kim sizi əmin bilsə və sizə əmanət tapşırsa, əmanətini qaytarın”. Əmanətin faydaları. 1. Allahı razı salmaq. “O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər. O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir. O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar. Məhz onlar (ali və xoşagələn) cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. (“Məaric” 32-35). İmam Əli (ə) buyurur: “Nə zaman Allah bəndəsini sevər, əmanətdarlığı gözündə sevimli edər”. 2. İnsanların etimadını cəlb edər. Əmin insan həmişə başqalarının etimadını qazanar. İmam Sadiq (ə) buyurur: “İnsanların çoxlu namaz və orucundan aldanmayın. Çünki ola bilsin ki, kimsə bu işə adət etsin və tərk etməsi onun üçün çətin olsun. Bəlkə düz danışmaq və əmanətdarlıq ilə insanları ölçün və imtahana çəkin”. 3. Ruzi artar. Əmin insan daima İlahi rəhmətə şamil olar. Ona görə də heç bir zaman ruzi cəhətdən əziyyət çəkməz. Həzrət Peyğəmbər (s) buyurur: “Əmanətdarlıq ruzini cəlb etmək mənbəyi və xəyanət yoxsulluq mənbəyidir”. İmam Əli (ə) buyurur: “Hər kəsin İlahi vəzifəsi əmanətdarlıqdır. Hər kim əmanətdarlıq etməzsə, zərər edər və məqsədə çatmaz”. /Deyerler.org/ Oxşar xəbərlər
|